Məhkəmə qərarları › İş №2(043)-1508/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1508/2020

03.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1508/2020 03.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh adına olan, Gəncə şəhərinin Kəpəz rayonunun 1-ci mikrorayonunda yerləşən 4 nömrəli binanın 45 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, Gəncə şəhərinin Kəpəz rayonunun 1ci mikrorayonunda yerləşən 4 nömrəli binanın 45-ci mənzilində qeydiyyatda olsa da, müvəqqəti olaraq Gəncə şəhərinin Kəpəz rayonunun Rafael Əsədov küçəsində yerləşən 4 nömrəli evdə yaşayır. Qeydiyyatda olduğu ev onun xüsusi mülkiyyətində olmuşdur. Arvadı 19 ildir ki, vəfat etmişdir. 10 il olar ki, insult keçirtmişdir. Bundan istifadə edən oğlu Cavabdeh vəsiyyətnamə almaq adı ilə onu aldadıb Gəncə şəhərinin Kəpəz rayonunun 1ci mikrorayonunda yerləşən 4 nömrəli binanın 45-ci mənzilini öz adına keçirtmişdir. Hazırda cavabdeh onu həmin mənzildən çıxarıb şəraitsiz vəziyyətdə olan Gəncə şəhərinin Kəpəz rayonunun Rafael Əsədov küçəsində yerləşən 4 nömrəli evə qoymuşdur. Cavabdeh ona baxmır, öz evinə qaytarmır. Saxta yolla adına keçirtdiyi həmin evdə qeydiyyatda olsa da, həmin evdə yaşamağa icazə vermir. Oğlu həmin evi kirayəyə vermişdir. Cavabdehin bu hərəkətləri nəticəsində onun hüquqları pozulmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi. Cavabdeh izahat verib bu barədə ərizə təqdim edərək bildirdi ki, iddianı tam etiraf edir. İddiaçının tələbdə qeyd olunan mənzilə köçürülməsinə etiraz etmir. O, həmçinin həmin mənzilin iddiaçı tərəfindən ona bağışlandığını və hazırda onun mülkiyyətində olduğunu, iddiaçının uzun illər həmin mənzildə yaşadığını, sadəcə son vaxtlar orada yaşamadığını, iddiaçının cari ilin aprel ayından həmin mənzilə köçüb onunla və ailəsi ilə yaşadığını bildirdi. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx xxx 2005-ci il tarixdən Gəncə şəhəri, 1-ci mikrorayon, ev 4, mənzil 45-də qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında tərəflərin hər ikisi mübahisəli mənzilin əvvəllər iddiaçıya məxsus olduğu, uzun illər iddiaçının həmin mənzildə yaşadığı və sonradan cavabdehin mülkiyyətinə keçməsi faktlarını etiraf edirlər. İş materiallarında olan, yuxarıda qeyd edilən arayışla da iddiaçının mülkiyyətində olan həmin mənzildə xx xxx 2005-ci il tarixdən qeydiyyata düşdüyü, beləliklə, istifadə hüququ əldə etdiyi məlum olur. Lakin iddiaçının qeyd etdiyi hazırki şəraitdə o, özünün istifadə hüququnu reallaşdıraraq həmin mənzildə yaşaya bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Tərəflərin izahatlarından belə bir öhdəliyin mövcud olmadığı aydın olur. Həmçinin cavabdeh də iddianı tam həcmdə etiraf edərək iddiaçının həmin mənzilə köçürülməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Gəncə şəhərinin Kəpəz rayonunun 1-ci mikrorayonunda yerləşən 4 nömrəli binanın 45 saylı mənzilinə köçürülməlidir. Odur ki, məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Gəncə şəhərinin Kəpəz rayonunun 1-ci mikrorayonunda yerləşən 4 nömrəli binanın 45 saylı mənzilinə köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar