Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2493/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, vəkili X4 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri 3 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi cəlb edilməklə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ümumi mülkiyyətdə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ərazisi, sahə 79A-da yerləşən 450 m2 torpaq sahəsinin və onun üzərində inşa edilmiş 260,8 m2 ev tikilisinin onun və Cavabdeh2 birgə ümumi mülkiyyəti olmasını müəyyən edib, 02.12.2020-ci il tarixli, 4Ə-341 nömrəli bağışlama müqaviləsinin ½ hissə ilə etibarsız hesab edilməsi, habelə evin onunla cavabdeh Adil tərəfindən nikahları dövründə tikilməsini müəyyən edib Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 20.04.2021-ci il tarixdə **********8 nömrə ilə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış evin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ərazisi, sahə 79Ada yerləşən 450 m2 torpaq sahəsinin və onun üzərində inşa edilmiş 260,8 kvadrat metrlik ev tikilisinin onun və Cavabdeh2 birgə ümumi mülkiyyəti olmasını müəyyən edib, 02.12.2020-ci il tarixli, 4Ə-341 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, habelə evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 20.04.2021-ci il tarixdə **********8 nömrə ilə Cavabdeh1 adına qeydiyyatına alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin evin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ərazisi, sahə 79A-da yerləşən yaşayış evi (hazırda: Qırmızı k. İnşaatçı BYB, sahə- 82A) onunla Cavabdeh2 birgə ümumi mülkiyyətidir. Onlar 1997-ci ildən ər-arvad olmuş, birgə yaşayışdan yetkinlik yaşına çatmış Ceyhun və Turan adlı iki uşaqları var, nikahları 24.05.2021-ci il tarixdə məhkəmənin 16.02.2021-ci il tarixli qətnaməsi əsasında ləğv edilmişdir. Qeyd edilən evin 450 m2 torpaq sahəsini 19 mart 2019-cu il tarixdə, yəni birgə yaşayış dövründə 4Ə-79 №-li alqı-satqı müqaviləsi ilə 5300 manata əldə edib, orada ev tikdirib yaşamışlar. Alqı-satqı müqaviləsini Gəncə şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X10 təsdiqləmiş, torpaq sahəsini X2 almışlar. Bu proses belə olmuşdur ki, E.Xudaverdiyev ona etibarnamə vermiş və o, həmin etibarnamə əsasında Adillə yuxarıda qeyd edilən alqı-satqı müqaviləsini etibarnamə vermiş Elbrus Xudaverdiyevin adından bağlamışdır. Aldıqları torpaq sahəsində ev tikdirib yaşamışlar. Bunu iddia ərizəsinə əlavə etdiyi 17 ədəd qaz və işıq pulu ödəniş qəbzləri təsdiq edir. Qəbzlər 2020-ci ilə və 2021-ci ilin əvvəlinə aiddir. Cavabdeh2 torpaq alqı-satqısı ilə məşğuldur. Torpağı alıb sahmana salır, müəyyən tikinti işləri aparır və dəfələrlə baha qiymətlərə sataraq, əla qazanc əldə edirdi. Bu torpaq sahəsinə kimi o, səkkiz dəfə bu üsulla bir peşə kimi torpaq sahəsi alıb, satmışdır. İndiki torpaq sahəsi onun eyni məqsədlə aldığı doqquzuncu torpaq sahəsidir. Torpağın satılmasında problem yaranmaması üçün cavabdeh ondan 01.07.2020-ci il tarixli 7E-4783 №-li etibarnamə almışdır. Həmin vaxt evlərinin yalnız bir hissəsi hazır olmuş və onlar həmin evə köçmüşlər. Tikintini 2020-ci ilin əvvəllərindən başlamış və çox hissəsini etibarnamədən sonra aparmışlar. O, torpağın yarımçıq tikililərlə, yəni ev olmadan satılmasını etibar etmiş, lakin tikililər qalxandan sonra orada həmişəlik məskunlaşmağı planlaşdırmışlar. Bunu iddia ərizəsinə əlavə etdiyi kommunal xərclərə dair 17 ədəd ödəniş qəbzləri təsdiq edir. Qəbzlər 2020-ci ilə və 2021-ci ilin əvvəlinə aiddir. Bütün 2020-ci il boyu işləyib, həmin torpaq sahəsində 60,9 kvm yaşayış sahəsi 155,5 kvm köməkçi sahə və eyvan, xidməti bina və talvar tikdirmişlər. (cəmi 260,8 kv metrlik tikili). Cavabdeh Adillə münasibəti ona torpağın satılması üçün etibarnamə verəndən bir neçə ay sonra, 2020-ci ilin oktyabr ayında pozulmuşdur. Barışmaq mümkün olmamış, 02.12.2020-ci il tarixdə Adil ondan iyulda verdiyi etibarnamədən istifadə edərək və torpağı 4000 manat qiymətləndirərək 4Ə-341 №-li müqavilə ilə Daşkəsən rayonunun Güney kəndində yaşayan atası Cavabdeh1 bağışlamış, bununla həmin vaxt təxminən 100.000 manatlıq dəyəri olan evdə onun yarı payını əlinə keçirmişdir. Tikintinin qayınatasının adından aparılmasını uydurub, lazımi sənədlər əldə edərək tikintini onun adına qanunlaşdırmış, qaynatasına əslində onlara məxsus evə 20.04.2021-ci il tarixli **********8 qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin evin yarısı onun mülkiyyətidir. Adil öz payını istədiyi adama, o cümlədən atasına bağışlaya bilər, onun payı ilə işi yoxdur. Odur ki, birlikdə yaşadıqları vaxt ümumi qazanc əldə etmək üçün verdiyi 01.07.2020-ci il tarixli 7E-4783 №-li etibarnamədən istifadə edib, münasibətləri pis olan vaxtda onun payını atası Vaqifə bağışlaya bilməzdi. Cavabdehin onun adından yazıb, imzaladığı ərizə legitim sayıla bilməz. Həmin tarixə bağlanmış bağışlama müqaviləsi etibarsızdır. Münasibətləri son dərəcə kəskinləşəndə etibarnaməni ləğv etdirmək istəyərkən cavabdeh sözügedən mülkü atasının adına rəsmiləşdirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, hazırda mübahisəli evdə yaşayır. Cavabdeh2 də həmin evdə yaşayır. O, məhkəmədə nikahın pozulması barədə iddia qaldırdıqdan sonra Cavabdeh2 əmlakın bölünməsindən yayınmaq üçün bağışlama müqaviləsi ilə evi atasının adına keçirmişdir. Buna görə də iddianın təmin olunmasnı xahiş edir. İddiaçının vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verib, bildirmişdir ki, cavabdeh iddiaçının məlumatı və razılığı olmadan ondan birlikdə yaşadıqları dövrdə aldığı etibarnamə əsasında onun adından ərizə yazaraq birgə nikah dövründə əldə etdikləri və üzrəində ev tikdikləri torpaq sahəsini atasına bağışlamışdır. Əgər iddiaçının həqiqətən də bu bağışlamaya razılığı olsa idi, elə iddiaçı özü gedib notariat orqanında bu barədə ərizə verərdi. Halbuki, bağışlama müqaviləsi bağlanan vaxt tərəflər arasında mübahisə var idi və cavabdeh iddiaçının qəti surətdə belə bir razılığının olmadığını bilirdi. Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilərkən ər-arvadın birgə razılığı tələb olunduğundan həmin bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarış etibarsızdır. Eyni zamanda iddiaçı həmin əmlakda öz payının da müəyyən edilməsini istəyir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, İddiaçı ilə 1997-ci ildə ailə qurmuş, nikahlarından iki uşaqları doğulmuşdur. 2020-ci ilin sonlarına doğru münasibətləri pisləşmiş və İddiaçı ona qarşı nikahın pozulması tələbinə dair iddia irəli sürmüşdür. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O, illərdir ki, torpaq alıb üzərində ev tikib satmaqla dolanır. Mübahisəli torpaq sahəsini 2019-cu ildə Elbrus adlı şəxsdən almış, üzərində ev inşa etdikdən sonra köçüb orada yaşamağa başlamışdır. Torpaq sahələrini alıb-satarkən hər dəfə Sonanın notariat orqanına getməməsi üçün ondan etibarnamə almışdır. Hazırkı torpaq sahəsini də həmin etibarnamənin əsasında atasına bağışlamşdır. Torpaq sahəsini bağışlamaq fikrinin olması barədə Sonaya məlumat verməmişdir. Hesab edir ki, heç bir qanunsuz hərəkətə yol verməmişdir. Notariusun təsdiq etdiyi etibarnamə əsasında Sonanın əvəzindən razılıq ərizəsini özü imzalamışdır. Əgər burada qanunsuz hər hansı hal olsa idi, notarius həmin ərizəni qəbul etməzdi. Dəfələrlə Sonanın adından bu cür ərizələrə imza etmişdir. Torpaq sahəsini bağışladığı atasının səksəndən yuxarı yaşı var, ona görə də məhkəmələrə gələ bilmir. Hazırda mübahisəli evdə iddiaçı və özü yaşayır. Xahiş edir ki, iddia təmin edilməsin. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 və üçüncü şəxs Gəncə şəhəri 3 saylı notariat ofisinin nümayəndəsi hər hansı səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 27 may 2021-ci il tarixli, 1243 nömrəli daşınmaz əmlaka dair arayışın və arxiv sənədlərinin surətlərinin təqdim edilməsi barədə 02 iyun 2021-ci il tarixli məktubundan görünür ki, 3 saylı notariat ofisinin 29.03.2019-cu il tarixli 4 Ə-79 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Qırmızı kənd ərazisi, sahə 79A-da yerləşən əmlak Cavabdeh2 satılmışdır və ona 11.04.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3 saylı notariat ofisinin 02.12.2020-ci il tarixli 4Ə-341 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mülk Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 hal-hazırda ünvanı ünvan 1ahəsinə 21.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri çoxsahəli layihə smeta müəssisəsindən Cavabdeh1 bu ünvanda inşa edilmiş yaşayış evinə eskiz layihə verilmişdir. Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Saleh Musayev küçəsi, 59 ünvanda 0,045 ha torpaq sahəsində yerləşən bağ evinə 20.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(043)-420/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 03 fevral 1998-ci il tarixdə Daşkəsən rayonu İHB Qabaqtəpə kənd icra nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Elektron uçot-qeydiyyat kartoçkasından görünür ki, İddiaçı Cavabdeh2 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə 2(043)-420/2021 saylı mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatına 20 noyabr 2020-ci il tarixdə daxil olmuşdur. AN-İ seriyalı, ******* saylı, 4-Ə-79 reyestr nömrəli 29 mart 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ərazisi, sahə 79 A ünvanında yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə Cavabdeh2 5300 manata satmışdır. 02 dekabr 2020-ci il tarixli, 4Ə-341 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə (tam hissə, 0,045 ha) atası hədiyyə alan Cavabdeh1 bağışlamışdır. İddiaçı adından notariat ofisinə ünvanlanmış ərizədən (**********903) görünür ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ərazisi, sahə 79 A-da birgə nikah dövründə əldə etdikləri Cavabdeh2 məxsus olan 0,045 ha torpaq sahəsinin bağışlanmasına etiraz etmir. Ərizəni İddiaçı adından Cavabdeh2 Gəncə şəhəri 3 saylı notariat ofisində 01.07.2020-ci il tarixdə verilmiş 7E-4783 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh2 imza etmişdir. AR-İİ seriyalı, 049162 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi Cavabdeh1 Adil oğluna etibar etmişdir. Məhkəmə iddia tələbinə qiymət verilməsi üçün aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir: Bununla bağlı məhkəmə ilk öncə bağışlamanın iddiaçının iradəsini ifadə edibetməməsi yəni, onun bağışlamaya razılıq verib-verməməsi məsələsinə aydınlıq gətirmək istəyir. İş materiallarına əlavə olunmuş 01 iyul 2020-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, o cümlədən, əmlakı ipoteka (girov) qoymağı, bağışlamağı əri olmuş Cavabdeh2 etibar etmişdir. Cavabdeh iddiaçıya torpaq sahəsini atasına bağışlayacağı barədə heç bir məlumat verməmiş, onun altı ay əvvəl verdiyi etibarnamə əsasında onun razılığı olmadan bağışlama müqaviləsinin bağlanmasına iddiaçının etirazının olmaması barədə ərizə vermişdir. Bundan başqa artıq bağışlanma müqaviləsi bağlanmazdan əvvəl yəni 20 noyabr 2020-ci il tarixdə iddiaçı cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında münasibətlər pozulmuş, iddiaçının bağışlamaya razı olmayacağı cavabdehə qabaqcadan məlum olmuşdur. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, etibarnamə sırf təmsilçiliklə bağlı məsələləri ifadə edən bir sənəd olduğundan, o, bağışlamaya razılığı müxtəsər ifadə edən sənəd kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, mübahisəli əmlak İddiaçı razılığı olmadan cavabdehlər arasında özgəninkiləşdirmə əqdi sayılan bağışlamanın predmeti olmuşdur. Evin İddiaçı ilə Cavabdeh2 birgə nikahı zamanı əldə olunduğunu nəzərə alsaq, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci və Ailə Məcəlləsinin 32-ci maddələrinin tələbinə görə həmin ev onların ümumi birgə mülkiyyəti sayılırdı və yenə də Mülki Məcəllənin 225.6-cı və 667.1-ci, Ailə Məcəlləsinin isə 33.1, 33.3 və 33.4-cü maddələrinin tələbinə görə belə ümumi birgə mülkiyyəti arvadın notarial qaydada təsdiqlənmiş razılığı olmadan ərin bağışlaması yolverilməz idi. Bundan başqa, Mülki Məcəllənin 324.1-ci maddəsinə görə “əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”. Göründüyü kimi, mülki qanunvericilik “iradəni” əqdin zəruri elementlərindən biri kimi nəzərdə tutmuşdur. İradə əqd tərəfinin əqd bağlayan zaman məqsədini, arzusunu, bu məqsəd və arzuya çatmaq üçün öz əqli və fiziki imkanlarını heç bir kənar təsir olmadan könüllü olaraq istiqamətləndirməsini nəzərdə tutan mülki-hüquqi kateqoriyadır. Hazırki mübahisə üzrə “bağışlama” əqdinə münasibətdə İddiaçı “iradə ifadəsi” onu nəzərdə tutur ki, İddiaçı əri Cavabdeh2 nikah dövründə əldə etdikləri əmlakı digər cavabdeh olan Cavabdeh1 bağışlamasına razıolmalı və könüllü olaraq bu razılığını ifadə etməli idi. Lakin tərəflərin məhkəmə baxışındakı izahatlarından görünür ki, Adil Əiyev əmlakı Cavabdeh1 bağışlayarkən İddiaçı bu əqddən ümumiyyətlə məlumatı olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama real müqavilədir və yalnız hədiyyə alanın hədiyyəni faktiki olaraq qəbul etdiyi halda bağlanmış sayılır. Araşdırılmış sübutlardan isə görünür ki, cavabdehlər arasındakı bağışlama müqaviləsi formal olaraq, görüntü naminə sadəcə olaraq rəsmiləşdirilmiş, bağışlanılmış ev faktiki olaraq Cavabdeh1 faktiki sahibliyinə və istifadəsinə verilməmişdir. Bu gün də orada İddiaçı və Cavabdeh2 yaşayır. Bu isə onu təsdiq edir ki, cavabdehlər arasındakı bağışlama real olaraq baş tutmamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmənin fikrinə görə, bütün bu sadalanan halların hamısı mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığını təsdiq edir və bu barədə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunan maddənin tələbinə görə əqd etibarsız hesab edildikdə əqdi bağlamış tərəflər əqdin bağlanmasından əvvəlki vəziyyətə qaytarılmalıdır. İddiaçı iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsindən Cavabdeh1 adına verilmiş 20.04.2021-ci il tarixli **********8 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxşında müəyyən edilmişdir ki, bağışlama müqaviləsi bağlandıqdan sonra hal-hazırda ünvanı ünvan 4sinə Cavabdeh1 adına 21.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri çoxsahəli layihə smeta müəssisəsindən Cavabdeh1 bu ünvanda inşa edilmiş yaşayış evinə eskiz layihə verilmişdir. Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Saleh Musayev küçəsi, 59 ünvanda 0,045 ha torpaq sahəsində yerləşən bağ evinə 20.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Əqdin etibarsız hesab edilməsinin hüquqi nəticələrinin tətbiq edilməli olması qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Digər tərəfdən iddiaçının tələblərindən biri də fərdi yaşayış evinə ½ hissədə payının müəyyən edilməsidir ki, bu tələbə qiymət verilə bilməsi üçün ilk növbədə əqdin tərəfləri əvvəlki vəziyyətinə qaytarılmalı, yəni mübahisəli əmlak ər-arvadın ümumi birgə əmlakı statusuna qayıtmalıdır. Əqdin tərəflərinin əvvəlki vəziyyətinə qayıda bilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsindən Cavabdeh1 adına verilmiş 20.04.2021-ci il tarixli **********8 qeydiyyat nömrəli çıxarışla yanaşı, 21.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. Mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsi barədə hissəsinə gəldikdə isə məhkəmə bu tələbi də əsaslı hesab edir. Çünki yuxarıda işin faktiki hallarına və qanun normalarına istinadən bildirilmişdir ki, torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə nikahı zamanı əldə olunmuş, onun üzərindəki fərdi yaşayış evi də tərəflərin nikahı dövründə tikilmişdir. Buna görə də həm torpaq sahəsi, həm də üzərindəki fərdi yaşayış evi onların hər ikisinə məxsus olmaqla onların ümumi birgə əmlakıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3 və 36.4-cü maddələrinə əsasən mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və 2020-ci ilin sonlarına qədər birgə təsərrüfat aparmışlar. Mübahisəli əmlak isə onların nikahda olduğu və birgə təsərrüfat apardığı dövrdə, yəni 2019-cu ildə əldə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evin ½ hissəsinə payının müəyyən edilməsi barədə tələbi də əsaslıdır və ünvan 5 ünvanda, 0,045 ha torpaq sahəsinin üzərində yerləşən bağ evinin ½ hissəsi iddiaçının payı kimi müəyyən edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ərazisi, sahə 79 A ünvanında yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 02.12.2020-ci il tarixli, 4Ə-341 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsindən Cavabdeh1 adına verilmiş 21.12.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və 20.04.2021-ci il tarixli **********8 qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. ünvan 6 ünvanı ünvan 7əsinin üzərində yerləşən bağ evinin ½ hissəsi İddiaçı payı kimi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilmədikdə qətnamənin qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2493/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2493/2021
09.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver