Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1809/2022 27.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi (maraqlı şəxs DSMF-nin Gəncə şəhəri Kəpəz rayon Şöbəsi) “işləmə faktının müəyyən edilməsi”nə dair ərizəsininin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, onun 1984-cü ilin sentyabr ayından 1989-cu ilin noyabr ayına kimi Ermənistan Respublikasının Yexenadzor rayonun Sallı kəndindəki sovxozda “biçinçi” kimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1984-cü ilin sentyabr ayında Ermənistan Respublikasının Yexenadzor rayonun Sallı kənd sovxozunda biçinçi kimi işə qəbul edilmişdir. Həmin kolxozda 1989-cu ilin noyabr ayına kimi işləmişdir. Bu faktı onunla kolxozda işləyən iş yoldaşları təsdiq edə bilərlər. Milli münasibətlərin dəyişməsi ilə bağlı 1989-cu ildə Azərbaycan Respublikasına qaçqın kimi gəlməyə məcbur olmuşdur. Azərbaycana gələn zaman o, özünə məxsus olan əmək kitabçasını götürmək üçün dəfələrlə sovxoza getsə də, qəsdən vermədilər ki, sonra gəlib götürərsən. Milli münasibətlərin kəskin dəyişməsi ilə bağlı sənədlərin çoxunu əldə edə bilməmiş, o cümlədən əmək kitabçasını almağa imkan verməmişlər. Buna görə də işlədiyi sovxozdan əmək kitabçasını götürə bilməmişdir. Azərbaycana gəldikdən sonra onun işlədiyi iş yerində yeni əmək kitabçası yazılmışdır. Lakin, əmək kitabçasınada Ermənistanda sovxozda işləməsi qeyd edilməmişdir. Hazırda onun pensiya yaşı tamam olub və pensiyaya çıxmaq istəyir. Lakin, əmək kitabçasında sovxozda işləməsi qeyd edilmədiyindən maneələrə rast gəlir. Sovxozda işləməsinə dair əmək kitabçasını təqdim edə bilmədiyindən, ona bildirdilər ki, məhkəməyə “işləmə faktının müəyyən edilməsinə dair ərizə” ilə müraciət etməli, məhkəmə tərəfindən qətnamə qəbul edildikdən sonra sovxozda işləməsinə dair əmək stajı ona təyin edilmiş pensiyaya daxil edilə bilər. O da bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi 18.06.2021-ci il tarixdən İİ qrup əlil kimi qeydə alınmış və ona həmin tarixdən etibarən İİ qup əlilliyə görə 130 manat müavinət təyin edilmiş, 01.01.2022-ci il tarixdən isə müavinətin məbləği 180 manat olmuşdur. Ərizəçi ərizəsində yaşa görə pensiyaya çıxmaq istədiyini, lakin əmək kitabçasında qeyd edilən əmək stajının buna kifayət etmədiyini bildirərək, onun 1984-cü ilin sentyabr ayından 1989-cu ilin noyabr ayına kimi Ermənistan Respublikasının Yexenadzor rayonun Sallı kəndindəki sovxozda “biçinçi” kimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 25 aprel 2022-ci il tarixli **********3 nömrəli Ərizəçi müraciətinə cavab məktubundan görünür ki, onun təqdim etdiyi əmək kitabçası, hərbi bileti, diplomun surəti və X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən onun sığorta stajı 19 il 10 ay olmaqla (18.11.1978-ci il tarixdən 12.11.1980-ci il tarixədək hərbi xidmət dövrü, 01.09.1981-ci il tarixdən 06.03.1984-cü il tarixədək əyani təhsil dövrü nəzərə alınmaqla) qanunla tələb olunan müddətdən (15 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 19319,34 manat pensiya kapitalı qanunvericiliklə 62 yaşa uyğun tələb olunan pensiya kapitalından (32486,4 manatdan) azdır və minimum pensiya təminatına (240 manat) imkan vermir. Həmin məktubdan göründüyü kimi, Ərizəçi yaşa görə pensiya təminatı alması üçün əmək stajı kifayət qədər çoxdur, onun yaşa görə pensiya təminatı almasına imkan verməyən hal onun əmək stajının kifayət etməməsi deyil, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qanunvericiliklə 62 yaşa uyğun tələb olunan pensiya kapitalından az olmasıdır. Başqa sözlə desək, onun 1984-cü ilin sentyabr ayından 1989-cu ilin noyabr ayına kimi Ermənistan Respublikasının Yexenadzor rayonun Sallı kəndindəki sovxozda “biçinçi” kimi işləməsi faktı müəyyən edilsə belə, mövcud vəziyyətdə o, yenə də yaşa görə pensiya təminatı ala bilməyəcək. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndində isə izah edilir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan qanunvericilik normalarını və Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyələri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi yaşa görə pensiya təminatı almaq üçün əmək kitabçası və digər sənədləri əsasında müəyyən edilən əmək stajı kifayət qədər çox olduğundan, onun 1984-cü ilin sentyabr ayından 1989-cu ilin noyabr ayına kimi Ermənistan Respublikasının Yexenadzor rayonun Sallı kəndindəki sovxozda “biçinçi” kimi işləməsi faktı müəyyən edilsə belə, hazırki halda bu faktın müəyyən edilməsi onun üçün əmlak hüququnun (pensiya hüququnun) əmələ gəlməsinə əsas verməyəcək. Yəni, bu faktın müəyyən edilməsinin onun üçün heç bir hüquqi əhəmiyyəti yoxdur. Qanunvericiliyə əsasən isə məhkəmə yalnız hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Hüquqi əhəmiyyəti olmayan faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “işləmə faktının müəyyən edilməsi”nə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1809/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1809/2022
27.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver