Məhkəmə qərarları › İş №2(043)-2453/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-2453/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2453/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh Etibar oğluna qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Etibar oğluna qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dairməhkəmədə iddia qaldıraraq, Cavabdeh Etibar oğlunun ona məxsus olan ünvan 1 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X2 AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh Etibar oğlunun ünvan 1 saylı evdən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir. Mülkə dair hüquqları Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.1995-ci il tarixli, 2269 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İndi isə Cavabdeh Etibar oğlunun evdə qeydiyyatda olmağı mülkiyyətçi olaraq onun mülkə dair hüquqlarını məhdudlaşdırır. Uzun illərdir ki, cavabdehin yaşayış yeri haqqında heç bir məlumatı yoxdur. O əlavə olaraq ailə üzvilərinin sayına görə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh Etibar oğlunun onun xüsusi mülkiyyətində olan ünvan 1 saylı ünvanda pasport qeydiyyatında durmağı onun özünə məxsus mülk üzərində qanunvericiliyin tələblərinə uyğun sərəncam verməyini və qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını məhdudlaşdırır. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib əlavə olaraq bildirdi ki, Cavabdeh Etibar oğlu onun oğlu olsa da uzun müddətdir ki, onunla əlaqəsini kəsmişdir və başqa yerdə yaşayır. Hazırda onun harada yaşamasından xəbəri yoxdur. Cavabdehin mənzildə qeydiyyatda olması, mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır, eləcə də əlavə kommunal xərclərin yaranmasına səbəb olur. Cavabdeh Etibar oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, dörd ildir ki, iddiaçı ilə qonşudur. İş üzrə cavabdehi tanımır. Cavabdehin mübahisəli mənzildə yaşamasının şahidi olmamışdır. Hazırda sözügedən mənzildə iddiaçı ailəsi ilə birgə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qaynanası, cavabdeh isə qaynıdır. Onlar 2009-cu ildən qohumdurlar. İddiaçı ilə evlərinin ara məsafəsi 400-500 metr təşkil edir. Cavabdeh bütün qohumlarla əlaqəni kəsmişdir. O, 2012-ci ilədək Rusiya Federasiyasında yaşamışdır. Həmin ildə Azərbaycan Respublikasına qayıtdıqdan sonra cavabdehin mübahisəli evdə yaşamağının şahidi olmamışdır. Hazırda cavabdehin harada olması barədə nə onun, nə də başqa qohumlarının heç bir məlumatları yoxdur. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ü.Gəncəvi (keçmiş Cavadxan) küçəsində yerləşən 131 saylı fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 120-11936B-3220 nömrəli xx.xx.2020-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, Cavabdeh Etibar oğlunun ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh Etibar oğlu yaşayış yeri üzrə ünvan 2 ünvanda qeydiyyatdadırlar. Mübahisəli hüquq münasibətləri x xxxxxxxx 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in x xxxx 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəməbaxışındamüəyyənedilmişdirki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ü.Gəncəvi küçəsində yerləşən, 131 nömrəli fərdi yaşayış evi qeydiyyat vəsiqəsi əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu olmaqla, mübahisəli mənzildə yaşasa da sonradan həmin mənzili öz istəyi ilə tərk etmişdir və hazırda iddiaçıya məxsus mənzildə yaşamır. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Cavabdehin mənzili könüllü olaraq tərk etməsini və ən azı bir neçə ildir ki həmin mənzildən istifadə etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin mənzildən getməsi müvəqqəti hesab edilə bilməz. Bu hal cavabdehin pasport qeydiyyatını dəyişməsə belə özünə başqa daimi yaşayış yeri seçdiyini təsdiq edir. Cavabdehin başqa yaşayış yeri olduğundan iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır ki, bununla da cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnun saxlanması üçün zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Etibar oğlunun ünvan 2 ünvanda yerləşən, İddiaçı məxsus olan mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün X8 Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar