Məhkəmə qərarları › İş №2(043)-1727/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1727/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1727/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin yaşadığı Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehlə 2008-ci il tarixdə faktiki olaraq ailə qurmuşlar. Cavabdehi özü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2013-cü il tarixli 2049 nömrəli Sərəncamı əsasında Gəncə şəhəri, Natəvan qəsəbəsində inşa edilmiş evə köçürmüşdür. Cavabdehlə həmin evdə bir müddət yaşadıqdan sonra cavabdeh onu evdən qovmuşdur. Hal hazırda kirayədə yaşayır. Cavabdehlə yaşadıqları dövrdə birgə təsərrüfat aparmışlar. Lakin cavabdeh onu əsassız olaraq evdən çıxarmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdehi şirniyyat mağazasında işləyəndə tanımışdır. Onlar ailə münasibətlərində olmamışdırlar. Gəncə şəhəri, Natəvan qəsəbəsində sərəncam əsasında torpağı öz adına ala bilmədiyi üçün iddiaçının adına almışdır. 2019-cu ildə isə sənədləşmə ilə torpağı öz adına keçirmişdir. Hal-hazırda torpaq və ev onun adınadır, kommunal xərcləri özü ödəyir. İddiaçı ilə aralarında hər hansı hüquq münasibətləri olmamış, bir-biri ilə heç bir bağlılıqları yoxdur. İddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət X1 tərəfindən verilmiş 24.09.2019-cu il tarixli, 452/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhəri, Natəvan qəsəbəsindəki 200,0 kv/m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin lahiyələndirilməsinə (yerləşdirilməsinə) icazə verilmişdir. Gəncə Şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 10.05.2017-ci il tarixli, 921 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 19.12.2013-cü il tarixli, 2049 nömrəli sərəncamı qüvvədən düşmüş hesab olunmuş və Gəncə şəhəri Natəvan qəsəbəsindəki 200,0 kv/m torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evinin lahiyələndirilməsinə (yerləşdirilməsinə) icazə verilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisləndirdiyi evdə cavabdehlə birgə yaşayaraq birgə təsərrüfat apardıqlarını göstərsə də həmin evin rəsmi reyestrdə qeydiyyata alınmasına, cavabdehlə birgə təsərrüfat aparmasına və ailə qanunvericiliyi əsasında cavabdehlə birlikdə yaşamaq və cavabdehdən maddi təminat tələb etmək hüququ olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, İddiaçı mübahisələndirdiyi fərdi yaşayış evinə hər hansı hüququnun olması məhkəmə araşdırması zamanı müəyyən olunmamış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına aid olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı İddiaçı iddia ərizəsi təmin edilə bilməz. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar