Məhkəmə qərarları › İş №2(043)-2465/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2465/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2465/2020 05.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17-də yerləşən evə istifadə hüququnun tanınması və övladı X2 ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə o cavabdehin oğlu X3 ilə ailə həyatı qurmuş və o həmin evə gəlin köçmüşdür. Ailə qurduqdan sonra. xx.xx.2016-cı ildə Cavabdeh, Gəncə Asan-xidmət-ə gedərək, könüllü olaraq, onu öz evinə pasport qeydiyyatına saldırmışdır. Bu barədə ərizə yazmış, ərizəsinin surətini iddia ərizəsinə əlavə etmişdir. xx xxx 2017-ci ildə onların övladları anadan olmuşdur. Oğlulları anadan olandan sonra hətta, oğlullarına kiçik toy mərasimi etmişlər. Toydan sonra münasibətləri pisləşmiş, tez-tez narazılıqlar olmuşdur. Qaynanası və həyat yoldaşı tez-tez onu evdən qovmaqla hədələmişlər. O çıxılmaz vəziyyətdə qalıb boşanmaq üçün Kəpəz rayon Məhkəməsinə ərizə yazmışdır. Hal-hazırda o kirayədə yaşayır. Fariz alimenti vaxtı-vaxtında ödəmir, kommunal xərclərini və kirayə pulunu ödəyə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, 2016-cı ildə cavabdehin oğlu ilə evlənərək Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17-də gəlin köçmüş, 2017-ci ildə həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Ailədə baş vermiş mübahisələr səbəbindən özünə məxsus bütün cehiz əşyalarını götürərək 2019-cu ilin iyul ayında cavabdehə məxsus mənzildən çıxmış və həmin mənzildə hazırda heç bir əşyası yoxdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onunla cavabdehin oğlu X3 arasında olan nikah pozulmuşdur. X5 anası ilə birlikdə kirayədə yaşayır. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17-də yerləşən mənzil Müdafiə Nazirliyinin balansında olmaqla, xx xxxxxx 1998-ci il tarixli order əsasında ona verilmiş, ailəsi ilə birlikdə yaşayır, həmin mənzil hazırda özəlləşdirilməmişdir. İddiaçı onun oğlu Fariz Bağırovla 2016-cı ildə evlənərək həmin mənzilə gəlin köçmüşdür və iddiaçının həmin mənzilə pasport qeydiyyatına düşməsinə etiraz etməmişdir. İddiaçı özünə məxsus bütün cehiz əşyalarını götürərək 2019-cu ilin iyul ayında həmin mənzildən daimi olaraq çıxıb getmişdir və heç bir əşyası qalmamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə oğlu Fariz Bağırov arasında olan nikah pozulmuşdur. Hazırda iddiaçı ilə onlar arasında mübahisəli münasibətlər olması səbəbindən onların birlikdə yaşaması mümkün deyildir və iddiaçının həmin mənzildə yaşamasına dair yazılı olaraq razılıq verilməmiş və evə dair sənədlərdə onun adı qeyd edilməmişdir. İddiaçının niyyəti onunla birlik həmin mənzildə yaşamaq deyil, ondan kompensasiya almaqdır. Hesab edir ki, iddiaçı onun ailə üzvü hesab edilmədiyindən, orderdə onun adı qeyd edilmədiyindən, həmin mənzildən daimi olaraq çıxıb getdiyindən iddia rədd edilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatını, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli order talonundan görünür ki, Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17-də yerləşən mənzil Cavabdeh verilmiş və həmin orderdə onun ailə üzvləri arvadı, oğlu və qızının adları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-134/2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Gəncə “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində 942 nömrəsi ilə qeydə alınmış nikah aktı pozulmuşdur. İş materiallarında olan Gəncə Kəpəz rayon Qeydiyyat şöbəsinin AZ-İ № 341980 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı qızı arasında olan nikahın pozulması xx xxxxx 2020-ci il tarixdə 63 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********85 nömrəli məktubundan görünür ki, Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 03 saylı X4 mövcud arxiv materiallarına əsasən Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqi zaman müəyyən edildi ki, Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli order əsasında Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17 Cavabdeh ailəsi ilə birlikdə istifadəsinə verilmiş, həmin orderdə ailə üzvləri olaraq arvadı, oğlu və qızının adları qeyd edilmişdir. Hazırda həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı 2016-cı ildə cavabdehin oğlu X3 ilə rəsmi nikaha daxil olmaqla evlənərək Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17-də gəlin köçmüş, həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Ailədə baş vermiş mübahisələr səbəbindən İddiaçı özünə məxsus bütün cehiz əşyalarını və birgə nikahdan doğulmuş bir uşağını götürərək 2019-cu ilin iyul ayında cavabdehin yaşadığı həmin mənzildən çıxaraq anasına məxsus yaşayış sahəsinə köçmüş, həmin vaxtdan Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17-də yaşamamış, heç bir əmlakı qalmamış və birgə təsərrüfat aparmamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə cavabdehin oğlu X3 arasında olan nikah pozulmuşdur. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17-də yerləşən evə istifadə hüququnun tanınması və övladı X2 ilə birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək onun təmin edilməsini, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişlər. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisəli hüquq münasibəti xx xxxxxxx 2009-cu il tarixdən sonra xx.xx.2016-cı il tarixdə yaranmışdır, bu halda mübahisəyə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.... yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1.-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2.-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1.-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.4.-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 99.5.-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6.-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsində vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmçinin işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh ailə üzvü hesab olunmur və kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü kimi qeyd edilməmiş, tərəflər arasında mənzildən istifadə hüququnun əmələ gəlməsinə dair yazılı müqavilə bağlanmamış, kirayəçi ilə birgə təsərrüfat aparmayaraq özü bütün cehiz əşyalarını götürərək 2019-cu ilin iyul ayında həmin mənzildən daimi olaraq çıxıb getmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Gəncə şəhəri 38 H/Ş bina 391, mənzil 17-yə istifadə hüququ olmadığından iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumunu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar