Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-228/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və onun vəkili X6, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 0,04 ha yaşayış təyinatlı torpaq sahəsinin xx xxxxxxxx 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşlar. Qeydiyyatları Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində AZ-İİ seriyalı, 236460 nömrə ilə qeydiyyata alınmışdır. Əslində isə 2006-cı ildən ər-arvad kimi birgə yaşamırlar. Dəfələrlə o cavabdehdən nikahlarının rəsmiləşdirilməsini xahiş etsə də, o günü-günə sataraq onu aldadırdı. Bunu cavabdehin özü, həm də qonşuları təsdiq edə bilər. Cavabdehlə 2005-ci ildə qonşusu Ədalətin evində işləyərkən tanış olmuşdur. 2006-cı ildə isə dayısının vasitəsi ilə onunla ailə qurmuşdur. Həmin ildən də atasından ona miras qalmış ünvan 1 mənzil 14 ünvanda yerləşən üç otaqlı evində birgə 7 il qeyri- rəsmi olaraq yaşamışlar. Birgə yaşayış dövrdə o cavabdehə 1000 (bir min) manat vermiş və o bu pula özünə maşın almışdır. Bir müddət sonra yaşadıqları evin yaxınlığında o, öz pulu ilə mal saxlamaq üçün maklerdən 2000 (iki min) manata torpaq sahəsi almışdır. ünvan 1 mənzil 14 ünvanda yerləşən ona məxsus üç otaqlı mənzilini sataraq, əldə edilən məbləğə həmin torpaq sahəsində ev tikdirmişdir. Bütün aparılar tikinti işləri onun pulu ilə görülüb. Cavabdeh ona qarşı olan etibarından sui istifədə edərək alınanların hamısını öz adına rəsmiləşdirib. O isə sonradan başa düşmüşdür ki, cavabdeh onu aldadıb. Bütün bu olanları qonşuları, tikinti işlərini aparan ustalar və tikinti üçün materiallar aldığı adamlar da təsdiq edə bilərlər. Daha sonra iddiaçı iddianın predmetinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 ABŞ dolları və 13110 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhəkəmədə Cavabdeh qarşı “torpağın qeydiyyatının ləğv edilərək öz adına rəsmiləşdirilməsinə dair” iddia qaldırmışdır. Lakin hesab edir ki, sözügedən iddia ərizəsində torpağın onun adına rəsmiləşdirilməsi əvəzinə, torpağın alınması və onun üzərində evin tikilməsi üçün çəkilmiş xərci Cavabdeh tələb etsə daha düzgün olar. Ona görə də iddianın predmetini dəyişmək qərarına gəlmişdir. Belə ki, Cavabdeh ilə 2006-cı ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahları 2013-cü ildə rəsmi qaydada qeydə alınıb. Cavabdehlə ailə qurduqdan bir müddət sonra valideynlərindən qalmış evini satıb, 3000 ABŞ dollarına torpaq sahəsi alaraq onun üzərində ev tikmişlər. Evin tikintisi və təmiri üçün çəkilən bütün xərcləri satdığı mənzilin pulu ilə o özü çəkmişdir. Həmin vaxt çəkilmiş bütün xərclər tərəfindən yazılıbdır. Ümumilikdə evin tikintisi və təmiri üçün 13110 manat pul xərcləmişdir. Bundan başqa, həmin vaxt avtomobil almaq üçün cavabdehə 3000 ABŞ dolları da vermişdir. Hazırda sözügedən avtomobil cavabdehin istifadəsindədir. Son zamanlar Cavabdeh ilə münasibətlərinin kəskinləşməsi səbəbindən ayrılmalı olmuşdur. Lakin onun pulları ilə alınmağına baxmayaraq, həm torpaq sahəsi, həm onun üzərində tikilmiş fərdi yaşayış evi, həm də avtomobil cavabdeh tərəfindən mənimsənilmişdir. O yalnız sonradan başa düşmüşdür ki, cavabdeh onu aldadaraq onun hesabına əsassız varlanmışdır. Ona görə də cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək qərarına gəlmişdir. Hesab edir ki, şəxsi vəsaiti hesabına onun tərəfindən çəkilmiş xərclər cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı ərizəsində göstərilənlərə uyğun izahat verib, bildirdi ki, 2006-cı ildən cavabdehlə ər-arvad münasibətində yaşamış, lakin nikahlarını 2013-cü ildə rəsmiləşdirmişlər. Cavabdeh onunla ailə qurduğu zaman küçələrdə yaşamış, heç bir pulu və əmlakı olmamışdır. Cavabdeh özünə məxsus mənzili satıb uşaqları üçün mənzil almışdır. Cavabdehi həyat yoldaşı kimi qəbul edib özünün yığdığı pulla və özünə məxsus olan mənzilin satışından əldə etdiyi pulla özlərinə torpaq sahəsi alıb həmin torpaq sahəsində ev tikmək qərarına gəlmişlər. Torpaq sahəsini 2007-ci ildə Sərvaz adlı vasitəçidən 7000 ABŞ dolları pul verərək almışlar. Pulun 2000 ABŞ dolları hissəsini özü tək vermiş, qalan 5000 ABŞ dollarının isə yarısını Musa, yarısını isə yenə o vermişdir. Torpaq sahəsi üçün verilən pulu öz şəxsi yığımından vermişdir. Torpaq sahəsi ailə başçısı kimi cavabdehin adına rəsmiləşdirilmişdir. 2009-cu ildə cavabdehə avtomobil alması üçün 3000 ABŞ dolları pul vermiş, cavabdeh də VAZ-21065 markalı ** CP *** qeydiyyat nişanlı avtomobili almışdır. 2012-ci ildə valideynlərindən miras qalmış mənzilini satıb onun pulu ilə torpaq sahəsinin üzərində ev tikdirmişdir. Evin tikintisi 2012-ci ilin sonlarında başa çatmışdır. Həmin vaxt cavabdehin pulu olmamışdır. Evin tikintisi və təmirinə 13100 manat xərc çəkmişdir. Cavabdeh özü usta olduğu üçün tikinti işlərini özü aparmışdır. Hazırda cavabdehlə ayrılmışlar və ona məlum olmuşdur ki, onun zəhməti ilə qazandığı pullar hesabına əldə etdikləri bütün əmlak yalnız cavabdehin adına qeydə alınmışdır. Buna görə də hesab edir ki, həmin əmlakların əldə edilməsi üçün onun tərəfindən çəkilmiş xərclər cavabdehdən alınaraq ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili X12 Cavabdeh mübahisəli torpaq sahəsini və avtomobili iddiaçının verdiyi pulla aldığının öz təsdiqini tapdığını, eləcə də mübahisəli torpaq sahəsi üzərindəki evin də iddiaçının vəsaiti hesabına tikildiyini, iddiaçının bu pulları verərkən həmin vəsaiti cavabdehə bağışlamaq niyyəti ilə yox, həmin torpaq sahəsi və avtomobilin eləcə də evin onların birgə əmlakı olduğunu zənn edərək verdiyini, hazırda isə cavabdehin onu bütün bu əmlaklardan məhrum etdiyini, buna görə də cavabdehin iddiaçının hesabına heç bir hüquqi əsas olmadan varlandığını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək iddiaya yazılı etiraz vermişdir. Cavabdeh etirazında və şifahi izahatında bildirmişdir ki, o, iddiaçı ilə 2006-cı ildən ər-arvad kimi yaşamış, 2013-cü ildə nikahlarını rəsmiləşdirmişdir. Mübahisəli torpaq sahəsini öz vəsaiti hesabına 7000 ABŞ dollarına Sərvaz adlı vasitəçinin köməkliyi ilə almışdır. Torpaq sahəsini birlikdə baxıb bəyənmişlər və o evdə olmadığı zaman Sərvaz ona zəng edib torpaq sahəsinin pulundan bir hissəsini qabaqcadan vermək lazım olduğunu demişdir. Bu zaman o, Sərvaza evə gedib Mahizərdən pulu götürməsini demişdir. Mahizərə də telefonla zəng edərək Sərvaza 2000 ABŞ dolları verməsini istəmişdir. Lakin həmin pul da özünə məxsus olmuş, saxlaması üçün Mahizərə vermişdir. Ümumiyyətlə isə pullarını özündə, yəni avtomobilində saxlamışdır. Torpaq sahəsi Daşkəsən rayonu Bayan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli plan-ölçü sənədini almış, 2012-ci ildə isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. 2012-ci ildə həmin torpaq sahəsinin üzərində ev inşa etmiş və evin inşasını 2012-ci ilin sonunda başa çatdırmışdır. İddiaçı həyat yoldaşı kimi evin tikintisində iştirak etsə də evin tikintisi üçün bütün xərcləri özü çəkmiş, usta olduğu üçün tikintini də özü aparmışdır. İddiaçı 2012ci ildə mənzilini satsa da həmin mənzilin pulu ilə oğlu üçün Gülüstan qəsəbəsində torpaq sahəsi almış və ev tikdirmişdir. Həmin evin tikintisini də usta kimi özü aparmışdır. İddiaçı həmin evin tikintisinə çəkdiyi xərci guya bu evin tikintisinə çəkilmiş xərc kimi qələmə verməyə çalışır. O, yaxşı usta olduğu üçün daimi olaraq işləmiş, yaxşı pul qazanmışdır. Qazandığı pullar hesabına da torpaq sahəsini və evi əldə etmişdir. Həmçinin avtomobil alması üçün Mahizər ona pul verməmişdir. Avtomobili 4700 ABŞ dollarına özü almışdır. Əksinə Mahizərin müalicəsi ilə bağlı o xeyli xərc çəkmiş, Mahizərin oğlunun evinin tikintisinə də xərc çəkmişdir. O, usta kimi daimi yaxşı qazanc əldə etmiş, qazancını da həmin əmlaklara sərf etmişdir. İddiaçı hazırda qərəzli olaraq onu öz evindən məhrum etmək üçün ona qarşı iddia qaldırmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 bildirmişdir ki, iddiaçı torpaq sahəsinin və avtomobilin alınması, evin tikintisi üçün cavabdehə pul verməsini təsdiq edən sübutları təqdim edə bilməmiş, iddiasını öz izahatından başqa heç nə ilə əsaslandıra bilməmişdir. İddiaçının təqdim etdiyi şahidlər də iddia tələbinin əsaslılığına dair heç bir ifadə verməmişdir. Əksinə cavabdehin gətirdiyi şahidlər onun usta kimi yaxşı qazanc əldə etdiyini təsdiq etmişdir. Bu da iddiaçının guya cavabdehin pulunun olmadığı, hər bir şeyi onun vəsaiti ilə əldə etdiyi barədə dəlilini təkzib edir. İddianın əsassız olduğu öz təsdiqini tapdığından iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o tərəflərlə qonşudur və onları 1990-cı ildən bu yana tanıyır. O, əvvəllər torpaq və ev alqı-satqısı vasitəçiliyi ilə məşğul olmuşdur. Təxminən 2000-ci illərin sonlarında Mahizər və Musa ev tikdirmək üçün torpaq sahəsi almaq istədiklərini bildirib ondan torpaq sahəsi tapmaq üçün köməklik etməsini xahiş etmişlər. O da onlara Ramiz adlı şəxsə məxsus olan 0,04 ha torpaq sahəsini göstərmişdir. Mahizərgil torpaq sahəsini bəyənmiş, torpağı 6 və ya 7 min ABŞ dollarına almağı razılaşdırmışlar. Torpaq sahəsinin sənədləşmə işləri üçün pulun bir hissəsinin əvvəldən verilməsi lazım gəlmişdir. O da Mahizərin evinə gedib pulu istəmişdir. Bu zaman Mahizər ona torpaq sahəsinin ümumi qiymətinin yarısından bir az azını çıxarıb vermişdir. Həmin vaxt Musa evdə olmamışdır. Pulu Mahizər gətirib vermiş, həmin pulun kimə məxsus olmasını bilməmişdir. O da həmin pulu aparıb Ramizə vermişdir. Onları tanış etdikdən sonra nə baş verdiyindən xəbəri olmamışdır. Qalan pulu da Ramizə onlar özləri vermişdir. O bilirdi ki, onlar torpağı ev tikdirmək üçün alırlar, lakin vəsaiti kimin verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, tərəflər onun qonşusudur. 2000-ci illərdə tərəflər onların qonşuluğundan torpaq almışlar. Həmin ərəfələrdə tərəflər onlara tez-tez gəlib gedirdilər. Onda söhbət əsnasında ona məlum olmuşdur ki, Mahizər öz evini satıb burdan torpaq sahəsi almışdır. Ev tikilən zaman da o bilirdi ki, ev Mahizərin vəsaiti hesabına tikilir, çünki onlar ora gələndə Mahizərin ata evini satıb gəlmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o Musanın bibisi nəvəsidir. Musa 10 il olar Mahizərlə evlənib. Tərəflər Gülüstanda ev tikdirən zaman o da orada işləmişdir. Ev üçün lazım olan materialları və işçilərin pulunu həmişə Musa verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Musa onun dostudur və o 2012 və ya 2013-cü ildə onun evinin tikintisində iştirak etmişdir. Zəhmət haqqı olaraq ona 5000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Musa 2013-cü ildə onun evində usta işləyib və o, Musaya iş müqabilində 3000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Musa 2014-cü ildə onun evində usta kimi işləmiş, evin su, qaz, işıq və bu kimi digər işlərini görmüşdür. O iki aya yaxın onların evində işləmiş və bunun müqabilində ona 3000 manat pul vermişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-in 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, ev 13, mənzil 22 Cavabdeh adına olmuş, 1 saylı notariat kontorunun xx.xx.2009-cu il tarixli 4-Ə- 1-47 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil X1. Daşkəsən rayon bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli iclas protokolundan çıxarışı və qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin xx.xx.2007-ci il tarixli TŞ- 07-121 saylı arayışı, rəyi, 121 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktı, Daşkəsən rayonu, Bayan kəndinin yer quruluşu planından çıxarışı, xx.xx.2010-cu il tarixli A seriyalı 260118 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır və ona xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 236450 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-ci il tarixdə 431 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İmamquliyev, arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, hazırda Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0.04 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 şəhəri, Gülüstan qəsəbəsi, bina 20A ünvanda yerləşən 14 nömrəli mənzili İddiaçı almışdır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş ƏN-İİ № 352554 saylı xx xxxxxx 2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, X18 AB 244952 saylı qeydiyyat şəhadətnaməsi əsasında özünə məxsus olan VAZ-21065 markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi və onun üzərində sərəncam verməyi 20 il müddətinə Cavabdeh etibar etmişdir. Məhkəmə baxışı zamanı tərəflərin izahatları ilə müəyyən edildi ki, tərəflər 2006-cı ildən rəsmi nikaha daxil olmadan ailə quraraq yaşamış, xx xxx 2013-cü il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Tərəflər rəsmi nikahda olmadıqları, lakin faktiki ailə münasibətlərində yaşadıqları dövrdə hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsi alınmış və 2012-ci ildə həmin torpaq sahəsi üzərində ev inşa edilmişdir. Eyni zamanda cavabdeh hazırda etibarnamə əsasında idarə etdiyi VAZ-21065 markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili 2009-cu ildə əslində 4700 ABŞ dolları pul müqabilində aldığını lakin alqı-satqını rəsmiləşdirmədiyini bildirmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin alınması üçün 3000 ABŞ dolları pulun, avtomobilin alınması üçün də əlavə olaraq 3000 ABŞ dolları pulun onun tərəfindən cavabdehə verildiyini, evin tikintisinə isə 13110 manat xərc çəkdiyini bildirmişdir. Cavabdeh isə həm torpaq sahəsi, həm avtomobil, həm də evin tikintisinə sərf edilmiş bütün vəsaitin özünə məxsus olduğunu bildirərək iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normalara görə ilk növbədə iddiaçı öz tələbini sübuta yetirməlidir. Lakin iddiaçının təqdim etdiyi sübutlar iddianı yalnız qismən təsdiq edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X8 torpaq sahəsi üçün verilən pulun 2000 ABŞ dolları hissəsini bilavasitə iddiaçıdan aldığını göstərmişdir. Cavabdeh bu faktı inkar etməmiş, lakin həmin pulun öz pulu olduğunu və saxlaması üçün iddiaçıya verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda etirazın dəlilini sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu dəlilini heç bir sübutla təsdiq etməmişdir. Əksinə cavabdeh pullarını özünün avtomobilində saxladığını bildirməklə etirazın qeyd edilən dəlili ilə ziddiyyətli izahat vermişdir. Buna görə də məhkəmə hesab edir ki, torpaq sahəsi üçün pulun 2000 ABŞ dolları hissəsinin iddiaçının vəsaiti hesabına verilməsi öz təsdiqini tapmışdır. Lakin avtomobilin alınması və evin tikintisi üçün iddiaçı tərəfindən cavabdehə pul verilməsi hər hansı sübutla təsdiq edilmir. Məhkəmədə şahid qismində dindirilmiş X15 yalnız söhbət əsnasında mübahisəli evin Mahizərin vəsaiti hesabına tikildiyini güman etdiyini bildirmiş, bunu isə Mahizərin öz mənzilini satması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, şahidin subyektiv mülahizələri və ehtimalları dəlil kimi qəbul edilə bilməz. Digər tərəfdən iddiaçıya məxsus mənzilin xx xxxxxxxx 2012-ci il tarixdə satılmış olması da nəzərə alındıqda 2012-ci ildə tikilmiş mübahisəli evin həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına qısa müddətdə inşa edilməsi də ağlabatan deyildir. Bundan başqa iddiaçı mənzilin satışından əldə etdiyi pulu məhz mübahisəli evin tikintisinə sərf etməsini təsdiq edən hər hansı sübut da təqdim etməmişdir. Buna uyğun olaraq məhkəmə qeyd edir ki, torpaq sahəsinin alınması üçün iddiaçı tərəfindən verilmiş 2000 ABŞ dolları məbləğində pul əsassız varlanma qaydalarına uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi tərəflər rəsmi nikahda olmasalar da faktiki ailə olaraq yaşadıqlarından iddiaçı torpaq sahəsinin alınması üçün pul verərkən həmin pulu əvəzsiz olaraq vermək niyyəti daşımamış, həmin pulu və ya alınacaq torpaq sahəsini cavabdehə hədiyyə etmək fikrində olmamışdır. İddiaçının məqsədi birgə yaşamaq üçün ev tikmək məqsədilə torpaq sahəsinin əldə edilməsi olmuşdur. Torpaq sahəsi isə cavabdehin təkbaşına mülkiyyətinə daxil olmuş və onun əmlakının artmasına səbəb olmuşdur. Bu zaman iddiaçının pul verməsinin və cavabdehi varlandırmasının heç bir hüquqi əsası olmamışdır. İddiaçı hüquqi baxımdan düzgün olmayan mülahizə (torpaq sahəsinin onların hər ikisinə məxsus olacağı) əsasında həmin pulu vermişdir. İddiaçı ilə cavabdeh birgə yaşadıqları dövrdə hər ikisi torpaq sahəsindən birgə əmlak kimi istifadə etmişdir. İddiaçı öz hüququnun pozulduğunu, yəni torpaq sahəsinin onların birgə əmlakı olmadığını yalnız 2020-ci ilin sonlarında cavabdehlə münasibətləri pisləşdikdən sonra başa düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və torpaq sahəsi üçün iddiaçı tərəfindən ödənilmiş 2000 ABŞ dolları pul ödəniş anında ödəniş yerinin məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində cavabdehdən tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-228/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-228/2021
10.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver