Məhkəmə qərarları › İş №2(043)-1726/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1726/2021

12.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1726/2021 12.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 7-ci döngə, 19 nömrəli ünvanda yerləşən evinin üzərində olmuş istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X8 iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh Gəncə şəhəri, N.Nərimanov prospekti, 7-ci döngə, 19 nömrəli mənzil üzərində olan istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerlən fərdi yaşayış evi ona anasından bağışlanma yolu ilə keçmiş və buna dair hüquqlarım dövlət qeydiyyatından keçirmişdir. Qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh onun bacısı qızıdır əvvəl bu evdə yaşasa da 2017-ci il tarixdə özünə daimi yaşayış yeri seçərək bu evdən köçmüşdür. Cavabdeh artıq 3 ildir ki, onun evində yaşamır. Cavabdeh özünə daimi yaşayış yeri seçdiyindən onun mülkiyyətində olan evdə istifadə hüquqlarının qalması onun iradəsinə ziddir və əmlak üzərində sərəncamverici (mülkiyyət) hüququnu pozur. Cavabdeh Əlibayramlıya köçmüş və hazırda onun yaşayış ünvanı barədə onun məlumatı yoxdur. Bu baxımdan cavabdehi tapa bilmədiyindən, onun evində istifadə hüquqlarının itirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh onun bacısı qızıdır, onlar Laləni 2013-cü ildə ərə vermişlər. Cavabdehin həyat yoldaşı Ağdamlı olmuşdur və anasına baxmaları üçün o və anası cavabdehin həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamalarına razı olmuşlar. Bundan sonra cavabdeh boşanmış və anasına baxmayaraq həmin evdən özünə məxsus bütün əşyalarını götürüb bir oğlana qoşulub çıxıb başqa yerə getmişdir və onun 2017-ci ildən harada olması barədə onlarda məlumat yoxdur. O evlidir və daim Rusiya Federasiyasında yaşamışdır, lakin hazırda anasına baxmaq üçün Gəncə şəhərinə gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili X8 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dəvət olunaraq şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ünvan 3 ünvanında yaşayır. İddiaçı ilə üzbəüz qonşudurlar. Cavabdeh 2017-ci ildən görməmişdir və evli olmuş, sonra başqasına qoşulub getmişdir. Gedən zaman özünə məxsus bütün əşyaları yığıb aparmışdır. İddiaçı ilə on ildir ki qonşudurlar. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 15.02.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 07.04.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 şəhəri, N.Nərimanov prospekti, 7-ci döngə, 19 ünvanda yerləşən Liter A, 1 mərtəbəli ümumi sahəsi 86.2 kv/m, yaşayış sahəsi 48.1 kv/m, yardımçı sahəsi 38.1 kv/m olan 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkib hissəsi Liter B, 1 mərtəbəli Əl damı tikintialtı sahə 9.3 kv/m olan daşınmaz əmlakın tam mülkiyyət üzrə İddiaçı hədiyyə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti döngə 7, 19 saylı ev İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İH başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 29.07.2021-ci il tarixli, 1018 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ünvan 7 ev mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh uzun müddətdir həmin mənzildə yaşamır. Belə ki, iddiaçı sözügedən mənzili 26.04.2017-ci il tarixdə öz adına rəsmiləşdirmiş, cavabdeh iddiaçıya məxsus olan ünvan 7 ünvanında yaşamamasına baxmayaraq qeydiyyatdan çıxmamışdır. Cavabdehin uzun müddət sözügedən mənzildə yaşamamasından görünür ki, o özünə daimi yaşayış yeri seçmiş, mənzildə pasport qeydiyyatında formal olaraq qalır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, cavabdehin mənzilə qeydiyyatının olması iddiaçının–yəni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mənzilə mülkiyyət hüququ əldə etdiyi vaxtdan cavabdeh həmin mənzildə yaşamır və iddiaçının ailə üzvü deyildir, daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçini ailə üzvü hesab edilməyən şəxsin onun mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, cavabdehin mənzildə qeydiyyatı formal olaraq qalmaqla, iddiaçının qeyd edilən mənzilə olan hüquqlarını məhdudlaşdırır və cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur qalır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməli və cavabdehin İddiaçı mülkiyyətində olan ünvan 7 ünvana olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 7-ci döngə, 19 nömrəli mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar