Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1505/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X5 məxsus olmuş 0,19 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X8 12.12.2010-cu il tarixdə vəfat etmiş, qardaşı Arif ailə qurmamış, ondan başqa bacı və qardaşı yoxdur. Ata və anası qardaşı Arifdən daha əvvəl vəfat etmişlər. Qardaşı Arifin ölümündən sonra Göygöl rayonunun Pənahalılar kəndində yerləşən 0,19 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsini idarə etmiş, bu gün də mübahisəsiz olaraq onun istifadəsindədir. O, birinci qrup əlil olduğundan oğlu X6 miras torpaq sahəsini idarə edir. Miras qalmış torpaq sahəsinin onun adına qanun üzrə vərəsəlik qaydasında keçirilməsi üçün mirasın açıldığı və torpaq sahəsinin yerləşdiyi Göygöl rayon Notariat Kontoruna müraciət etmiş, ancaq mirasın açılmasından 10 ildən artıq müddət keçməsi səbəbindən notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Mirasın onun istifadəsində olması mübahisəsizdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, bildirdi ki, o və qardaşı Alıyev Arif ailədə iki uşaq olublar. Arif ailə qurmayıb və uşağı olmayıb. Anası 1981-ci ildə, atası isə 2015-ci ildə vəfat etmişdir. O, Gəncə şəhərində qeydiyyatda olsa da 2003-cü ildən Göygöl rayonunun Pənahlılar kəndində yaşayır və təsərrüfat işləri ilə məşğul olur. Qardaşı Arif 2010-cu ildə vəfat edib. Qardaşının yeganə vərəsəsi odur, başqa qardaş və bacıları yoxdur, valideynləri isə vəfat edib. Özü birinci qrup əlil olduğu üçün təsərrüfatı oğlu onun əvəzinə idarə edir. Bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Maraqlı şəxs Göygöl rayonu Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: AZ-İ seriyalı, 975778 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 dekabr 2010-cu il tarixdə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.04.2022-ci il tarixli arayışdan görünür ki, X8 21 sentyabr 1964-cü il tarixdə Göygöl rayonunun Pənahlılar kəndində anadan olmuşdur. Bu barədə 23 sentyabr 1964-cü il tarixdə Göygöl rayonunun Çaylı kənd icra nümayəndəliyində 54 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X9, anası X3r. AZ-İ seriyalı, 835075 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23 sentyabr 1981-ci il tarixdə ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. AZ-İ seriyalı, 835074 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 03 may 2015-ci il tarixdə qəfləti koronar ölüm səbəbindən vəfat etmişdir. АЗ seriyalı, 160965 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1962-ci il tarixdə doğulmuşdur. X2, anası X3r. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsindən verilmiş 020200 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi müddətsiz İ qrup əlildir. Göygöl rayon Notariat Ofisinin 13 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi qanunla nəzərdə tutulmuş mirasın qəbul müddəti ötürüldüyündən məhkəməyə müraciət olunması izah olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 127A nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 06 iyun 1997-ci il tarixli qərarı ilə 0,19 ha torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Pənahlılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 mart 2022-ci il tarixli arayışdan görünür ki, X8 12 dekabr 2010-cu il tarixdə vəfat etmiş və ölənədək Göygöl rayonunun Pənahlılar kəndində qeydiyyatda olub yaşamış, ailə qurmamışdır. Öldükdən sonra onun ailə üzvlərindənqardaşı Ərizəçi qalmışdır. Göygöl rayon Qeydiyyat Şöbəsindən verilmiş 01 aprel 2022-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X4 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Pənahlılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 may 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 2003-cü ildən Göygöl rayonu Pənahlılar kəndində yaşayır və mərhum qardaşı X5 məxsus Göygöl rayonu Pənahlılar kəndində olan JN-127A Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0,19 ha həyətyanı torpaq sahəsini onun ailəsi istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. m 307.2.9) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə ikinci növbədə - ölənin bacıları və qardaşları daxildir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən normaların tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, ərizəçi qardaşı X4 ölümündən sonra miras qalmış əmlaka, yəni torpaq sahəsinə sahiblik və idarəçiliyi həyata keçirmişdir. X1 birinci növbə vərəsələri sağ olmadığından onun qardaşı Ərizəçi miras qoyanın ikinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin izahatı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada (notarius tərəfindən) müəyyən edilməsi imkanı mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 mülkiyyətində olmuş, Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,19 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X4 mülkiyyətində olmuş, Göygöl rayonunun Pənahlılar kəndində yerləşən 0,19 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1505/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1505/2022
08.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver