Məhkəmə qərarları › İş №2(043)-2472/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2472/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2472/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və vəkili Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh İsmayılova (Həsənova) Elnarə Vahid qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh İsmayılova (Həsənova) Elnarə Vahid qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 66 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İsmayılova (Həsənova) Elnarə Vahid qızı onun gəlini, oğlu Həsənov Talehin arvadı olmuşdur. O cavabdehə mənzilindən müvəqqəti yaşamasına icazə vermiş, rahat yaşaması üçün onu mənzilinə qeydiyyata aldırmışdır. Hazırda Cavabdeh oğlu Həsənov Talehdən ayrıldığından və xx.xx.2019-cu il tarixdə onunla rəsmi qaydada boşanmış, mənzilini həmişəlik tərk etmiş, əşyalarını isə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli, 2(043)-1876/2019 №-li qətnaməsi əsasında aparmışdır. Buna baxmayaraq o, mənzilinin qeydiyyatında qalmaqda davam edir. Cavabdeh mənzilinin qeydiyyatından çıxarılması üçün könüllü surətdə ərizə verməsi lazımdır, lakin o, belə ərizə vermək istəmədiyindən cavabdeh idarə isə onu belə ərizə olmadan evinin qeydiyyatından çıxarmadığından o məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, evləri balacadır 27 km2-dir. Elnarə boşanmadan əvvəl çıxıb getmişdir. Evdən istifadə ilə bağlı onunla cavabdeh arasında notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahat verərək bildirdi ki, qızı Cavabdeh 2018-ci ildə ər evindən çıxaraq onun yanına gəlmiş və həmin vaxtdan onunla birlikdə yaşayır. 3 ildir ki, kürəkəni uşağın üzünü görməmiş və təyin edilmiş aliment ödəməmişdir. Evdən istifadə ilə bağlı iddiaçı ilə onun qızı arasında notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Kürəkəni Talehin özünün evi vardır. İstəyir ki, aliment ödənilsin və istifadə hüququna kompensasiya verilsin. Uşağın 11 yaşı olana kimi cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmayacaqdır. İddianın təmin edilməməsini barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 çıxışında bildirdi ki, əmlak işinə baxılıb və onunla qətnamə çıxarılıb. Cehizə yer olmayıb deyə Talehin dayısıgilə yığılmışdır və kompensasiya verilə bilməz. Evdən istifadə ilə bağlı iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur və onun ailə üzvlərini tanıyır. Cavabdeh İddiaçı gəlini kimi tanımışdır, 2018-ci ildən Elnarənin ünvan 1 ünvanda yerləşən 66 saylı mənzildə yaşamasını görməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1987-ci il tarixli, reyestr 16209 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 mənzil 66 ünvanda olan mənzil xx.xx.1987-ci il tarixdə şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeyd alınmışdır. İş materiallarına əlavə edilmiş, X13 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 ilə cavabdeh İsmayılova (Həsənova) Elnarə Vahid qızı arasında xx.xx.2016-cı il tarixdə Gəncə “Asan” xidmət mərkəzinin qeydiyyat şöbəsində 1280 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Gəncə regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin AZ-İ № 303945 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə Cavabdeh arasında olan nikahın pozulması xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, ünvan 2 ünvanda yerləşən 66 saylı mənzil xx.xx.1987-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir və cavabdeh xx.xx.2016-cı il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olaraq qeyd olunan mənzilə gəlin kimi köçmüş və orada yaşamağa başlamışdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mübahisəli hüquq münasibəti xx xxxxxxx 2009-cu il tarixdən sonra xx.xx.2016-cı il tarixdə yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İsmayılova (Həsənova) Elnarə Vahid qızı İddiaçı ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mənzildən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, cavabdehin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Mövcud olmayan hüququn itirilməsi (hüquqa xitam verilməsi) mümkün deyil, hüququn itirilməsi (hüquqa xitam verilməsi) üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Cavabdehin mənzildən istifadə hüququ olmadığına görə istifadə hüququna xitam verilməsi barədə tələb də təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, mülkiyyətçinin razılığı ilə cavabdehin yaşayış sahəsinə qeydiyyata alınması, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması və bu hüququn yaranmasına mülkiyyətçinin razılıq verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, cavabdehin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ olmadığından, həmin hüquqa xitam verilməsi barədə verilmiş iddia tələbi təmin oluna bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh İsmayılova (Həsənova) Elnarə Vahid qızının İddiaçı məxsus ünvan 1 mənzil 6 ünvanda yerləşən mənzilə istifadə hüququnun yaranmaması müəyyən olunduğuna görə, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumunu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh İsmayılova (Həsənova) Elnarə Vahid qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X13 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar