Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2393/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri D.Qorqud küçəsi ev 50, mənzil 26da olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh bacısı oğludur. Bildirir ki, bir müddət bundan qabaq cavabdehin formal olaraq mənzilinə pasport qeydiyyatına salmışdır. Cavabdeh onun evində pasport qeydiyyatında olsa da ona məxsus mənzildə bir gün belə yaşamamışdır. Onun pasport qeydiyyatından çıxarılması üçün Gəncə İnzibati məhkəməsinə müraciət etmişdir. Orada bildirilmişdir ki, o, rayon məhkəməsinə müraciət edib onun ona məxsus mənzildə olan istifadə hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş etsin. Ona görə o, Kəpəz rayon Məhkəməsinə müraciət edib cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmək məcburiyyətindədir, Cavabdeh ona məxsus mənzildə bir gün belə yaşamamışdır. Ona görə də məhkəmə qaydası ilə cavabdehin ona məxsus mənzildə olan istifadə hüququ məhkəməsində irtirilmiş hesab edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddianın əsaslandığı hallardan da göründüyü kimi, cavabdeh iddiaçıya məxsus mənzildə sadəcə pasport qeydiyyatına alınmış, heç vaxt sözügedən mənzildə yaşamamış, həmin mənzildən istifadə etməmişdir. Belə olan vəziyyətdə cavabdehin iddiaçıya məxsis mənzildən istifadə hüququnun yaranmadığı müəyyən olunur. Lakin, iddiaçı cavabdehin ona məxsus evdən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçının iddiası cavabdehin ona məxsus mənzildən istifadə hüququnun olmaması ilə əsaslandırıldığından iddiaçı mülkiyyətində olan evə pasport qeydiyyatına alınmış şəxsin pasport qeydiyyatından çıxarılması barədə ərizəsinin təmin edilməsindən inzibati orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması tələbi ilə ilkin olaraq Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etməsi, onun müraciətindən imtina edildikdə isə həmin orqana qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi tələbi” barədə iddiasının iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2393/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2393/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver