Məhkəmə qərarları › İş №2(043)-134/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-134/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-134/2022 18.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh2 qarşı “kirayə müqaviləsinə dəyişiklik edilməsi və evdən istifadə hüququna xitam verilməsi, əşyaların evdən çıxarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi təyinatlı yaşayış sahəsinə verilmiş 3/5 nömrəli kirayə müqaviləsinə dəyişiklik edilməklə cavabdeh Qasımova (Səlimova) Fərqanə Ələkbər qızının adının kirayəçinin, yəni onun ailə üzvləri siyahısından çıxarılmaqla cavabdeh Səlimova (Qasımova) Fərqanə Ələkbər qızının ona məxsus xüsusi təyinatlı yaşayış sahəsində yaşamaq hüququna xitam verilməsi və cavabdehə məxsus əşyaların həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Səlimova (Qasımova) Fərqanə Ələkbər qızı ilə 2006-cı ildə ailə həyatı qurub evlənmiş, nikahlarını isə 17 aprel 2007-ci il tarixdə Kəlbəcər rayon Qeydiyyat şöbəsində 106 saylı qeydlə rəsmiləşdirmişlər. Birgə nikahdan uşaqları olmamışdır. Cavabdeh gəlin kimi onun məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Gəncə şəhərində X3 3 saylı yataqxanasına köçmüşdür. Orada o və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. Dövlətqaçqınkomun nümayəndələri tərəfindən digər məcburi köçkün ailələri kimi onları da gələcəkdə tikiləcək evlərdən mənzil verilməsi məqsədilə müvafiq qeydiyyata almışlar. 2014-cü ilin fevral ayında onlara Gəncə şəhərində məcburi köçkünlər üçün yeni salınmış beşmərtəbəli 3 saylı binanın 2 otaqlı 5 saylı mənzili verilmiş və onlar həmin mənzilə köçərək birlikdə yaşamağa başlamışlar. 2014-cü ilin mart ayının 27-də Dövlətqaçqınkom ilə onun arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə onlara ikiotaqlı mənzil verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndində cavabdeh X2 adı kirayəçinin (onun) ailə üzvü kimi qeyd olunmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikahları pozulmuşdur. Həmin vaxtdan cavabdeh onun ailə üzvü hesab edilmir. Onların nikahlarının pozulmasına və cavabdehin onun ailə üzvləri siyahısından çıxmasına baxmayaraq, bugünkü günə kimi Dövlətqaçqınkomla onun arasında bağlanılaraq ona verilmiş xüsusi təyinatlı evdən istifadə edir. O, yenidən evlənmiş, cavabdeh isə ərə getmişdir. Artıq hər iksinin ailə üzvləri dəyişib. O, ərə getdiyindən artıq sözügedən mənzildə yaşamır, həmin mənzildən istifadə etmir. Bundan əlavə o, məcburi köçkün olmayan şəxslə ailə həyatı qurduğundan onun məcburi köçkün statusu ləğv edilmişdir. Bununla da o, məcburi köçkünlər üçün müəyyən edilmiş imtiyazlardan məhrum edilmişdir. O, məcburi köçkünlərə təyin olunmuş imtiyazlardan məhrum edildiyindən, o, məcburi köçkünlər üçün verilmiş evdən də çıxarılmalıdır. Cavabdeh uzun müddətdir ki, sözügedən mənzildə yaşamır və həmin mənzil üçün hər hansı bir komunal xidmət ödəməmişdir. O, ürəyi istəyən vaxt, ayda-ildə bir dəfə evə gəlib-gedir, o, gəlib-getməklə, eyni zamanda 2 oltaqlı mənzilin 1 otağını zəbt etməklə onun bütün hüquqlarını pozur. Ona əsas kirayəçi kimi mənzildən normal istifadə etməyinə maneçelik törədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan 14.03.2014-cü il tarixli, 3/5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaşqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (kirayəyə verən) ilə İddiaçı (kirayəçi) arasında Gəncə şəhərində Yeni Qəsəbə, bina 3-də yerləşən 5 saylı mənzilə dair kirayə müqaviləsi bağlanmışdır və müqavilədə X1 ailə üzvü kimi qeyd olunmuşdur. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı, (əri), uşaqları və valideynləri; habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyətli olmayan kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsinə köçürmək hüququna malikdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri bu Müqavilə üzrə Kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 14.01.2015-ci il tarixli 2(040)- 55/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 17.04.2007ci il tarixdə Kəlbəcər rayon VVADQ şöbəsində 106 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı ilə X7 ilə 03.08.2019-cu il tarixdə nikaha daxil olmuş, onların birgə nikahlarından 06.03.2020-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının istifadəsinə verilmiş mənzildən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair həmin Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdirili və ailə tərkibi 1 nəfərdən ibarət olanlara 1 otaq, ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara 2 otaq verilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 17.04.2007-ci ildə nikaha daxil olmuşdur. Onların nikahlarından uşaqları doğulmamışdır. Sonradan onların şəxsi münasibətləri pisləşmiş və nəticədə aralarında olan nikah məhkəmənin 14.01.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Gəncə şəhəri, Kəlbəcər qəsəbəsi bina 3-də yerləşən 5 saylı 2 otaqlı mənzil 14.03.2014-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında iddiaçının və onun ailə üzvünün (cavabdehin) sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilədə cavabdeh kirayəçinin ailə üzvü kimi qeyd olunmuşdur. İddiaçı və cavabdeh birlikdə həmin mənzilə köçüb yaşamışlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Hazırda iddiaçı cavabdehin artıq onun ailə üzvü olmadığı, onun həmin evdə yaşamasına ehtiyacı olmadığı və məcburi köçkün olmayan şəxslə ailə həyatı qurmaqla, məcburi köçkünlər üçün təyin olunmuş imtiyazlardan məhrum edilməsinə əsaslanaraq, cavabdehin sözügedən mənzildən istifadə hüququna xitam verilməklə, mənzildən əşyalarının çıxarılmasını tələb edir. Məhkəmə, iddia tələbinin “cavabdeh Cavabdeh2 qeyd edilən mənzildən istifadəyə ehtiyacının qalmadığı” əsasına münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin məzmunu, habelə məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edildi ki, cavabdeh mübahisə predmeti olan mənzilə hələ də gedib-gəlir, yəni cavabdehin həmin mənzildən ehtiyacı aradan qalxmamış, həmçinin onun əşyalarının bir hissəsi hazırda da həmin mənzildə qalmaqdadır və onun daimi olaraq başqa yaşayış yeri yoxdur. İddiaçı cavabdehin özünə daimi olaraq başqa yaşayış yeri seçməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı cavabdehin məcburi köçkün olmayan bir şəxs ilə ailə həyatı qurduğunu və bu səbəbdən məcburi köçkün sayılmadığını bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 başqa bir şəxslə rəsmi olaraq nikaha daxil olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı ilə nikahları pozulmuş olsa belə aradabir mübahisəli mənzilə gedib-gəlməsi, ona məxsus əşyaların bir hissəsini həmin mənzildə saxlaması onun mənzil ilə əlaqəsini kəsməməsini göstərir. Mənzil Məcəlləsinin 68.4-cü maddəsində qeyd olunur ki, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxsa belə qanuni əsaslarla həmin yaşayış sahəsindən istifadə edirsə, o, kirayəçiyə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normasına əsaslanaraq hesab edir ki, Cavabdeh2 iddiaçının ailə üzvləri tərkibindən çıxmış olması onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə və əşyalarının həmin mənzildən çıxarılmasına əsas vermir. Bundan başqa, iddiaçı iddia tələbində cavabdehin uzun müddətdir sözügedən mənzil üçün hər hansı bir komunal xidmət ödəmədiyini, yəni öhdəliklərinin icra etmədiyini əsas gətirərək onun mənzildən istifadə hüququna xitam verilməsini tələb etsə də, məhkəmə hesab edir ki, qeyd edilən dəlillərlə iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Mənzil Məcəlləsinin 82.4.1-ci maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə yol verilir. Həmçinin, Azərbaycan Respublikası Qaşqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (kirayəyə verən) ilə İddiaçı (kirayəçi) arasında bağlanılmış 14.03.2014cü il tarixli, 3/5 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.4-cü maddəsində də qeyd edilmişdir ki, kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmədikdə və s. hallarda müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi, kirayəçi və ya onun ailə üzvü kommunal xidmətlərə görə haqq ödəmədikdə yalnız kirayəyə verən, yəni Azərbaycan Respublikası Qaşqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti kirayə müqaviləsinin ləğv edilməsi və s barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti və Cavabdeh2 qarşı “kirayə müqaviləsinə dəyişiklik edilməsi və evdən istifadə hüququna xitam verilməsi, əşyaların evdən çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti və Cavabdeh2 qarşı “kirayə müqaviləsinə dəyişiklik edilməsi və evdən istifadə hüququna xitam verilməsi, əşyaların evdən çıxarılması” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar