Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1891/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakı ilə birlikdə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlakı ilə birlikdə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmlakı ilə birlikdə ona məxsus olan Gəncə şəhəri, Əfəndiyev küçəsi, 5 saylı ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünavnlayaraq, cavabdehin və cavabdehə məxsus 1 ədəd iki nəfərlik taxta çarpayı, iki ədəd dolab, bir ədəd paltar şkafı, bir ədəd güzgülü trimo, 1 ədəd tozsoran, beş ədəddən ibarət alüminium qazan dəsti və üç ədəd paltar yumaq üçün ləyənin ona məxsus olan Gəncə şəhəri, Əfəndiyev küçəsi, 5 saylı ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Əfəndiyev küçəsi, 5 saylı ev mülkiyyət hüququ üzrə ona məxsusdur. Onun oğlu X4 Cavabdeh ilə faktiki olaraq 2010-cu ilin avqust ayında evlənməklə nikahlarını xx xxxxxx 2011-ci ildə rəsmi qeyd etdirmişlər. Nikah dövründə onların iki uşağı anadan olmuşdur. Cavabdeh gəlin gələn vaxtdan nə əri ilə, nə də onunla yola getməmişdir. X6 cavabdehin dözülməz rəftarına görə neçə ildir ki, Bakı şəhərinə getmiş, hərdən bir evə gəlir. Cavabdehlə bir mənzildə yaşamaq mümkün deyildir. Cavabdeh daim onu ağır nalayiq sözlərlə təhqir edir, hətta bir neçə dəfə onu döymüşdür. Cavabdehlə birlikdə mənzildə yaşaması mümkün deyildir. Cavabdeh mübahisəli ünvana 2010-cu ilin avqust ayında gəlin kimi köçmüş, lakin həmin ünvandan istifadə hüququ qazanmamışdır. Belə ki, mübahisəli mülkdən istifadə hüququ əldə etməsi yalnız evin mülkiyyətçisi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilə bilərdi. Lakin onunla cavabdeh arasında belə bir müqavilə bağlanmamış və cavabdehin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdehin həmin evdə heç bir hüququ olmadığına görə və onunla birgə yaşamaq qeyri-mümkün olduğu üçün o, əmlakı ilə birlikdə evdən çıxarılılmalıdır. O dəfələrlə cavabdehdən mənzili boşaltmasını tələb etmiş, lakin cavabdeh mənzildən çıxmaqdan imtina etmişdir. Nəhayət, o məcur olub məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulur, ona məxsus mülkdən istifadə edə bilmir. Cavbadehin mübahisəli mülkdə qeydiyyatı yoxdur, iddiaçı cavabdehin həmin evdən çıxarılması tələbində haqlıdır. Hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əfəndiyev küçəsi, 5 nömrəli ev İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; İş materiallarına əlavə olunmuş nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X4 ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanılmış, nikahın bağlanması akt qeydləri kitabında 591 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası kimi mülkiyyət hüququ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Əfəndiyev küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdeh iddiaçının oğlu ilə ailə qurduqdan sonra iddiaçının şifahi razılığı ilə iddiaçıya məxsus evə gəlin köçmüş və əşyalarını da həmin evdə yerləşdirmişdir. Hazırda iddiaçı cavabdehlə münasibətlərinin pis olmasını və onunla birlikdə yaşaya bilmədiyini əsas gətirərək cavabdehin evdən çıxmasını tələb edir. İddiaçı evin mülkiyyətçisi olduğundan həmin tələbi irəli sürməsinə hər hansı maneə yoxdur. İddianın təmin olunmasına mane olan hal kimi cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması yoxlanılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (xx.xx.2011-ci il) yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı məsələlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh C.Məmmədova arasında istifadə hüququnun yaranması və xitamı ilə bağlı notarial razılaşma da yoxdur. Buna görə də tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-сi maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyəçilər çıxış edir. Cavabdeh göstərilən normaların tələbi baxımından ailə-hüquq münasibətlərinə uyğun olaraq iddiaçıdan özünün saxlanmasını tələb etmək hüququna malik olmadığından və cavabdehlə iddiaçının arasında istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiq edilmiş yazılı razılaşma olmadığından iddiaçının tələbi təmin edilməli, cavabdeh və ona məxsus əşyalar iddiaçıya məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh və ona məxsus olan 1 ədəd iki nəfərlik taxta çarpayı, iki ədəd dolab, bir ədəd paltar şkafı, bir ədəd güzgülü trimo, 1 ədəd tozsoran, beş parçadan ibarət alüminium qazan dəsti və üç ədəd paltar yumaq üçün ləyən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əfəndiyev küçəsində yerləşən 5 saylı evdən çıxarılsın. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1891/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1891/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver