Məhkəmə qərarları › İş №2(043)-2203/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2203/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2203/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evdən və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli 2(043)-2730/2020 saylı qətnaməsinə əsasən, Gəncə şəhəri Kəpəz rayonu Neftçilər küçəsi 13A saylı yaşayış evini Cavabdeh razılaşma yolu ilə 17000 manata almışdır. Bu barədə aralarında 04.03.2021-ci il tarixli ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi bağlanmış və 12.03.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin müqavilədə satıcı Cavabdeh digər öhdəliklərlə bərabər 11-ci bəndində əsasən, 04.04.2021 il tarixinədək alıcı (ona) adı gedən fərdi evin təhvil verilməsinin və həmin tarixdən qeydiyyatdan çıxması barədə öhdəlik götürmüşdür. Eyni zamanda, Cavabdeh 27 yanvar 2021-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsində, 17000 manat pulu ondann bütövlüklə aldığını və qeydiyyatda olduğu Gəncə şəhəri Kəpəz rayonu Neftçilər küçəsi 13A saylı fərdi yaşayış evdən və qeydiyyatdan 3 ay müddətində çıxması barədə öhdəlik götürmüşdür. Cavabdeh həmin öhdəlikləri üzərinə götürməsinə və iki ay vaxt keçməsinə baxmayaraq, bu günədək evdən və qeydiyyatdan çıxmamışdır. Cavabdeh heç bir üzrlü səbəb irəli sürmədən könüllü evdən və qeydiyyatdan çıxmasına razılaşmır. Məhkəmə iclasında iddiaçı Cavabdeh iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2730/2020 saylı 30.11.2020-ci tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Neftçilər küçəsi, ev 13A və 15A nömrəli fərdi yaşayış evlərindən vərəsəlik qaydasında Cavabdeh ½ hissədə və İddiaçı ½ hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 27.01.2021-ci il tarixdə tərtib edilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh miras əmlak olan Gəncə şəhəri Kəpəz rayonu Neftçilər küçəsi, 13A saylı fərdi yaşayış evində məhkəmə qətnaməsi ilə müəyyən edilən ½ payını qardaşı İddiaçı 17000 manata satmışdır. Həmin evdən 3 ay müddətində qeydiyyatdan və evdən çıxaraq evi qardaşı İddiaçıa təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.03.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 1 ünvanda fərdi yaşayış evində olan ½ payını alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı 04.04.2021-ci il tarixinədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 12.03.2021-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İş materiallarında olan 09.07.2021-ci il tarixli 629 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda yaşamır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 3 ünvanında olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətində olmuşdur. Cavabdeh fərdi yaşayış evi üzərində olan ½ payını alqı-satqı yolu ilə iddiaçıya satmış və əmlak 12.03.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh iradəsini ifadə edib fərdi yaşayış evi üzərində olan paylı mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və evi tərk etmişdir. Həmçinin cavabdeh ərizəsində və alqı-satqı müqaviləsində evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan evdən köçsə də, evdə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan evə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin evdə qeydiyyatda qalması ona öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin evdən qeydiyyatdan çıxarılması üçün isə onun evdən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar