Məhkəmə qərarları › İş №2(043)-151/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-151/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-151/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə aralarında Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2007-ci il tarixdə rəsmi qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar. Nikahlarından xx xxxx 2007-ci il tarixdə X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Cavabdehlə hazırda ər arvad münasibətləri kəsilmişdir. Bundan sonra münasibətlərini bərpa edib bir ailə kimi birlikdə yaşamaqları mümkün deyil. Bu səbəbdən də o, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, aralarında bağlanmış nikah artıq formal xarakter daşıyır və məhkəmə qaydasında pozulmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib barışıq üçün verilmiş müddət ərzində barışmadıqlarını, nikahın pozulmasında israrlı olduğunu bildirdi və iddianın təmin olunması, eyni zamanda nikah pozulan zaman nikahdan doğulmuş xx xxxx 2007-ci il təvəllüdlü X1 və xx xxxxxx 2012-ci il təvəllüdlü X2 onun yanında qalmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehdən aliment tələb etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli AZ-İ 311420 nömrəli nikah haqqında şahadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 943061 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2007-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 780163 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2012-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən ər-arvadın birgə yaşaması və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında fikri dinlənilmiş uşaqlar X3 və X4 atalarını uzun müddətdir ki, görmədiklərini, hazırda nənəsi və anası ilə yaşadıqlarını, bundan sonra da analarının yanında qalmaq istədiklərini bildirmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflərə barışıq üçün verilmiş 3 aylıq müddət ərzində barışıq olmadığından və iddiaçı nikahın pozulmasında təkid etdiyindən ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyrimümkün olmaqla, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2007-ci il tarixdə bağlanmış nikah pozulmalıdır. Məhkəmə, uşaqların uzun müddətdir ki, atalarından ayrı və anaları ilə birlikdə yaşamalarını, nikah pozulduqdan sonra da anaları ilə qalmaq istəmələrini və bunun uşaqların mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş uşaqlar iddiaçının yanında qalmalıdır. İddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tələb etmədiyini bildirmişdir. Buna görə də məhkəmə alimentin tutulması məsələsini həll etməmişdir. Məhkəmə tərəflərə xatırladır ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Buna görə də tərəflərin nikah dövründə əldə edilmiş ümumi əmlakları və bu əmlakın bölünməsi barədə mübahisə vardırsa həmin mübahisə ilə bağlı iddianın göstərilən müddət ərzində irəli sürülməsi tərəflərə izah olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2007-ci il tarixdə, Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsində 326 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş xx xxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar