Məhkəmə qərarları › İş №2(043)-2040/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2040/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2040/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənin ləğv olunması və pul tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 21.11.2021-ci il tarixli müqavilənin ləğv olunması və ilkin ödəniş olaraq ödənilən 8776 manatın, əlavə söküntü üçün ödənilən 1000 manatın, kredit ödənişi olaraq ödənilən 650 manatın və əlavə olaraq dizayna olunmuş dəyişikliyə görə ödənilən 2400 manatın, ümumilikdə 12826 manat pulun və 130 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisənin qanunvercilikdə nəzərdə tutulmuş şəkildə məhkəməyə qədər nizama salınması qaydasına düzgün riayət etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdeh ilə aralarında bağlanılmış müqavilənin ləğv edilməsini xahiş etmiş və iddia ərizəsinə mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı 23 may 2022-ci il tarixli pretenziya məktubunu əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd olunan maddi hüquq normasından görünür ki, müqaviləni ləğv etmək istəyən tərəf əvvəlcə bu barədə qarşı tərəfə müqaviləni ləğv etmək istəməsi ilə bağlı təklif irəli sürməlidir. Qarşı tərəf müqavilənin ləğvindən imtina etdikdə və ya təklifdə göstərilən müddətdə, müddət göstərilmədikdə isə 30 gün ərzində ondan cavab alınmadıqda, müqaviləni ləğv etmək istəyən tərəf bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı "xxxx" MMC-yə aralarında bağlanmış müqavilənin ləğv edilməsi təklifi ilə bağlı 23 may 2022-ci il tarixli pretenziya məktubu göndərmişdir, lakin həmin təklifdə o, qarşı tərəfdən cavab alınması üçün müddət müəyyənləşdirməmişdir. "xxxx" MMC-nin müqavilənin ləğvindən imtina etməsinə dair sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda, iddiaçı yalnız Mülki Məcəllənin 423.2-ci maddəsində nəzədə tutulan 30 günlük müddət keçdikdən sonra müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Lakin, o, həmin müddəti gözləmədən, yəni qanunla müəyyənləşdirilmiş mübahisənin məhkəməyəqədər nizama salınmasına dair qaydaya tam riayət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1.5-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənin ləğv olunması və pul tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar