Məhkəmə qərarları › İş №2(043)-1883/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1883/2021

08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1883/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, döngə 1, 18 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2002-ci ildən mülkiyyət hüququ əsasında mərhum anası X1 adına qeydə alınmışdır. Həmin fərdi yaşayış evini anası 2002-ci ildə alqı-satqı müqaviləsinə əsasən alımışdır. Alqı-satqı zamanı cavabdehelər tezliklə mənzildən qeydiyyatdan çıxacaqlarını bildirsələr də, indiyədək qeydiyyatdan çıxmamışlar. Anası 20.07.2020-ci il tarixdə vəfət etmiş və həmin ev vərəsəlik hüququ əsasında 02.03.2021-ci il tarixdə onun mülkiyyətinə keçmişdir. Hazırda cavabdehlərin harada yaşamaları ona məlum deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. Cavabdehlər mənzilin əvvəlki sakinləridir. Onlar 2002-ci ildə iddiaçının anası evi aldıqdan sonra evdən çıxıb getmişlər. Həmin vaxtdan etibarən onları bir daha görməmişdir. Məhkəmə, iddiaçının izahatını, şahidin ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti döngə 1, ev 18 şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına 02.03.2021-ci il tarixdə qeydə alınmış, reyestr kitabında ********** nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, 06.05.1991-ci il təvəllüdlü Cavabdeh1, 10.05.1983-cü il təvəllüdlü Cavabdeh2, 13.06.1966-cı il təvəllüdlü Cavabdeh3, 01.01.1999-cu il təvəllüdlü Cavabdeh4 və 18.12.1981-ci il təvəllüdlü Cavabdeh5 Gəncə şəhər, Ş.İ.Xətai prospekti, döngə 1, ev 18 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İddiaçı həmin orqana ünvanladığı ərizəsinə 23.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, 06.05.1991-ci il təvəllüdlü Cavabdeh1, 10.05.1983-cü il təvəllüdlü Cavabdeh2, 13.06.1966-cı il təvəllüdlü Cavabdeh3, 01.01.1999-cu il təvəllüdlü Cavabdeh4 və 18.12.1981-ci il təvəllüdlü Cavabdeh5 Gəncə şəhər, Ş.İ.Xətai prospekti, döngə 1, ev 18 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla biləcəyi ünvan sahibinə izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş 19.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həqiqətən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, döngə 1, ev 18 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhəri Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, döngə 1, ev 18 ünvanda yerləşən fərdi yaşayış 02.03.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar