Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1808/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnu itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 10, 2 ünvanda yerləşən mənzildən istifadə hüququnu itirilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu, 3-cü mikrorayon ev 10, mənzil 2 onun mülkiyyətindədir. Mənzil bağışlama müqaviləsi ilə mülkiyyətinə keçmişdir. Cavabdeh onun həyat yoldaşı olmuş, 1999-cu ildən faktiki olaraq ayrılmışlar. Cavabdeh evdən çıxıb Rusiyaya getmiş, nə onunla, nə anası ilə, nə də övladları ilə heç bir əlaqə saxlamamışdır. Hazırda cavabdehlə onun arasında olan nikah pozulmuşdur. Hətta cavabdehin anası olan əvvəlki mülkiyyətçi də özünə övlad kimi onu hesab edir, onunla bir evdə yaşayır və qayğısına qalır. Hazırda cavabdehin onun evində pasport qeydiyyatında olması mülkiyyət hüququnu kobudcasına pozur, onun pasport qeydiyyatında olması səbəbindən əlavə kommunal xərclər ödəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, iddiaçı ilə qonşu olmaqla, 43 ildir ünvan 2 ünvanında yaşayır. Cavabdeh ididaçının keçmiş həyat yoldaşıdır. Onların birgə nikahlarından 2 uşaqları vardır. Cavabdeh uşaqlar doğulduqdan sonra, təxminən 20 ildən çoxdur ki, Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır. İddiaçı həmin mənzildə uşaqları və keçmiş qaynanası ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, 20 ildən çoxdur ki, iddiaçının qonşuluğunda - ünvan 3 ünvana köçdükdən bu günə kimi cavabdehi heç vaxt görməmiş və tanımamışdır. İddiaçı həmin mənzildə uşaqları və qaynanası ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, doğulandan ünvan 4 ünvanında yaşayır. O, cavabdehi axırıncı dəfə 3-cü sinifdə oxuyanda görmüşdür. O gündən sonra cavabdehi bir daha görməmiş, iddiaçıya məxsus mənzilə gedib-gəlməsinin şahidi olmamışdır. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 24.09.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, X2 özünə məxsus ünvan 5 ünvanda yerləşən mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında İddiaçı adına 10.10.2018-ci il tarixdə qeydə alınmış, reyestr kitabında ********** nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat birliyi Kooperativ Binalar üzrə Xidmət Sahəsinin 17.05.2021ci il tarixli 137 nömrəli arayışından görünür ki, Cavabdeh göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir həmin ünvanda yaşamır. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-385/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 31.08.1985-ci ildə Gəncə şəhəri Nikah evində 960 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhəri Kəpəz rayonu, 3-cü mikrorayon ev 10, 2 saylı mənzil 10.10.2018-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh isə onun keçmiş həyat yoldaşıdır. O, əvvəlki mülkiyyətçi, yəni iddiaçının keçmiş qaynanasının ailə üzvü – oğlu olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış nikah qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə pozulmuşdur. Mənzil anasının mülkiyyətində olduğu dövrlərdə cavabdehin həmin mənzildən istifadə hüququ yaranmış olsa da, cavabdeh 20 ildən artıqdır ki, həmin mənzildə yaşamır, özünə daimi olaraq başqa yaşayış sahəsi seçmiş və mənzillə bütün əlaqələrini kəsmişdir. Cavabdeh qeyd olunan mənzildən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxsin mənzilində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1808/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1808/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver