Məhkəmə qərarları › İş №2(043)-2009/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2009/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2009/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüquna xitam verilməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 saylı binanın ,27 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 saylı binanın, 27 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2014-cü il tarixdə, 4Ə-138 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 saylı binanın, 27 saylı mənzilini X4 almışdır. Həmin mənzili alan vax mənzildə X8, X2 və X7 qeydiyyatda olmuşlar. X1 və X2 mənzildən qeydiyyatdan çıxsalar da, X7 mənzildən qeydiyyatdan çıxmamışdır. xx.xx.2020-ci il tarixdə notariat hərəkəti aparılan zaman ona məlum olmuşdur ki, mənzildə X3 başqa daha iki nəfər Cavabdeh1, Cavabdeh3 qeydiyyatdadırlar. Həmin iki nəfər şəxsi tanımır və onlar mənzildə formal olaraq qeydiyyatdadırlar. Cavabadehlərin ona məxsus olan mənzildə qeydiyyatda olmaları mülkiyyət hüququnu pozur, əlavə kommunal xərclərin ödənilməsi ilə yanaşı mənzil üzərində sərəncam vermək hüququnu pozur. Bu isə onun şəxsi büdcəsinə mənfi təsir edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları yer üzrə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq həmin ünvandan köçdükləri üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 saylı binanın, 27 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; xx.xx.2014-cü il tarixli, 4Ə-138 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 saylı binanın, 27 saylı mənzilini alqı-satqı yolu ilə cavabdehlərdən almışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 saylı binanın, 27 saylı mənzilində qeydiyyatdadırlar. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli M-607 nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 saylı binanın, 27 saylı mənzilində daimi qeydiyyatda olsalar da mənzil alqı satqı olunan tarixdən yən, xx.xx.2014cü il tarixdən həmin ünvanda yaşamayıblar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi mənzil mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 saylı binanın, 27 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər Bı̇ nnətova Rəna Lətif qızının, Bı̇ nətzadə Rizvan Nürəddin oğlunun və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 1 nömrəli evin 27 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar