Məhkəmə qərarları › İş №2(043)-1527/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1527/2020

24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1527/2020 24.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ərizəçi Mahmudov Cümşüd Mürşüd oğlunun iştirakı ilə, Ərizəçi Mahmudov Cümşüd Mürşüd oğlunun maraqlı şəxs Gəncə "ASAN xidmət " mərkəzi notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i : Ərizəçi Mahmudov Cümşüd Mürşüd oğlu maraqlı şəxs Gəncə "ASAN xidmət " mərkəzi notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun Gəncə Şəhəri, Xalıqov (2-ci Vağzal) küçəsi 6 nömrəli fərdi yaşayış evinin vərəsəlik qaydasında adına keçməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin vəziyyəti müzakirə edilib bütün sübutların təqdim edilib edilməməsi araşdırılarkən ərizəçi məhkəməyə dəqiqləşmə barədə ərizə verərək babası Məmmədov Ağakişi Mahmud oğlundan miras qalmış, Gəncə Şəhəri, Xalıqov (2-ci Vağzal) küçəsi 6 nömrəli evin vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşdirilmə verildiyi kimi baxılmışdır. Məhkəmə iclasında ərizəçi Mahmudov Cümşüd Mürşüd oğlu ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1956-cı ildə Gəncə Şəhəri, Xalıqov (2-ci Vağzal) küçəsi ev 6 ünvanında anadan olmuşdur. Hal-hazırda həmin ünvanda yaşayır. Hazırda yaşadığı ev ata babası Məmmədov Ağakişi Mahmud oğlundan miras qalmışdır. Babası Ağakişi Məmmədov xx.xx.1960-cı ildə, nənəsi Səkinə isə xx.xx.1979-cu ildə ölmüşlər. Babası və nənəsi öləndən sonra onlardan miras qalan əmlakda atası Mahmudov Mürşüd Mahmud oğlu yaşamışdır. Aailədə 3 bacı iki qardaş olmuşlar, qardaşı Rəşid ailəli olmamış, xx.xx.2019-cu il tarixdə ölmüşdür. Qardaşı Rəşidin dəfn xərclərini o, çəkmişdir. Bacılarından Gülçöhrə, Mətanət və Natavan isə ailə quraraq başqa ünvanlarda yaşayırlar. Babasından miras qalmış əmlakda doğulduğu gündən o yaşamış və hazırda da yaşayır. Həmin mülki vərəsəlik yolu ilə adına keçirmək üçün Gəncə «Asan xidmət» mərkəzinə müraciət etmişdir. Atasının doğum haqqında şəhadətnaməsi tapılmadığı üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Atası xx.xx.1925-ci ildə anadan olmuş, doğum haqqında şəhadətnaməsi ərəb-fars əlifbası ilə yazıldığına görə Gəncə şəhər Dövlət arxivinə müraciət etmiş, ona bildirmişlər ki, həmin sənədlər Bakı şəhəri Mərkəzi Dövlət Arxivinə və Tarix İnstitutuna təhvil verilib. Ona görə Bakı “Asan xidmət» mərkəzinə müraciət etmiş, lakin atasının doğum haqqında şəhadətnaməsi tapılmamışdır. Babasından miras qalmış əmlakı vərəslik qaydasında qəbul etməsinə və həmin əmlakı uzun illərdir idarə etməsinə baxmayraq rəsmi reyestrdə qeydiyyata aldıra bilməmişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə "ASAN xidmət " mərkəzi notariat ofisi məhkəməyə ərizə verərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mahmudov Cümşüd Mürşüd oğlu xx.xx.1956-cı ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, 2-ci VAĞZAL küçəsi, ev 6-da qeydiyyatdadır; Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Mahmudov Cümşüd Mürşüd oğlu həqiqətən Gəncə Şəhəri, Xalıqov küçəsi ev 6 ünvanda yaşayır. AZ-T 104816 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmudov Cümşüd Mürşüd oğlunun atası Mahmudov Mürşüd Mahmudoviç, anası Məmmədova Adilə Hüseyn qızıdır. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Xalikov küçəsi, (2-ci vağzal) 06 nömrəli mülk Ağakişi Mahmud oğlunun adınadır, mülk sahibi xx.xx.1966-cı ildə, onun həyat yoldaşı Səkinə Ələsgər qızı xx.xx.1979-cu ildə ölmüşlər. Mülk sahibi ölən günədək ailəsi və yeganə övladı Mahmudov Mürşüd Mahmud oğlu ilə birgə yaşamışdır. Mahmudov Mürşüd 1998-ci ildə arvadı Mahmudova Adilə Hüseyn qızı 2007-ci ildə ölmüşlər. Onların birgə nikahlarından anadan olmuş uşaqları Rəşid Mahmudov 2019-cu ildə ölmüş və ailə qurmamışdır. Qalan övladları Gümşüd, Gülçöhrə, Mətanət və Natavandan başqa mərhumların və vəfatından sonra azyaşlı və əmək qabiliyyətini itirmiş övladları qalmamışdır. xx.xx.2020-ci il tarixli notariat ofisinə verilmiş ərizədən görünür ki, Gəncə şəhəri, Kəpəz rayon, H.Əliyev prospekti, ev 85, mənzil 16 ünvanında qeydiyyatda olan Məmmədova Natəvan Mürşüd qızı babası Ağakişi Mahmud oğlunun vəfatınan sonra Gəncə Şəhəri, 2-ci Vağzal küçəsi ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin babasından ona düşən miras payını qanunla məyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. Gəncə şəhəri Nizami rayom Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş Mahmudova Nətavan Mürşüd qızının atası Mahmudov Mürşüd Mahmud oğlu, anası Məmmədova Ədilə Hüseyn qızıdır. xx.xx.2020-ci il tarixli notarius ofisinə verilmiş ərizədən görünür ki, Gəncə şəhəri, Kəpəz rayon, Gəc Zavodu ərazisi, ev 5 ünvanında qeydiyyatda olan Qasımova Mətanət Mürşüd qızı bildirir ki, babası Ağakişi Mahmud oğlunun vəfatınan sonra Gəncə Şəhəri, keçmiş 2-ci Vağzal küçəsi ev 6 ünvanında yerləşən fərdi yaşayış ev miras qalmışdır. Atası Mahmudov Mürşüd Mahmud oğlu isə xx.xx.1988-ci ildə vəfat etmişdir. O, babasından ona düşən miras payını qanunla məyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. Gəncə şəhəri Nizami rayom Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş Qasımova Mətanət Mürşüd qızının atası Mahmudov Mürşüd Mahmud oğlu, anası Məmmədova Ədilə Hüseyn qızıdır. xx.xx.2020-ci il tarixli notarius ofisinə verilmiş ərizədən görünür ki, Gəncə şəhəri, Kəpəz rayon, S.Vurğun küçəsi, ev 7 ünvanında qeydiyyatda olan Qafarova Gülçöhrə Mürşüd qızı babası Ağakişi Mahmud oğlunun vəfatınan sonra Gəncə Şəhəri, 2-ci Vağzal küçəsi ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən ona düşən miras payını qanunla məyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də qəbul etmir və vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq istəmir. Gəncə şəhəri Nizami rayom Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş Qafarova Gülçöhrə Mürşüd qızının atası Mahmudov Mürşüd Mahmud oğlu, anası Məmmədova Ədilə Hüseyn qızıdır. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, M-230 nömrəli məktubdan görünür ki,“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1925-ci ilə dair Kirovabad (Gəncə) rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinı verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 13 yanvar 2020-ci il tarixli, Q-10/a.x nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Mahmudov Mürşüd Ağakişi oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar olmayıb. AZ-İİ 031593 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağakişi Mahmud oğlu xx.xx.1960-cı ildə beyinə qansızma səbəbi nəticəsində ölmüşdür. DGDRX-in 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş 12 iyun 2020-ci il tarixli, **********83 nömrəli məktubundan görünür ki, Yerli Təsərrüfat şöbəsi və Gəncə şəhər Notariat kontorunda bağlanmış xx.xx.1930-cu il tarixli,,2625 saylı müqaviləyə əsasən Məmmədov Ağakişi Mahmud oğluna Kirovabad şəhəri, 2-ci vağzal küçəsi, 6 saylı fərdi yaşayış evinin yerləşdiyi 563,0 kvm torpaq sahəsinə dair xx.xx.1962-ci il tarixli torpaq qeydi tərtib edilmiş, Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin yaşadığı Gəncə şəhər, 2-ci Vağzal küçəsi, 6 nömrəli fərdi yaşayış evi ata babası Məmmədov Ağakişi Mahmud oğlundan miras qalmışdır. Babası Ağakişi Məmmədov xx.xx.1960-cı ildə, nənəsi Səkinə isə xx.xx.1979-cu ildə ölmüşlər. Babası və nənəsi öləndən sonra onlardan miras qalan əmlakda atası Mahmudov Mürşüd Mahmud oğlu yaşamışdır. Aailədə 3 bacı iki qardaş olmuşlar, qardaşı Rəşid ailəli olmamış, xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bacılarından Gülçöhrə, Mətanət və Natavan isə ailə quraraq başqa ünvanlarda yaşayırlar. Babasından miras qalmış əmlakda doğulduğu gündən ərizəçi yaşamış və hazırda da yaşayır. Həmin mülki vərəsəlik yolu ilə adına qeydə aldırmaq üçün Gəncə «Asan xidmət» mərkəzinə müraciət etmişdir. Atasının doğum haqqında şəhadətnaməsi tapılmadığı üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Atası xx.xx.1925-ci ildə anadan olmuş, doğum haqqında şəhadətnaməsi ərəb-fars əlifbası ilə yazıldığına görə Gəncə şəhər Dövlət arxivinə müraciət etmiş, ona bildirmişlər ki, həmin sənədlər Bakı şəhəri Mərkəzi Dövlət Arxivinə və Tarix İnstitutuna təhvil verilimişdir. Ona görə Bakı şəhəri “Asan xidmət» mərkəzi”-nə müraciət etmiş, lakin atasının doğum haqqında şəhadətnaməsi tapılmamışdır. Babasından miras qalmış əmlakı vərəslik qaydasında qəbul etməsinə və həmin əmlakı uzun illərdir idarə etməsinə baxmayraq rəsmi reyestrdə qeydiyyata aldıra bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə əriçəninin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normaları baxımından hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatın 7.2-ci bəndinə əsasən, qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Göründüyü kimi ərizəçi babasının sahibliyində və istifadəsində olmuş və miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması məqsədi ilə notariat ofisinə müraciət etsə də atasının doğumu haqqında aparılmış qeydləri əldə edə bilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnaməni əldə edə bilmədiyi üçün miras qalmış əmlakı rəsmi reyestrdə qəeydə aldıra bilməmişdir. Halbu ki, ərizəçi doğlulan gündən həmin miras əmlakda yaşamış və hazrda da həmin əmlakı idarə etməkdə davam edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bundan başqa məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında izah olunmuşdur ki, miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Vərəsə mirasa sahiblik, ondan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə-binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayənişinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasını və mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı mərhum babasından miras qalmış əmlakı faktiki olataq qəbul etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i : Ərizə təmin olunsun. Ərizəç Mahmudov Cümşüd Mürşüd oğlunun Gəncə Şəhəri, Xalıqov ( 2-ci Vağzal) küçəsi 6 nömrəli fərdi yaşayış evinin vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar