Məhkəmə qərarları › İş №2(043)-184/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-184/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-184/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, 3-mik, 13 nömrəli binanın onun mülkiyyətində olan 12 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh3 cavabdeh qismindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhər, Kəpəz rayonu, 3-cü mikrorayon, 13 nömrəli evin 12 nömrəli mənzili mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qardaşı uşaqlarıdır. Cavabdehlər ona məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar. Cavabdehlərdən ona məxsus mənzildən qeydiyyatdan çıxmalarını tələb etsə də lakin, həmin şəxslər müəyyən bəhanələr gətirərək qeydiyyatdan çıxmırlar. Hazırda cavabdehlər onun mülkiyyət hüququnu pozurlar. Belə ki, cavabdehlərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etsə də, lakin ona imtina edilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq onun evində qeydiyyatda dururlar. Cavabdehlər onun evində qeydiyyatda olduqlarına görə məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur və 30 il olar ki, Rövşən sözügedən mənzildə yaşayır. Cavabdehlərin həmin mənzildə faktiki olaraq yaşamadıqlarını və onları tanımadığını qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. Sözügedən mənzildə İddiaçı özü yaşayır. Cavabdehlərdən heç birini tanımır və onların faktiki olaraq həmin mənzildə yaşamalarını görməmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 13 nömrəli binanın 12 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; AZE******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 13 nömrəli binanın 12 nömrəli mənzilində qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 13 nömrəli binanın 12 nömrəli mənzilində qeydiyyatdadırlar. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 6 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 285 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 13 nömrəli binanın 12 nömrəli mənzilində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmalarına baxmayaraq həmin mənzildə faktiki olaraq yaşamırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi mənzil mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 13 nömrəli evin İddiaçı mülkiyyətində olan 12 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 13 nömrəli binanın İddiaçı mülkiyyətində olan 12 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar