Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1472/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 1-ci döngə, 1 saylı binanın, ev 4 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 45,4 m2 olan, 2 otaqlı mənzil DƏDRX-nin Gəncə ərazi İdarəsinin “MA 0079821” saylı çıxarışına əsasən xx.xx.2010-cu il tarixdən onun xüsusi mülkiyyətindədir. Cavabdehlərlə əvvəllər hər-hansı bir tanışlıq və ya əlaqəsi olmamışdır, onları tanımır. Cavabdehlərin ona məxsus mənzildə pasport qeydiyyatında qalmaları əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu da onun şəxsi büdcəsinə təsir edir. Hesab edir ki, o mülkiyyətçi olaraq mülkündən istədiyi kimi istifadə etmək, ona dair sərəncam vermək kimi hüquqları məhdudlaşdırılmışdır. Cavabdehlərin ona məxsus mülkdə formal qeydiyyatda olmaları onun mülkiyyət hüququnun demək olar ki, şərti xarakter almasına səbəb olmuşdur. Buna görə də dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququnun pozulmasının qarşısını almaq üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar, qeydiyyatda olduğu ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Cavabdehlərin faktiki yaşadıqları yer məlum olmadığından məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. İddiaçı onun qonşusudur. Təxminən 10 ildir ki, iddiaçı həmin mənzildə yaşayır. İddiaçıdan əvvəl həmin mənzildə iş üzrə Cavabdeh1 və onun oğlu Cavabdeh2 yaşamışdır. Mənzilin satılması ilə əlaqədar olaraq cavabdehlər mübahisəli mənzildən özlərinə başqa yaşayış yeri seçərək köçüb getmişdirlər. Mənzil satıldıqdan sonra cavabdehlərin həmin mənzilə gəlmələrinin şahidi olmamışdır. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 120-3319Q-3220 nömrəli xx.xx.2020-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, cavabdehlərin ünvan 3, mənzil 4 ünvanından pasport qeydiyyatından çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 4 nömrəli mənzil xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, cavabdehlər ünvan 3, mənzil 4 ünvanda qeydiyyatdadırlar. Cavabdehlərin mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri x xxxxxxxx 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in x xxxx 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Mübahisəli mənzildən cavabdehlərin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Məhkəməbaxışındamüəyyənedilmişdirki, X3 rayonu, Nəriman Nərimanov küçəsi, 1-ci döngə, ev 1, mənzil 4 Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindənn çıxarışa əsasında İddiaçı xüsusi mülkiyyətindir.İddiaçı tərəfindən mənzil alındıqdan sonra cavabdehlər həmin mənzildə yaşamamış, lakin formal olaraq mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmışdırlar. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamaları və mənzillə olan bütün əlaqələrini kəsmələri, onların özlərinə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehləri iddiaçıya məxsus olan mənzildən istifadə hüquqlarının saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanda yerləşən, İddiaçı məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X3 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1472/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1472/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver