Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-176/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qalmış və paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114, 6 saylı ünvanda əmlakın naturada bölünməsi, natural qaydada bölünməsi və bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq mənzilin satılması və əldə olunan gəlirin bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, miras qalmış və paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114, 6 saylı ünvanda yerləşən mənzil üzrə payına əsasən 30000 manat məbləğində kompensasiyanın alınıb ona verilməsinə, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq mənzilin satılması və əldə olunan gəlirin bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114, 6 saylı mənzil paylı mülkiyyət hüququ əsasında 4/6 hissədə iddiaçıya, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi Cavabdeh2 məxsusdur. O, cavabdehlərdən mənzil üzərində olan payını istəyir, cavabdehlər isə bu kompensasiyanı ödəmirlər. İş materiallarında olan qətnamədən də göründüyü kimi qeyd olunan mənzilin bölünməsi mümkün deyildir. Bu halda cavabdehlər ona kompensasiya vermədikləri üçün paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan mənzilin açıq hərracda satılması, əldə olunan gəlirin paylarına uyğun bölünməsi tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlə artıq münasibətləri və birgə yaşayışları mümkün deyil, buna əsasən hazırda cavabdehlərlə aralarında mənzilə dair paylarının müəyyən edilmiş qaydada, yəni 30.000 manat kompensasiya məbləğinin cavabdehlərdən alınaraq ona verilməsini, bu mümkün olmadıqda isə həmin evin açıq hərracda satılaraq əldə olunmuş pulun hər bir kəsin payına mütənasib qaydada bölünməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114, 6 saylı mənzil üzərində ümumi mülkiyyət hüququ olan cavabdehlərdən kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi məsələsində aralarında razılığa gələ bilmirlər. Bu səbəbdən də ümumi mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan pulun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin ümumi paylı mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114 ünvanda yerləşən 6 saylı mənzil açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq onların arasında bölüşdürülməlidir. Əsli məhkəmə iclasında tədqiq edilmiş və surəti iş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114, 6 ünvanında yerləşən mənzili ümumi paylı mülkiyyətdə olmaqla, 4/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh1 və 1/6 hissədə Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-931/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası təmin olunmamışdır. Həmin mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texnikası ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 10110 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114, 6 saylı mənzilinin naturada təcrid şəkildə 3 hissəyə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.9-cu bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114, 6 ünvanında yerləşən mübahisəli mənzildə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.2-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin öz əmlakı üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun həyata keçirilməsinin adi şərtlərindən biridir. Bu baxımdan mülkiyyətçinin paylı mülkiyyətdə olan əmlakdan öz payının ayrılmasını tələb etmək hüququ da onun öz əmlakına sərəncam vermək hüququ olmaqla əsassız olaraq məhdudlaşdırıla bilməz. Ümumi mülkiyyət hüququ ilə bir neçə şəxsə məxsus olan əmlakdan payın ayrılması ilə bağlı qaydalar Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlnmişdir. Bu maddədə göstərilmiş qaydalara uyğun olaraq paylı mülkiyyətdən payın ayrılmasının naturada bölünmə, payın əvəzinə kompensasiya verilməsi və açıq hərracdan satılaraq əldə edilən vəsaitin bölünməsi formaları mövcuddur. İddiaçı artıq məhkəməyə paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbi ilə müraciət etmiş, lakin bu mümkün olmadığından onun iddiası rədd edilmişdir. Hazırkı iddiada isə iddiaçı öz payının əvəzinə cavabdehlərdən 30 000 manat kompensasiya tələb etmiş, lakin cavabdehlər həmin tələbə münasibət bildirməmişdir. Beləliklə, paylı mülkiyyətdən payın digər formalarda ayrılmasının mümkünsüzlüyü müəyyən edildiyindən paylı mülkiyyətdə olan əmlak açıq hərracdan satılaraq əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni 4/6 hissə iddiaçıya, cavabdehlərin hər birinə isə 1/6 hissə olmaqla bölünməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli, ******* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tərəflərin ümumi paylı mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, X3 prospekti, bina 114 ünvanda yerləşən, 6 saylı mənzil açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaitinin 4/6 (altıda dörd) hissəsi İddiaçı, 1/6 (altıda bir) hissəsi Cavabdeh1 və 1/6 (altıda bir) hissəsi Cavabdeh2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəəy minir. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-176/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-176/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver