Məhkəmə qərarları › İş №2(043)-1645/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1645/2021

10.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1645/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, döngə 1, 15 nömrəli mülkə dair yaşayış sahəsindən istifadə hüquqlarına xitam barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, döngə 1, 15 nömrəli mülkə dair yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-in ******* saylı Çıxarışı 05.10.2016-cı il tarixdə onun adına verilmiş, mülk ona məxsusdur. Mülkü alan zaman cavabdehlərlə razılaşmışlar ki, bir ay ərzində evi tərk edəcəklər. Lakin cavabdehlərin telefon nömrəsini itirdiyindən əlaqəsi kəsilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, 1-ci döngə, 15 nömrəli ev mülkiyyət hüququ əsasında ona məxsusdur. O, cavabdehləri mülkiyyətində olan ünvan 1 ünvanında pasport qeydiyyatından çıxarmaq üçün Gəncə şəhər Baş polis İdarəsinə müraciət etmiş, İdarə tərəfindən məhkəmənin qətnaməsi əsasında cavabdehlərin qeydiyyatdan çıxarılmalı olduqları izah olunmuşdur. Odur ki, o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. O, evi alarkən ev boş olmuş, cavabdehlərə məxsus heç bir əşya və yaxud əmlak olmamışdır. Göründüyü kimi, cavabdehlər faktiki olaraq ona məxsus evdə yaşamadıqlarına görə həmin evdən istifadə hüquqları itirilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dəvət olunaraq şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, İddiaçı oğlu ilə qonşudur. Cavabdehləri tanıyır, iddiaçı Rasim evi aldığı vaxtdan orada yaşamamışlar. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dəvət olunaraq şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, 51 ildir o, həmin evin qonşuluğunda yaşayır. Cavabdehləri tanıyır, 2003-cü ildən həmin evdə yaşamır. Hazırda sözügedən evdə Rasim və ailəsi qalır. Cavabdehlərdən Ruhəngizi tanıyır, onun əmisi qızının baldızıdır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 29.03.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, döngə 1, ev 15-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Ü.Hacıbəyov küçəsi, 1-ci döngə, 15 nömrəli fərdi yaşayış evi İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ev İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İH başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10.06.2021-ci il tarixli, 898 nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Gəncə şəhər, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, döngə 1, 15 nömrəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq göstərilən ünvanda yaşamırlar. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 1-ci döngə, 15 saylı ev mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 uzun müddətdir həmin mənzildə yaşamırlar. Belə ki, iddiaçı sözügedən mənzili 05.10.2016-cı il tarixdə öz adına rəsmiləşdirmiş, cavabdehlər iddiaçıya məxsus olan ünvan 4 ünvanında yaşamamalarına baxmayaraq qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin uzun müddət sözügedən mənzildə yaşamamaqlarından görünür ki, onlar özlərinə daimi yaşayış yeri seçmiş, mənzildə pasport qeydiyyatında formal olaraq qalırlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, cavabdehlərin mənzilə qeydiyyatının olması iddiaçının–yəni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mənzilə mülkiyyət hüququ əldə etdiyi vaxtdan cavabdehlər həmin mənzildə yaşamır və iddiaçının ailə üzvləri deyildirlər, daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmişlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçini ailə üzvü hesab edilməyən şəxsin onun mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, cavabdehin mənzildə qeydiyyatı formal olaraq qalmaqla, iddiaçının qeyd edilən mənzilə olan hüquqlarını məhdudlaşdırır və cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur qalır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməli və cavabdehlərin İddiaçı mülkiyyətində olan ünvan 5 ünvana olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı mülkiyyətində olan Gəncə şəhər, Ü.Hacıbəyli küçəsi, döngə 1, 15 nömrəli mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar