Məhkəmə qərarları › İş №2(043)-2011/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2011/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2011/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22.05.2018-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsiəsasında Gəncə, Kəpəz, H.Əliyev prospekti, ev 37, 36 ünvanda yerləşən mənzil ona satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində onun mülkiyyət hüququ 23.05.2018-ci il tarixdə qeydə alınmışdır. Evi o alarkən, danışıqlar əsnasında cavabdehlərlə razılaşma əldə edilmişdir ki, bir ay müddətində qeydiyyatdan çıxacaqlar. Lakin, cavabdehlər tərəfindən ona verilmiş telefon nömrəsi ləğv edildiyindən əlaqəsi kəsilmişdir. Hazırda cavabdehlərin harda hansı ünvanda yaşamaları barədə heç bir məlumatı yoxdur. Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə cavabdehlərin qeydiyyatdan çıxarılmaları barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, məhkəmə qaydasında çıxarılmalıdırlar. O, evi alarkən ev tam boş vəziyyətdə olubdur, cavabdehlərə məxsus heç bir əmlak və ya əşya qalmamışdır. Cavabdehlərlə heç bir qohumluq əlaqələri yoxdur, onların evdən nə vaxt qeydiyyatdan çıxacaqları barədə aralarında heç bir müqavilə olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdehlərin ona məxsus ünvan 4 ünvanda yerləşən yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. Cavabdehlər iddiaçıya məxsus evin keçmiş sakinləridir. İddiaçı evi əldə etdikdən sonra onlar sözügedən evdən çıxıb getmişlər. Həmin vaxtdan etibarən onları bir daha görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yerləşən ünvan 5 ünvanında yaşayır. Cavabdehlər evin əvvəlki mülkiyyətçisinin ailə üzvləri və qohumlarıdır. Onlar sözügedən evdə əvvəllər yaşasalar da, iddiaçı mənzili aldıqdan sonra çıxıb getmiş və həmin vaxtdan etibarən onları bir daha görməmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AN-İ № 06801341 nörməli 22.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ev 37, 36 ünvanda yerləşən mənzili alıcı İddiaçı qızına satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı 22.05.2018-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür İş materiallarında olan RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına 23.05.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İddiaçı həmin orqana ünvanladığı ərizəsinə 01.05.2021-ci il tarixli cavab məktubundan görünür ki, 19.11.1959-cu il təvəllüdlü Cavabdeh1, 06.06.1979-cu il təvəllüdlü Cavabdeh2, 22.10.1996-cı il təvəllüdlü Cavabdeh3, 08.09.1995-ci il təvəllüdlü Cavabdeh4 Çoşqun oğlu, 24.05.1977-ci il təvəllüdlü Cavabdeh5, 31.05.1989-cu il təvəllüdlü Cavabdeh6 və 14.08.1990-cı il təvəllüdlü Cavabdeh7 Gəncə şəhəri, Kəpəz rayonu H.Əliyev prospekti, ev 37 mənzil 36 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla biləcəyi ünvan sahibinə izah edilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli 838 saylı arayışdan görünür ki, həqiqətən Gəncə şəhəri H.Əliyev prospekti, ev 37, mənzil 36 ünvanında qeydiyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 12 ünvanda yerləşən mənzil 23.05.2018-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə əvvəlki mülkiyyətçinin ailə üzvü və yaxın qohumları olmaqla əvvəllər həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər iki ildən artıqdır ki, iddiaçıya məxsus mənzili tərk etmiş, həmin mənzillər bütün əlaqələrini kəsmişlər, özlərinə daimi olaraq başqa yaşayış yeri seçmişlər. Cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 6 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar