Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1760/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu iki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, X11 küçəsində yerləşən 147 nömrəli evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X11 küçəsi, 147 ünvanında olan evə 2011-ci ildə gəlin köçməklə orada qeydiyyatda olmaqla yaşamışdır. Orada iki qız uşağı dünyaya gəlmişdir. Daha sonralar münasibətləri gündən-günə kəskinləşdiyindən Cavabdeh1 ilə 2019-cu il tarixdə nikahlarını pozdurmuşlar. Hazırki iş üzrə digər cavabdeh (qaynanası) Cavabdeh2 oğlu ilə nikahlarını pozulandan sonra ona və nəvələrinə ögəy münasibət bəsləməyə başladı. Yəni, son dövrdə “bir daha bu evə gəlməyin” deyə söyləyirlər. Bu hal son vaxtlar mütəmadi xarakter daşımaya başlamışdır. Cavabdehlər bəzən onları evə buraxmırlar. Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Cavabdehlərdən ona qarşı qanunsuz hərəkətlərdən çəkinmək barədə iltizam almaqla, qeydiyyatda olduqları və yaşayış hüquqları olan evə köçürmə barədə qətnamə çıxarılmasını istəyir. Çünki, onun qeyd olunan evdə yaşamaq hüququ və evə köçürülmə hüququnun olması ilə bərabər, onunla yanaşı 2 (iki) qız uşağı da Gəncə şəhəri, Kəpəz rayonu, X11 küçəsi, ev 147-də qeydiyyatda olmaqla, orada doğulub böyümüşlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda iddianı qəbul etməyərək, iddiaçının mübahisəli evdən istifadə hüqunun yaranmadığını bildirdilər və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X11 küçəsi 147 ünvanında yerləşən 112,5 kv.m fərdi yaşayış evi və altındakı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından 20.08.2012-ci il tarixdə X5, 06.03.2015-ci il tarixdə X6 anadan olmuşlar. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-183/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə X3 arasında 01.07.2011-ci ildə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış 401 saylı nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş 20.08.2012-ci il təvəllüdlü X5 və 06.03.2015-ci il təvəllüdlü X6 anaları X1 yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə 01.07.2011-ci il tarixdə nikaha daxil olmuş və iddiaçı Cavabdeh2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X11 küçəsi ev 147 ünvanına gəlin kimi köçərək orada yaşamışdır. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və nikahları məhkəmənin qətnaməsi əsasında pozulmuşdur. Hazırda cavabdehlər tərəfindən iddiaçıya uşaqları ilə birlikdə mübahisəli evdə yaşamasına maneçilik törədildiyindən, iddiaçı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququnun olmasına isnad edərək, qeyd olunan evə köçürülməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 01.07.2011-ci il tarixdə cavabdehlərdən Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ 06.02.2020-ci il tarixdə iddiaçının qayanası – digər Cavabdeh2 adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2020-ci ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları (məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə Cavabdeh2 məxsus yaşayış sahəsinə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, iddiaçının uşaqları ilə birlikdə cavabdehə məxsus yaşayış sahəsi üzrə qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1760/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1760/2021
01.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver