Məhkəmə qərarları › İş №2(043)-1638/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1638/2022

28.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1638/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun itirilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən mənzil xx.xx.2021-ci il tarixli çıxarış əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. Bundan sonra «Asan xidmət» mərkəzinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən, Cavabdeh mülkiyyətində olan evdə qeydiyyatda olması məlum olmuşdur. Cavabdeh onun qızıdır. Qızına 2005-ci ildə el adəti ilə toy etmiş, bundan sonra qızı Cavabdeh əri X3 atasının Samux rayonu, Ziyadlı kəndində yerləşən evinə gəlin kimi köçmüşdür. Cavabdeh onun evində 2005-ci ildən yaşamır. Onun maddi imkanı çox aşağıdır. Cavabdehin ona məxsus evdə pasport qeydiyyatında qalması əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu da onun şəxsi büdcəsinə təsir edir və onun mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də o, məcburiyyətində olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh mübahisəli mənzildən çıxdıqdan sonra həmin mənzilə faktiki olaraq qayıtmamış və həmin mənzilə köçürülməsi ilə bağlı məhkəməyə rəsmi qaydada müraciət etməmişdir. Ona görə də hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getmiş və onun uzun müddət mübahisəli mənzildə yaşamamağına görə onun həmin mənzildən əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, cavabdeh onun xalası qızıdır. Cavabdeh 2005-ci ildə ailə həyatı quraraq həyat yoldaşının yaşadığı Samux rayonu, Ziyadlı kəndində yerləşən evə köçmüşdür. O, həmin vaxtdan iddiaçıya məxsus evdə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, 15 ildir ki, iddiaçının qonşuluğunda olan ünvanda yaşayır. Cavabdeh iddiaçının qızıdır. Cavabdeh 14-15 il olar ki, iddiaçıya məxsus evdən gəlin kimi köçüb getmiş və o vaxtdan da həmin iddiaçıya məxsus evdə yaşamır. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 2080/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 1 nömrəli mənzilə dair İddiaçı ilə cavabdeh X4 arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Həmin qətnamədə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı ilə Nikolay Sidorov arasında ünvan 2 ünvanda yerləşən mənzilə dair alqı-satqı münasibətləri 1990-cı ildə yaranmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və onun adına bu barədə xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan nikahın bağlanması haqqında arayışdan görünür ki, X6 ilə X1 nikahı xx.xx.2011-ci il tarixdə 196 akt qeydi ilə qeyd edilmiş. Nikah bağlandıqdan sonra ərə Səlmanov, arvada Səlmanova soyadı verilmişdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti başçısınınZiyadlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 128 nömrəli arayışdan görünür ki, həqiqətən xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh 2005-ci ildə Ziyadlı kənd sakini X2 atasının Ziyadlı kəndində yerləşən evinə gəlin kimi köçmüş, hal-hazırda nümayəndəliyin Ziyadlı kəndində qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 763 saylı arayışdan görünür ki, həqiqətən ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, ünvan 3 ünvanda yerləşən mənzili iddiaçı 1990-cı ildə alqı-satqı yolu ilə əldə etmiş, daha sonra onun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh isə iddiaçının qızı olmaqla onun ailə üzvü kimi həmin mənzildə yaşamış və qeydiyyata alınmışdır. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin müddəaları baxımından həmin dövrdə cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmış və cavabdeh 2005-ci ilədək həmin mənzildə yaşamışdır. Cavabdeh ailə həyatı qurduğuna görə qeyd olunan mənzildən köçüb ərinin yaşadığı yaşayış evinə getmiş və uzun müddət ərzində iddiaçıya məxsus mənzildə yaşamamışdır. Lakin, cavabdeh hələ də iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq və Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və onun uzun müddətdir mübahisəli mənzildə yaşamaması işin faktiki halları ilə müəyyən edildiyindən, onun həmin mənzildən əvvəllər mövcud olan istifadə hüququ artıq itirilmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar