Məhkəmə qərarları › İş №2(043)-1577/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1577/2021

13.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1577/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsininin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 2006-cı ildən 2016-cı ilə kimi Gəncə şəhər Təhsil İdarəsinin Gəncə şəhəri 20 saylı orta məktəbində məktəbdaxili əmrlə informatika müəllimi işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Azərbaycan Texnologiya İnstitunu bitirmiş, xx.xx.1993-cü il tarixdə Gəncə şəhəri 20 saylı orta məktəbə 1 ştat olmaqla dərnək rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında “Yenidən hazırlama” fakültəsinin “ riyaziyyat və informatika” ixtisası üzrə bitirmişdir. xx.xx.2006-cı il 20 saylı orta məktəbdə 45/5 əmri ilə informatika müəllimi işləməyə başlamışdır. 10 il ərzində ibtidai siniflərdə informatika fənnini tədris etmişdir. 2015-ci ildə Təhsil İdarəsi tərəfindən informatika Yeni kurikulum tətbiqi üzrə Sertifikat dərəcəsi almış, təhsildə İnnovativ texnologiyalar kursundan keçmişdir. O, müəllimlərin dioqnastik qiymətləndirilməsinə getmək istərkən məlum olmuşdur ki, məktəb direktoru Vahid Allahverdizadə onu aldadaraq informatika müəllimi kimi 45/5 №-li əmri Təhsil İdarəsi tərəfindən qeydiyyatdan keçirməyib. O, işlədiyi məktəbdə fənni tədris etməkdən kənarlaşdırılmışdır. Dəfələrlə məktəb direktoruna müraciət etsə də heç bir nəticə verməyib, əksinə onun 1 ştat dərnək rəhbəri vəzifəsini qaytarmayıb. Hal- hazırda 0.5 ştat işlə təmin olunmuş, 28 illik iş ştajı var, 150 çanat məvacib alır. Hazırda istəyir ki, 2006-cı ildən 2016-cı ilə kimi Gəncə şəhər 20 saylı orta məktəbdə informatika müəllimi kimi işləməsi faktı müəyyən edilsin ki, Təhsil idarəsi tərəfindən onun informatika fənnini tədris etməsinə icazə verilsin. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Ərizəçi ərizəsinin məzmunundan görünür ki, o, 2006-cı ildən 2016-cı ilə kimi Gəncə şəhər Təhsil İdarəsinin Gəncə şəhəri 20 saylı orta məktəbində məktəbdaxili əmrlə imformatika müəllimi işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 20 nömrəli orta məktəbin direktorunun xx xxxxxxxx 2006-cı il tarixli 45/5 nömrəli əmrindən, Ərizəçi Şahbaz qızına məxsus əmək kitabçasının surətindən və digər sənədlərdən də görünür ki, Ərizəçi xx.xx.2006-cı il tarixdən etibarən Gəncə şəhəri 20 saylı orta məktəbində informatika müəllimi kimi işləmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarının 13-cü bəndində də qeyd olunur ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Həmin qərarın 13.2-ci bəndində isə qeyd olunur ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə, qanunvericiliyin qeyd olunan normalarını və Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyəni nəzərə alaraq hesab edir ki, Ərizəçi xx.xx.2006-cı il tarixdən etibarən Gəncə şəhəri 20 saylı orta məktəbində informatika müəllimi kimi işləməsi faktı ərizəyə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından, onun hazırki ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli, ona informatika müəllimi kimi işləməsinə əsas verən əmrin qeydiyyatdan keçirilməsindən imtina edilməsi ilə bağlı direktorun hərəkətlərindən (vəya hərəkətsizliyindən) yuxarı inzibati orqana müraciət etmək və ya müvafiq inzibati məhkəməyə iddia ərizəsi vermək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar