Məhkəmə qərarları › İş №2(043)-1517/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1517/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1517/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk onun mülkiyyətindədir. Həmin mənzili alqı-satqı yolu ilə əldə etmişdir. Cavabdehlərin harada yaşamasından və hansı əsasla ona məxsus mənzildə pasport qeydiyyatına alınmasından ümumiyyətlə xəbəri yoxdur. Onların pasport qeydiyyatında qalmaları onun əlavə kommunal xərclər ödəməsinə səbəb olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti döngə 1, ev 5, mənzil 67 ünvanda yerləşən mənzili alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı 10.10.2020-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh3 Notariat ofisinə ünvanladığı ərizədən görünür ki, o, Gəncə şəhəri Nəriman Nərimanov prospekti, döngə 1, ev 5, mənzil 67 ünvanının satılmasına etiraz etmədiyini bildirmiş və həmin ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti döngə 1, ev 5, mənzil 67 şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına 24.09.2020-ci il tarixdə qeydə alınmış, reyestr kitabında ********** nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, 15.11.2019-cu il təvəllüdlü X2, 15.11.2019-cu il təvəllüdlü Cavabdeh2, 29.09.2016-cı il təvəllüdlü Cavabdeh4 və 08.05.1989-cu il təvəllüdlü Cavabdeh3 Gəncə şəhər, Nəriman Nərimanov prospekti, döngə 1, ev 5, mənzil 67 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, cavabdehlər 29.09.2016-cı il təvəllüdlü Cavabdeh4, 15.11.2019-cu il təvəllüdlü Cavabdeh1 və Cavabdeh2 digər Cavabdeh3 uşaqlarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş 17.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Gəncə şəhəri Nəriman Nərimanov prospekti, döngə 1, ev 5, mənzil 67 ünvanında qeyydiyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhəri Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, döngə 1, ev 5, mənzil 67 ünvanda yerləşən mənzil 24.09.2020-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 isə əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh3 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 6 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar