Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1358/2020 03.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Gəncə şəhərinin Kəpəz rayonunun S.Ruhulla küçəsində yerləşən 73/5 nömrəli evin 4 saylı mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, Gəncə şəhərinin Kəpəz rayonunun S.Ruhulla küçəsində yerləşən 73/5 nömrəli evin 4 saylı mənzili ona məxsusdur. Cavabdeh evin keçmiş sakinidir. O, həmin şəxsi tanımır və cavabdeh onun mülkiyyət hüququnu pozur. Cavabdeh faktiki olaraq onun evində yaşamasa da, formal olaraq onun evində qeydiyyatda olduğundan kommunal xidmətlərə görə məcbur olub artıq pul ödəyir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. İddiaçı iddia ərizəsində qeyd olunlarla eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının təşəbbüsü ilə dəvət olunmuş şahidlər: Şahid1 bildirdi ki, iddiaçıya məxsus evin keçmiş sahibidir. 2019-cu ilin sentyabrında evi iddiaçıya satmışdır. Cavabdeh onun evində qeydiyyatda olan şəxsdir və 2018-ci ildən Özbəkistana köçmüşdür. Köçməmişdən əvvəl onun əri x2 etibarnamə vermişdir ki, evin alqı-satqısı və qeydiyyat məsələrini həll etsin. Şahid2 bildirdi ki, iddiaçı ilə qonşuluqda yaşayır. Cavabdeh Özbəkistana köçmüşdür və iddiaçıya məxsus evdə yaşamır. İş materiallarına əlavə olunmuş: 24.09.2019-cu il tarixli, AN – İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şahid1 Kəpəz rayonunun S.Ruhulla küçəsində yerləşən 73/5 nömrəli evin 4 saylı mənzili 38000 manata İddiaçı satmış, həmin müqavilənin 8-ci bəndinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad olunmuş əmlak verməyi öhdəsinə götürmüşdür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, S.Ruhulla küçəsi, ev 73/5, mənzil 4-də yerləşən mülk tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15.10.2019-cu il tarixdə 15 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə izahatları dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş materiallarına əlavə olunmuş və yuxarıda adı çəkilən çıxarışdan göründüyü kimi Gəncə şəhərinin Kəpəz rayonunun S.Ruhulla küçəsində yerləşən 73/5 nömrəli evin 4 saylı mənzili İddiaçı xüsusi mülkiyyətidir. İddiaçı tərəfindən ev alındıqdan sonra cavabdeh həmin mənzildə yaşamamış, həmin mənzili könüllü olaraq tərk edib özünə başqa yaşayış sahəsi seçmiş, lakin formal olaraq həmin evdə qeydiyyatda qalmışdır. Mənzilin özgəninkiləşdirilməsi və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə cavabdeh evə olan istifadə hüquqları da daxil olmaqla, bütün hüquqlarını itirmişdir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh Gəncə şəhərinin Kəpəz rayonunun S.Ruhulla küçəsində yerləşən 73/5 nömrəli evin 4 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x4 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-1358/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1358/2020
03.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver