Məhkəmə qərarları › İş №2(043)-1656/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1656/2021

29.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1656/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 10.01.2017ci il təvəllüdlü X4 ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 13-cü məhəllədə yerləşən Cavabdeh məxsus yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 03 dekabr 2004-cü il tarixdə faktiki ailə quraraq cavabdehin valideynlərinin yaşadıqları ünvan 1 ünvana gəlin köçmüşdür. 3 aydan sonra cavabdehin atası X1 bağ evi tikintisi üçün Gəncə şəhəri, Məhsəti qəsəbəsi (keçmiş Sevinc) ayrılmış, 0.06 sot torpaq sahəsində cavabdehlə ev tikməyə başlamışlar. Orada 2 yaşayış otağı, zal, mətbəx və hamam tikdirmişlər, evin tikintisi 2005-ci ilin noyabr ayında başa çatmış və onlar oraya köçmüşlər. Birgə nikahdan 10 yanvar 2007-ci il tarixdə Amin adlı bir uşaqları anadan olmuş, nikahılarını isə 02.07.2008-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə aralarında baş vermiş narazılıq nəticəsində nikahları 03.02.2021-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh onu və uşağını yaşadıqları evə buraxmır. Ona məxsus bütün əşyalar mübahisəli evdədir. O, həmin mübahisəli evdə yaşamaq hüququna malikdir və həmin hüquqdan məhrum edilə bilməz. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 13-cü məhəllədə yerləşən yaşayış ev onun atasının adına verilmiş və atasının vəsaiti hesabına tikilmişdir. Odur ki, iddiaçının həmin evdən istifadə hüqunun yaranmadığı nəzərə alınaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, o Cavabdeh atasıdır. İddiaçı isə onun keçmiş gəlinidir. Mübahisə predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 13-cü məhəllədə yerləşən torpaq sahəsi dövlət tərəfindən onun istifadəsinə verilmişdir. Həmin sahədə yerləşən ev onun öz vəsaiti hesabına tikilmişdir. İddiaçı həmin evin tikintisi zamanı heç bir vəsait xərcləməmişdir. Məhkəmə, iş üzrə tərəflərin və şahidin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materillarına əlavə olunmuş, 74 nömrəli 13.05.1990-cı il tarixli arayışın surətindən görünür ki, X1 Gəncə şəhər XDS İcraiyyə komitəsinin 23.08.1988-ci il tarixli 11 nömrəli qərarının 19 saylı protokolu əsasən Gəc zavodu ərazidə, ümumi sahəsi 400.0 kv.m olan bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-232/2021 saylı 03.02.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 02.07.2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 355 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 10.01.2007-ci ildə anadan olmuş X4 anası İddiaçı yanında saxlanılmış, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 25.09.2020-ci il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 03.12.2004-cü il tarixdə faktiki ailə münasibətləri qurmuş və cavabdehin valideynləri ilə birlikdə yaşadıqları Gəncə şəhəri, Gəncə küçəsi 23 saylı evə gəlin kimi köçərək orada yaşamışdır. 2005-ci ildə isə cavabdehin atası Sabir Qasımovun istifadəsinə verilmiş Gəncə şəhəri Məhsəti qəsəbəsi 13-cü məhəllədə yerləşən torpaq sahəsində ev tikilmiş və onlar həmin evdə yaşamağa başlamışlar. Həmin ev özbaşına tikili olmaqla hüquq müəyyənedici sənədləri yoxdur. İddiaçı mübahisəli evin tikintisində və ya təmirində iştirak etməsi ilə bağlı heç bir sübutu təqdim etməmişdir. Onların birgə yaşayışlarından 10.01.2007-ci tarixdə Amin adlı uşaqları doğulmuş, rəsmi nikaha isə 02.07.2008-ci il tarixdə daxil olmuşlar. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və nikahları məhkəmənin qətnaməsi əsasında pozulmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçıya uşağı ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşağı ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına isnad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi AR Konstitusiya Məhkəməsinin Plenumu mənzil hüququnun əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: - Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? - Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? - Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, hətta mübahisəli evin hüquq müəyyənedici sənədləri olsa və cavabdehin atası evin mülkiyyətçisi olsa idi belə, iddiaçı onun ailə üzvü sayılmadığından, onun həmin evə köçürülməsi üçün hüquqi əsas olmayacaqdı. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar