Məhkəmə qərarları › İş №2(043)-2082/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2082/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2082/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 4, 3 saylı mənzildən istifadə hüququnun itirilməsi məyyən edən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Onunla evləndikdən sonra ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 4, mənzil 3 saylı mənzildə təxminən 2 ay yaşamışlar və sonradan daimi yaşamaq üçün Türkiyə Respublikası getmişlər. Cavabdehlə ilk vaxtlarda normal yaşamışlar. Lakin, sonradan aralarında fikir ayrılığı əmələ gəlmişdir. Bu səbəbdən aralarında mütəmadi olaraq narazılıq, söz-söhbət olmağa başlamışdır. Nəhayət, bu narazılığa son qoymaq məqsədilə Türkiyə Respublikasının Bursa şəhər Məhkəməsinə nikahın pozulması üçün müraciət etmişlər. Türkiyə Respublikasının Bursa 3-cü Ailə Məhkəməsinin 07.11.2018-ci il tarixli qərarına əsasən Cavabdeh ilə aralarında olan nikah pozulması qərara alınmışdır. Cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra o bir müddət orada yaşamışdır və 2020-ci ilin avqust ayında Azərbaycan Respublikasına qayıtmışdır. Təxminən 10 aydır ki, doğma vətənində yaşayır. Bu müddət ərzində cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması səbəbindən müxtəlif məbləğdə kommunal xidmətləri artıq ödəməli olur. Bu səbəbdən əlavə maddi xərclərin azalması üçün onun məhkəmə qaydasında mənzildən qeydiyyatdan çıxarılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı Müfəzzər oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Solmaz onun keçmiş həyat yoldaşı olmuş və 2013-də evlənmişlər, cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 4, 3 saylı mənzildə 2 ay yaşamış, bundan sonra Türkiyə Respublikası köçüb orada yaşamışlar. Cavabdeh gəlin gələrkən özü ilə cehiz gətirməmişdir. 2018-ci ildə ayrılmışlar və nikahları Türkiyə Respublikasında məhkəmə qaydasında pozulmuşdur. Onun evindən cavabdehin istifadə hüququ yoxdur. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, zil şoferidir, İddiaçı ilə qonşudurlar. Tural Cavabdeh ilə 2013-cü ildə evlənib, 1-2 ay Turala məxsus mənzildə yaşadıqdan sonra Türkiyə Respublikası çıxıb getmişlər. Həmin vaxtdan Cavabdeh görməmiş və həmin mənzildə yaşamamışdır. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhər, Kəpəz rayonu, V.Xuluflu küçəsində istifadədə olan 0.0494 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 30.6 kv.m ümumi, 17.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 145 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Türkiyə Respublikası Bursa 3.Ailə Məhkəməsinin 07.11.2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10(102)-40/021 saylı, 10.03.2021-ci il tarixli qərardadından görünür ki, Türkiyə Respublikasının Bursa 3-cü Ailə Məhkəməsinin 07.11.2018-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 379728 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 07.11.2018-ci il tarixində nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş İHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəsinin 25.06.2021-ci il tarixli, 925 nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 4, 3 saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq göstərilən ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş DİN “yaşayış yeri üzrə qeydiyyat haqqında” 23.06.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Gəncə şəhər, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 4, mənzil 3 nömrəli mənzildə qeydiyyatdadır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Gəncə şəhər, Kəpəz rayonu, V.Xuluflu küçəsində istifadədə olan 0.0494 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 30.6 kv.m ümumi, 17.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 nömrəli mənzil Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında 2007-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında olan nikah 20.08.2013-cü ildə bağlanılmış, Türkiyə Respublikasının Bursa 3-cü Ailə Məhkəməsinin 07.11.2018-ci il tarixli qərarına əsasən cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi pozulmuş, cavabdeh iddiaçının ailə üzvlüyündən çıxmışdır. Beləliklə, müəyyən edilir ki, mübahisəli evlə bağlı hüquq münasibətləri 2013-cü il tarixdə yaranmışdır. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və birgə nikah dövründə əldə edilməmişdir. İddiaçı ilə cavabdeh arasında evdən istifadə ilə bağlı hər hansı yazılı razılaşma mövcud deyildir və cavabdehin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat yoxdur. Buna görə də mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi istisna olunur. Tərəflər arasındakı hüquq münasibətləri 1 oktyabr 2009-cu il tarixdən sonra yarandığından hüquq münasibətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən 1 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Şərh olunan normalardan göründüyü kimi, Cavabdeh ilə mənzilin mülkiyyətçisi olan İddiaçı ailə münasibətlərinə 2018-ci il tarixdə xitam verilmişdir, cavabdeh sonuncu dəfə həmin mənzildə 2013-cü ildə yaşamaqla özünə başqa yaşayış yeri seçmiş, mənzildə pasport qeydiyyatında formal olaraq qalır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçini ailə üzvü hesab edilməyən şəxsin onun mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, cavabdehin mənzildə qeydiyyatı formal olaraq qalmaqla, iddiaçının qeyd edilən mənzilə olan hüquqlarını məhdudlaşdırır və cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur qalır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhər, Kəpəz rayonu, V.Xuluflu küçəsində istifadədə olan 0.0494 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 30.6 kv.m ümumi, 17.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 nömrəli mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh qızı İddiaçı mülkiyyətində olan Gəncə şəhər, Kəpəz rayonu, V.Xuluflu küçəsində istifadədə olan 0.0494 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 30.6 kv.m ümumi, 17.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 nömrəli mənzilə olan istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar