Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-243/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 23.09.1993-cü il tarixli 685 saylı nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, 50 yaşı tamam olmağı ilə bağlı Gəncə”Asan xidmət”mərkəzi qeydiyyat şöbəsinə səxsiyyət vəsiqəsini yeniləmək üçün müraciət etmişdir. Orada ona vətəndaş Cavabdeh ilə nikahda olduğu bildirilmişdir. O, 02.04.1992-ci ildə X2 ilə nikaha daxil olmuş, bu evlilikdən 15.06.1992-ci ildə bir övladı olub. Bu nikah Nizami rayon məhkəməsinin qətnaməsi əsasında 25.08.1995-ci ildə Kəpəz rayon qeydiyyat şöbəsində pozulmuşdur. Onunla Cavabdeh arasında olan nikah isə Kəpəz rayon qeydiyyat şöbəsində 23.09.1993-cü il tarixdə 685 saylı akt ilə qeydiyyata alınmışdır. Vətəndaş Cavabdeh onun qaynının oğludur, onunla faktiki nikah münasibəti olmayıb və nə səbəbdən qeydə alındığını bilmir. X5 ilə nikahı pozulduqdan bu günə kimi onun ailəsi ilə heç bir əlaqəsi olmayıb və Cavabdeh hal-hazırda harada olduğu ona məlum deyil. Cavabdeh ilə bağlanmış nikah onun Həsənov Rauf ilə nikahda olduğu vaxta təsadüf edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh 23.12.2021-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən məhkəməyə teleqram ünvanlayaraq, nikahın etibarsız hesab edilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 184 saylı 31 iyul 1995-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 ilə cavabdeh X2 arasında 02.04.1992-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon VVAQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli 1471 saylı arayışdan görünür ki, X2 ilə İddiaçı arasında 02.04.1992-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində, 189 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmış və həmin nikah 25.08.1995-ci il tarixdə 136 nömrəli akt qeydi ilə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə “Həsənov”, qadına “Kazımova” soyadı verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli 05/70-1468 saylı arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında 23.09.1993-cü il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat şöbəsində, 685 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə “Həsənov” arvada “Həsənova” soyadı verilmişdir. Məhkəmə, iddia tələbinə münasibətdə ilk növbədə hüquqi mübahisənin həlli üçün tətbiq ediləcək maddi hüquq normasının müəyyən olunmasını zəruri hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisə predmeti olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah hüquq münasibəti 23.09.1993-cü il tarixdə yaranmışdır. Bu səbəbdən qeyd edilən nikahın etibarlı olubolmaması ilə bağlı mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. 28.12.1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin qarşılıqlı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir: ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında; bilavasitə yuxarı və aşağı xətlə olan qohumlar arasında, doğma və ögey qardaşbacılar arasında, həmçinin övladlığa götürənlər və götürülənlər arasında; ikisindən biri ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfində fəaliyyət qabiliyyətinin itirmiş hesab edilən şəxslər arasında. Həmin Məcəllənin 49-cu maddəsinə əssən nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən həmin Məcəllənin 16, 17-ci maddələrində göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə keçmiş əri Rauf Həsənov arasında 02.04.1992-ci ildə nikah bağlanılmışdır. Lakin, onlar arasında bağlanmış nikah pozulmadan, nikahları qüvvədə olduğu dövrdə - 23.09.1993-ci il tarixdə onunla cavabdeh arasında nikah bağlanmışdır. Bununla da, İddiaçı və Cavabdeh arasında nikah bağlanan zaman qüvvədə olan qanunvericiliyin tələbləri pozulmuşdur. 28.12.1999-cu il tarixədək qüvvədə olan Nikah və Ailə Məcəlləsinin 52-ci maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslərin siyahısı konkret göstərilmişdir ki, mövcud iddia tələbi üzrə iddiaçı nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aiddir. Belə ki, həmin Məcəllənin 51-ci maddəsinə əsasən nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluqvə himayə orqanlarının və ya prokurorun tələb etmək hüququ vardır. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı onunla cavabdeh arasında 23.09.1993-cü il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhər Kəpəz Rayon qeydiyyat şöbəsində 23 sentyabr 1993-cü il tarixdə, 685 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-243/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-243/2022
25.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver