Məhkəmə qərarları › İş №2(043)-2488/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2488/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2488/2021 22.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon ev 16, 30 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsudur. O, hazırda həmin mənzildə tək yaşayır. Övladı Omar özünə başqa mənzil əldə edərək orada yaşayır və könüllü olaraq ona məxsus həmin mənzildən qeydiyyatdan çıxmışdır. Cavabdeh qızı - Cavabdeh isə 2013-cü ildən etibarən onunla birikdə yaşadığı həmin mənzili tərk etmiş və əvvəlcə İsveçrədə daha sonra isə Amerika BŞ-nın Çikoqo şəhərində yaşamağa başlamışdır. Cavabdeh orada ailə həyatı qurmuş, orada özünə daimi yaşayış yeri seçmişdir. O, bu müddət ərzində yalnız bir dəfə Azərbaycana gəlmiş və qısa müddət ərzində də geri qayıtmışdır. Həmçinin gəldiyi müddətdə də ona məxsus mənzildə qalmamışdır. O, hazırda cavabdehin kompensasiya verilmədən mülkiyyətində olan mənzildən yaşayış hüququna xitam verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, bunun üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, cavabdehin hazırda ehtiyacı olmayan mənzildə qeydiyyatda olması və həmin mənzilə istifadə hüququnun saxlanılması onun həmin mənzillə bağlı hüquqlarını məhdudlaşdırır. Cavabdeh artıq 8 ilə yaxın müddətdir ki, ona məxsus evdən istifadə etməmiş, həmin evə olan hüquqlarını itirmişdir. Bundan başqa xeyli müddətdir ki, yaşayış yaşayış üçün özünə başqa yer seçmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. Cavabdeh iddiaçının qızıdır. Onu sonuncu dəfə 7-8 il bundan öncə görmüşdür. Həmin vaxtdan bugünədək cavabdeh iddiaçıya məxsus mənzildə yaşamamışdır. Bildiyinə görə cavabdeh ABŞ-da yaşayır. Məhkəmə, iddiaçının izahatını və şahid ifadəsini dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikası tərəfindən verilən qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda olan mənzil 15.01.1996-cı il tarixli 3M-1-47 nömrəli alqı-satqı müqaviləsi əsasında şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş 28.04.2021-ci il tarixli 660 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhər, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 16-də yerləşən, 30 saylı mənzil 1996-cı ildən iddiaçının mülkiyyətindədir. Cavabdeh isə mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışdır. Cavabdeh qeyd olunan mənzildən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamır və yaşamaq üçün özünə daimi olaraq başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış evindən əvvəllər mövcud olan istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış evində qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar