Məhkəmə qərarları › İş №2(043)-2009/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2009/2021

17.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2009/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə şəhəri 3 saylı Notariat Kontoru) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın onun tərəfindən vərəsə olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini oununla əsaslandırmışdır ki, atası X17 və anası X2 1967-ci ildə evlənmişlər və anası o zaman atasının yaşadığı ünvan 2 ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin evlilikdən xx.xx.1969-cu ildə o anadan olmuşdur. 1980-ci ildə anası X2 vəfat etdikdən sonra elə həmin ildə atası X17 analığı X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onu yaşadıqları evə gətirmişdir. 1989-cu ildə atası vəfat etmişdir. 1992-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 24 avqust tarixli, 1475 nömrəli sərəncamı ilə yaşadıqları ünvan 2 ünvanda yerləşən, atası X14 məxsus, sahələri 13,9 kv.m və 17,6 kv.m olan iki yaşayış otağından, 19,1 kv.m olan örtülü eyvan, 11.5 kv.m və 7.3 kv.m mətbəxdən ibarət olan kommunal mənzil X16 veteranının dul qalmış arvadı kimi ögey anası X5 adına özəlləşdirilməklə onun xüsusi mülkiyyətinə verilmişdir. 1992-ci ildə o, X6 ilə evlənib, onu həmin evə gəlin gətirmişdir. 1997-ci ildə həmin evdə onların Xəyal adlı oğlu dünyaya gəlib. Ögey anası X12 2018-ci ildə vəfat etmişdir. Yeganə vərəsə olaraq o həmin evdə qeydiyyatdadır və həmin evdə yaşayır. O, atasından qalma, özünün doğulduğu, böyüyüb başa çatdığı və halhazırda qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanda yerləşən evə dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə ünvan 3 Kontoruna müraciət etmiş, Notarius evin analığı X3 adına olmasını, onunla qohumluq faktını müəyyən edən hüquqmüəyyənedici sənədlər olmadığını bildirərək vərəsəlik işi açmaqdan və ona həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Yuxarıda qeyd etdiyi kimi vərəsəlik üçün müraciət etdiyi ev atasının evi olub, o həmin evdə doğulmuş, böyümüş, evlənmiş, hazırda da orada qeydiyyatda olmaqla, yaşayır və ev faktiki olaraq onun şəriksiz, həmçinin mübahisəsiz mülkiyyətindədir. Ondan başqa evə vərəsəlik üçün iddialı heç kimsə yoxdur. Analığı o evdə ola-ola ora gəlin gəlib. Onu ana kimi qəbul etmişdir. Həm atasının sağlığında, həm də atasının vəfatından sonra onlar həmin evdə birlikdə yaşamışlar. Analığı öldükdən sonra evi miras kimi qəbul etmiş və evin idarəçiliyi ona keçmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri 3 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi atası X17, anası X1r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 01.09.1980-ci il tarixdə Gəncə şəhərində Asma xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X17 ilə X10 arasında olan nikah 11.12.1980-ci il tarixdə 30 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 10.12.1989-cu il tarixdə Gəncə şəhərində ürəyin isemik xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 12.11.2018-ci il tarixdə Göygöy rayonu Mollacəlilli kəndində hipertenziya səbəbindən ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş 28.10.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 24.08.1992-ci il tarixli, 1475 saylı sərəncamına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi bina 5, 3 saylı mənzil (31,5 kv.m iki yaşayış otaqları, 19,1 kv.m köməkçi sahə) X4 mülkiyyətinə verilmişdir. X7 09.09.1992-ci il tarixli 7546 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Gəncə şəhəri 3 saylı Notariat Kontoru tərəfindən verilmiş 26.11.2020-ci il tarixli 116 saylı məktubdan görünür ki, miras qoyan mərhum X8 məxsus Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsi Azərbaycan küçəsi ev 5-də yerləşən miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün Azərbaycan Respublikası; Mülki kəlləsinin 1159cu maddəsində nəzərdə tutulmuş qohumluq faktını müəyyən edən hüquqmüəyyənedici sənədlər olmadığına görə Gəncə şəhəri 3 saylı notariat ofisində vərəsəlik işinin təsdiq edilməsi mümkün olmamışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən mənzil ərizəçinin atasının istifadəsinə verilmiş, atası 10.12.1989-cu ildə vəfat etdikdən sonra mənzil atası ilə rəsmi nikahda olan, ərizəçinin ögey anası X4 mülkiyyətinə verilmişdir. Püstə Hüseynova 2018-ci ildə vəfat etmiş, həmin tarixədək ərizəçi analığı ilə birlikdə sözügedən mülkdə yaşamışlar. Ərizəçi ögey anasının ölümündən sonra onun mülkiyyətində olan evə dair vərəsəlik hüququnun tanınması barədə Notariat Kontoruna müraciət etsə də, onunla mülkiyyətçi arasında qohumluq münasibəti müəyyən edilmədiyindən müraciəti təmin olmamışdır. Ərizənin ögey anası vəfat etməmişdən əvvəl mənzilə dair ərizəçiyə vəsiyyətnamə də verməmişdir. Hazırda ərizəçi ögey anasından miras qalmış əmlakı vəsərəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. - İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. - Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. - Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. - Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 5 ünvanda yerləşən mənzilin mülkiyyətçisi Püstə Hüseynovaya münasibətdə Ərizəçi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmadığından, o, miras qoyandan miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul edə bilməz. Odur ki, qeyd edilən mənzilin vərəsə kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizəçinin ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar