Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1657/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxslər X6, X7 və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnu itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzil ümümi sahəsi 72.4 kv.m-dən barətdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qohumlarıdır. Cavabdehlər ona məxsus olan ünvan 2 ünvanda uzun müddətdir yaşamırlar. O, bu şəxsləri ona məxsus olan mənzildən qeydiyyatdan çıxmalarını tələb etsə də, lakin həmin şəxslər müəyyən bəhanələr gətirərək qeydiyyatdan çıxmırlar. Hazırda cavabdehlər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. O, cavabdehləri mülkiyyətində olan ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarmaq üçün Gəncə şəhər Baş polis İdarəsinə müraciət etsə də, lakin imtina edilmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X7 və X9 hər biri ayrı-ayrılıqda iddiaçı ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlər 1996-cı ildə onlara məxsus mənzili tərk edən başqa yaşayış yerinə getmişlər və bu müddətdə həmin mənzildə yaşamamışlar. Çünki, cavabdehlərin özlərinin daimi yaşadıqları başqa yaşayış yerləri vardır. Odur ki, iddianın təmin edilməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etmədiklərindən, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Forma-2A arayışdan görünür ki, ünvan 4 ünvanda yerləşən mənzil X12 və onun ailə üzvləri X10, X11 və X4 istifadəsinə verilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzili şəxsi mülkiyyət hüququ əsasında Bədəlov Malik oğlunun adına 15.05.2008-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan MH seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil ümumi mülkiyyət hüququ üzrə X6 və X5 adlarına 23.02.2009-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış”ın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil 3/6 hissədə X1, 1/6 hissədə İddiaçı, 1/6 hissədə X2 və 1/6 hissədə X3 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh2 Gəncə şəhər, Dədə Qorqud küçəsi, ev 20, mənzil 20 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş 17.05.2021-ci il tarixli arayışdan görünür ki, həqiqətən Gəncə şəhəri X20 küçəsi, ev 20, mənzil 20 ünvanında qeyydiyatda olan Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 9 ünvanda yerləşən mənzil əvvəlcə iddiaçının qaynatası – X12 və onun ailə üzvlərinin istifadəsinə verilmiş, daha sonra həmin mənzil Malik Bədəlovun adına özəlləşdirilmişdir. Malik Bədəlov vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında qızı X6 və oğlu X5 ümumi mülkiyyət hüququ üzrə adlarına rəsmiləşdirilmişdir. X11 vəfat etdikdən sonra isə onun mənzil üzərində olan payı vərəsəlik yolu ilə bərabər qaydada arvadı İddiaçı və oğlanları X7 və X3 adına keçmişdir. Hazırda mənzil üzərində iddiaçı və üçüncü şəxslər X7 və X3 hər birinin 1/6 hissədə payı, üçüncü şəxs X1 isə 3/6 hissədə payı mövcuddur. Cavabdehlər isə iddiaçının paylı mülkiyyətində olan mənzildə 1996-cı ilə qədər yaşamışlar və həmin vaxtdan sonra özlərinə daimi olaraq başqa yaşayış yeri seçərək, qeyd olunan mənzili tərk etmişlər. Cavabdehlər qeyd olunan mənzildən köçsələr də mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının və üçüncü şəxslərin paylı mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Məhkəmə qeyd edir ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri baxımından cavabdehlərin ünvan 9 ünvanda yerləşən mənzildən istifadə hüquqları mənzildə yaşadıqları dövrdə olmuşdur. Lakin, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər uzun müddətdir iddiaçının paylı mülkiyyətində olan mənzildə yaşamırlar, daimi yaşamaq üçün özlərinə başqa yaşayış yeri seçmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiklərindən və 1996-cı ildən etibarən onların iddiaçıya məxsus mənzildə yaşamaması müəyyən edildiyindən, onların həmin mənzildən əvvəllər mövcud olan istifadə hüququ artıq itirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüquqları məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının paylı mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 10 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1657/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1657/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver