Məhkəmə qərarları › İş №2(043)-2491/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2491/2021

09.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2491/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia qaldıraraq, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 23, 27 nömrəli mənzildən ona 3 il müddətinə istifadə hüququnun tanınması və 29 iyun 2019-cu il təvəllüdlü X2 ilə birlikdə həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 iyul 2018-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, yaşamaq üçün cavabdehin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 23, 27 nömrəli mənzilə köçmüşdür. Onun cehiz əşyaları hələ də sözügedən mənzildədir. Məhkəmənin icraatında cavabdehin ona qarşı ona məxsus cehiz əşyalarının mənzildən çıxarılması barədə iddia tələbinə dair mülki işə baxılmaqdadır. Cavabdehlə aralarında olan nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş azyaşlı uşağı ilə birlikdə yaşamağa evi yoxdur. Onun yaşayış yeri almaq üçün maddi imkanı yoxdur. Ona görə də, cavabdehə məxsus mənzilə dair müvəqqəti istifadə hüququnun verilməsini istəyir. O, uşağın iki yaşı olduğundan işləyə bilmir, Buna görə də, istifadə hüququnun 3 il müddətinə verilməsini istəyir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdehlə 2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahlarından X2 adlı bir uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehə məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, bina 23, 27 nömrəli mənzilə köçmüş və qısa bir müddət orada yaşamışdır. Daha sonra cavabdehin tələbi ilə onun valideynlərinin yaşadığı mənzilə köçmüş və cavabdehin valideynləri ilə birlikdə yaşamışlar. Sonradan aralarında mütəmadi münaqişələr yaranmış, cavabdehin valideynlərinin müdaxiləsi ilə bu münaqişələr daha da şiddətlənmiş və 2019-cu ildə cavabdeh onu özü gətirib hazırda valideynlərinin yaşadığı mənzilə qoymuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hal-hazırda ünvan 1 ünvanda valideynləri, qardaşı və uşağı ilə birlikdə yaşyır. Qardaşı hazırda subay olsa da yaxın vaxtlarda evlənə bilər. Yaşadıqları mənzil üçotaqlı olduğundan qardaşı ailə qurduqdan sonra həmin mənzildə yaşaya bilməyəckdir. Cavabdehə məxsus mənzildən istifadə hüququ mümkün qədər uzun müddətə saxlanılarsa həmin müddətdə özünə iş tapıb işləyə və kirayə mənzil tuta bilər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehin mübahisəli mənzilə köçməyə və orada yaşamağa ehtiyacı yoxdur. İddiaçı iki ildən artıqdır ki, valideynləri ilə birlikdə onların mənzilində yaşayır. İddiaçının mənzilə ehtiyacı olsa idi indiyə qədər tələb irəli sürərdi. Əksinə iddiaçı onun mənzilindəki əşyalarının da mənzildən çıxarılması barədə iddia vermişdir. Bu da onu göstərir ki, iddiaçının məqsədi mənzillə təmin olunmaq yox, onu incitməkdir. Çünki, cavabdeh onun mənzili satışa çıxardığını bilir və buna mane olmaq istəyir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2(043)2115/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 29 iyul 2018-ci il tarixli Gəncə “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində 1678 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 29.06.2019-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 19.11.2020-ci il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mübahisəli mənzildən istifadə hüququ ailə münasibətləri əsasında yarandığından və tərəflər 2018-ci ildə nikaha daxil olduqlarından hazırkı mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehlə 2018-ci ildə nikaha daxil olaraq mübahisəli mənzilə köçmüş, bir müddət həmin mənzildə yaşadıqdan sonra cavabdehin valideynlərinin yaşadığı mənzilə köçmüşlər. 2019cu ildə tərəflər faktiki olaraq ayrılmış və iddiaçı hazırda yaşadığı, valideynlərinə məxsus olan mənzilə köçmüşdür. Tərəflərin nikahı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddia tələbində iddiaçı cavabdehə məxsus mənzildən istifadə hüququnun üç il müddətinə saxlanılmasını tələb etmiş, bunu hazırda yaşamağa yerinin olmaması və yaşayış yeri əldə etmək üçün imkanının olmaması ilə izah etmişdir. Halbuki, iddiaçının izahatından da göründüyü kimi o, iki ilə yaxındır ki, valideyninə məxsus olan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilən istifadə hüququnun saxlanılması, keçmiş ailə üzvünün mütləq hüququ olmamaqla, yalnız müəyyən müstəsna hallar üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarında da qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının son iki il ərzində öz valideyninə məxsus mənzildə qeydiyyatda olmaqla yaşaması nəzərə alındıqda iddiaçının mənzil ehtiyacının olmadığını təsdiq etdiyindən onun cavabdehə məxsus mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması üçün əsaslar yoxdur. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar