Məhkəmə qərarları › İş №2(043)-1840/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1840/2021

11.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1840/2021 11.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək 29.08.2015-ci il təvəllüdlü X1 atadan mənşəyinin təsdiq edilməməsi, tək valideyn olaraq uşağa dair bütün valideynlik hüquqlarına özünün məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin qeyd etdiyi məsələdən onun hər hansı şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və ya xitam verilməsi asılı deyildir. Buna görə də bu fakt hüquqi əhəmiyyətli fakt hesab edilmir. Məhkəmə isə yalnız hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsinə dair işlərə baxır. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, həmin faktın müəyyən edilməsi ona Türkiyə Respubikasında daimi yaşamaq icazəsinin alınması üçün lazımdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd olunan hal, yəni uşağın atadan mənşəyinin müəyyən edilməməsi doğum akt qeydini aparmış qeydiyyat şöbəsinə məlum olduğundan bu faktın ayrıca məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas yoxdur. Həmin fakt qeydiyyat şöbəsindən verilən arayışla da təsdiq edilə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Ərizəçi ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə ərizəsində göstərdiyi faktı təsdiq edən arayış almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə müraciət etməli olduğu izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar