Məhkəmə qərarları › İş №2(043)-2110/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2110/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2110/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, ev 3, 51 saylı mənzilə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 3, 51 saylı fərdi yaşayış evi order əsasında ona məxsudur və həmin mənzil 1993-cü ildən etibarən onun istifadəsində və sahibliyindədir. Övladları Namiq, Vüqar, Nuranə, həyat yoldaşı Rəfiqə, nəvəsi Əbülfəz həmin mənzildə qeydiyyatdadırlar. Hazırda ailə üzvləri həyat yoldaşı, oğlu Vüqar və onun ailəsi ilə birlikdə həmin mənzildə yaşayırlar. Digər oğlu Cavabdeh 2012-ci ildə Rusiya Federasiyasına getmişdir. Namiq orada ailə qurmuş və özünə orada daimi yaşayış yeri seçməklə həmin vaxtdan etibarən hazırki vaxta qədər orada yaşamaqdadır. O hazırda cavabdehin kompensasiya verilmədən mülkiyyətində olan mənzildən yaşayış hüququna xitam verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, bunun üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, cavabdehin hazırda ehtiyacı olmayan mənzildə qeydiyyatda olması və həmin mənzilə istifadə hüququnun saxlanılması onun həmin mənzillə bağlı hüquqlarını məhdudlaşdırır. Belə ki, hazırda həmin mənzil üç kiçik otaqdan ibarət olmaqla ailə üzvlərinin normal yaşaması üçün əlverişli deyildir. Gələcəkdə həmin mənzilin özəlləşdirilməsi, satılması və ya barəsində digər sərəncamverici hüquqlarının həyata keçirilməsi məhdudlaşmışdır. Cavabdeh artıq 9 ilə yaxın müddətdir ki, ona məxsus evdən istifadə etməmiş, həmin evə olan hüquqlarını itirmişdir. Bundan başqa xeyli müddətdir ki, yaşayış üçün özünə başqa yer seçmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə, yəni cavabdehə kompensasiya vermədən onun istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı 10.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, ev 3, 51 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. İddiaçı onun qonşusudur. Cavabdeh İddiaçı oğludur. Cavabdeh 2009cu il tarixdə evləndikdən bir müddət sonra Rusiyaya köçüb getmişdir və təxminən 10-12 il olar ki, cavabdeh sözügüdən ünvanda yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. İddiaçı onun qonşusu, cavabdeh isə iddiaçının oğludur. 20 ildən çoxdur ki, həmin ünvanda yaşayır. Əvvəllər mübahisəli mənzildə İddiaçı öz ailə üzvləri ilə birgə yaşamışlar. Namiq 10 il olar ki, Rusiyaya köçmüşdür, hazırda da orada yaşayır. Ən azı 8 ildir ki, cavabdehin həmin ünvanda yaşadığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, İddiaçı onun yoldaşı, Cavabdeh isə onun oğludur. Onlar artıq 20 ildən çoxdur ki, sözügedən mənzildə yaşayırlar. Həmin mənzildə o, yoldaşı, iki oğlu və bir qızı ilə yaşamışlar. Oğlu Namiq 2012-ci ildə yaşamaq və işləmək üçün Rusiya Federasiyasına köçüb getmişdir. Oğlu ilə tez-tez telefon vasitəsilə əlaqə saxlayır və evin sənədləşdirilməsi üçün gəlməli olduğunu ona deyir. Oğlu isə ona evdən heç bir pay istəmədiyini, Azərbaycana qayıtmayacağını və Rusiyada yaşayacağını bildirmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 41318113 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Kəpəz Rayon İcra Hakimiyyətinin 375 nömrəli, 6 yanvar 1994-cü il tarixli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən üç otaqlı mənzil İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri – arvadı X1, oğulları Cavabdeh, X5 və qızı X3 istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Cavabdehin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 3 order əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının oğludur. Cavabdeh 2012-ci ildən hazırda iddiaçının mülkiyyətində olan mənzili könüllü olaraq tərk etmiş, həmin mənzildən istifadə etməmişdir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar