Məhkəmə qərarları › İş №2(103)-355/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-355/2024

23.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-355/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “əqdin etibarsız sayılması, mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(004)-387/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “əqdin etibarsız sayılması, mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış “ilkin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Cavabdeh3 MTK ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli, “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh3 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10cu mərtəbə, 3 otaqlı, 138,0 kv.m sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh3 MTK arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh3 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasında 1-ci giriş, 3 otaqlı, 138.0 kv.m sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı verilməsi, mənzilin dəyəri olan 75796 manatın isə İddiaçı tərəfindən Cavabdeh3 MTK-ya ödənilməsi barədə tərəflər öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmişdir. Mənzildə təmir işləri aparmaq istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 adlı şəxs, Cavabdeh3 MTK-ya 23 avqust 2011ci il tarixli müqavilə təqdim edərək guya mənzilin ona satıldığını iddia edərək mənzildə təmir işləri aparmağa cəhd edir. Cavabdeh3 MTK tərəfindən ona mənzilin İddiaçı məxsus olduğu bildirilsə də, Cavabdeh1 bunu qəbul etməyərək, mənzilin ona məxsus olduğunu iddia edir. Hazırda iddiaçı cavabdehlər tərəfindən pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı, Cavabdeh3 MTK-a ilə aralarında bağlanmış 01 dekabr 2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən 2008-ci ildə mənzilin dəyərini tam olaraq ödədiyi üçün həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(004)- 387/2023 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) iddia tələblərindən – “Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə imtina etmiş, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi qismən, yəni “Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin tələblə bağlı hissədə mülki işin icraatına iddiadan imtina olunması əsası üzrə xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddiaçı ilə Cavabdeh3 MTK arasında mənzilin alqı-satqısına dair 01 dekabr 2007-ci il tarixdə müqavilənin bağlanması, mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən 2008-ci ilin dekabr ayınadək tam olaraq ödənilməsi, həmin vaxtdan sonrakı dövrlərdə mübahisələndirilən mənzilə istifadə və sahiblik etmək, mənzil üzərində sərəncam vermək hüququnun Cavabdeh3 MTK-ya deyil, iddiaçıya məxsus olması, Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız olması, ekspertiza rəyi ilə həmin müqavilədə olan möhürün, imzanın və s. əksləri reproqrafik surət olublar, çoxaldıcı qurğu vasitəsilə surətləri çıxarılmasının müəyyən olunması, Cavabdeh1 barəsində cinayət təqibiqnin başlanması, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müvafiq sorğu verilməsi, lakn sorğunun nəticəsini gözləmədən əsassız qətnamə qəbul etməsi, məhkəmə iclasında Cavabdeh3 MTK-nın nümayəndəsinin iddianı etiraf etməsi, MTK tərəfindən mübahisəli mənzilin Cavabdeh1 satılmaması barədə izahatının da nəzərə alınmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun eyni məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı təyin olunmuş ekspertizalar zamanı Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin saxta olması, həmin müqavilədə olan möhür və imzaların saxtalaşdırılması və s. müəyyən olunmuşdur. Həmçinin, Cavabdeh1 barəsində cinayət təqibi də aparılır. Eyni zamanda, Cavabdeh2 artıq Cavabdeh1 qarşı “30 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, təmir xərcinin əvəzinin ödənilməsi” tələbinə dair iddia ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə - Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilmiş 83000 manat, mənzilin təmirinə çəkilmiş 2242 manat, həmçinin 345,73 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət haqqının Cavabdeh1 tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi qət olunmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli mənzil məhz iddiaçıya məxsusdur, onun əmlak hüquqları hələ 2007-2008-ci illərdən etibarən yaranmışdır. Mübahisəli mənzil iddiaçıda olmuş, Cavabdeh1 oranı zəbt etməyə çalışmış, bunu bildikdə mübahisə yaranmışdır. Cavabdeh tərəf təmir işlərinə cəhd etsə də, məhkəmə qərarı ilə dayandırılmışdır. Həmin mənzil hazırda cavabdehlərin sahibliyində və istifadəsində də deyildir, orada heç kim yaşamır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisəli mənzili Cavabdeh1 almış, həmin vaxtı mənzilin mübahisəli olmasını bilməmişlər. bundan sonra, mənzildə müəyyən təmir işləri apaılmış, lakin mübahisə yarandığı üçün təmir yarımçıq qalmışdır. Həmin mənzildə yaşayış olmamışdır, indi də yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh3 MTK-nın nümayəndəsi izahatında göstərmişdir ki, Cavabdeh3 MTK-nın prosesləri məhkəmələrdə çox olur. Hər dəfə proseslər olanda MTK sədri olmuş, hazırda həbsdə saxlanılan Cahangir Alışovun yanına gedir, mübahisələrlə bağlı məlumatlar verir. Hazırki mübahisə ilə bağlı Cahangir Alışov bildirmişdir ki, iddiaçını tanıyır, həqiqətəndə ona mübahisəli mənzil satılmışdır, bu hal 2007-2008-ci illərə təsadüf edir. İddiaçı ilə müqavilə bağlanılmış, mənzilin dəyəri iddiaçı tərəifndən MTK-ya ödənilmişdir. Digər şəxslər Cavabdeh1 və Cavabdeh2 isə ümumiyyətlə tanımır, onlara mənzil satmamış, pul almamışdır. Bu səbəbdən də hazırki iddianı qəbul edirlər. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi (vəkili) iddia tələblərindən – “Cavabdeh1 ilə Cavabdeh2 arasında 30 avqust 2022-ci il tarixli bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə imtina etdiyindən, hazırki vəziyyətdə apellyasiyanın baxış həddini (yoxlanılan hissə) digər tələblər, yəni - Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 MTK ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli, “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh3 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbə, 3 otaqlı, 138,0 kv.m sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı təhvil verilməsi və İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması” təşkil edir. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissələrdə təmin olunmalıdır. Belə ki, işdə olan sübutlara əsasən müəyyən olunur ki, Cavabdeh3 MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə - Cavabdeh3 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasında 1-ci giriş, 3 otaqlı, 138.0 kv.m sahədən ibarət olan 71 nömrəli mənzilin İddiaçı verilməsi, mənzilin dəyəri olan 75796 manatın isə İddiaçı tərəfindən Cavabdeh3 MTK-ya ödənilməsi barədə tərəflər öhdəlik götürmüşlər. İşdə olan maliyyə arayışılarına əasən iddiaçı qeyd edilən mənzilin pay dəyərindən xx.xx.2007-ci il tarixdə 26516 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixlərdə 4165 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixlərdə 4067 manat, xx.xx.2008-ci il tarixdə 3969 manat, xx.xx.2008-ci il tarixdə 3920 manat, xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2008-ci il tarixlərdə 3969 manat, xx.xx.2008ci il tarixdə isə 3888 manat məbləğində pul ödənilmişdir. Cavabdeh3 MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin bağlanması, eləcə də 2008-ci ildə onun dəyərinin ödənilməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 178.8-ci maddəsinin tələbinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bunun davamı olaraq qeyd edilməlidir ki, MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin, MM-nin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, iddiaçının mübahisəli mənzil üzərində qanuni əmlak hüquqları (əmlaka sahiblik və istifadə etmək hüquq) işin halları və qanunvericiliyin tələbləri baxımından yaranmışdır. Belə olan halda, eyni mənzilə dair Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanması qeyd edilən xx.xx.2011-ci il tarixli müqavilənin etibarlılığı müəyyən edilməlidir. Belə ki, işdə olan Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanması qeyd edilən xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, MTK Bakı şəhəri Yasamal rayonun M. Xiyabani küçəsində yerləşmiş Yeni Yasamal MTK tərəfindən tikilməkdə olan binasında 71 №-li mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 69000 manat müəyyən olunmuşdur. İşdə olan xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 MTK-ya məxsus Bakı şəhəri Yasamal rayonun M. Xiyabani küçəsində yerləşən yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən 138 kv m sahəsi olan 3 otaqlı mənzilin pay dəyərinin 69000 manatı Cavabdeh1 tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən - Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi üçün əsasların müəyyən edilməməsinə, iddiaçının 2007-ci ildən sonra keçən 15 il müddətində mənzilə dair heç bir iddia irəli sürməməsinə və s. istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Cavabdeh3 MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, MTK tərəfindən ünvan 1 ünvanda inşa olunan yaşayış binasında 1-ci giriş, 10cu mərtəbə, ümumi sahəsi 138,0 kv.metr olan 3 otaqlı 71 saylı mənzilin 01 dekabr 2007-ci il tarixli müqavilə ilə İddiaçı 75796 (yetmiş beş min yeddi yüz doxsan altı) manata razılaşdırılaraq satıldığı, mənzilin MTK tərəfindən başqa şəxsə satılmadığı, lakin halhazırda MTK-ya məlum olmayan səbəbdən Cavabdeh1 adına mənzil müqaviləsi və X6 ilə ilkin alqı- satqı müqaviləsi ortaya çıxdığı bildirilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh3 (VÖEN **********) qeydiyyat qovluğunda 2010-2012-cl illər ərzində və hazırkı tarixdə möhrünün dəyişdirilməsi barədə məlumat müəyyən edilməmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/417 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh3 MTK-nın direktoru X4 ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə bir başa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh3 MTK-nın direktoru X4 ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin, "Yeni Yasamal” MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun reproqrafik surətlərinin üzərlərində olan yazılar, imzalar, cap mətni və möhür əksləri reproqrafik surət olublar, çoxaldıcı qurğu vasitəsilə surətləri çıxarılmışdır. Təqdim edilmiş Cavabdeh3 MTK-nın direktoru X4 ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan "Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi Cavabdeh3 məzmunlu möhür əksi Yeni Yasamal MTK-nın direktoru X4 ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik surətinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təşkil etmir. Təqdim edilmiş Cavabdeh3 MTK-nın direktoru X4 ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli müqavilənin üzərində olan “Azərbaycan Respublikası Bakı şəhəri MTK Yeni YASAMAL məzmunlu möhür əksi Cavabdeh3 MTK-nın təsisçilərinin ümumi yığınağının xx.xx.2011-ci il tarixli protokolun reproqrafik surətinin üzərindəki möhür əksinin təsviri ilə eynilik təşkil edir. Təqdim edilmiş “Yeni Yasamal" MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2011-ci il tarixli protokolun və Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli müqavilənin reproqrafik surətlərin üzərlərində olan "Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Tikinti Kooperativi Yeni Yasamal" məzmunlu möhür əksinin təsvirləri öz aralarında eynilik təşkil etmirlər. Həmçinin, apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab məktubundan müəyyən olunur ki, Nümayəndə müraciəti Cavabdeh3 MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Azərbaycan Respublikası CM-nin 178.3.2, 178.3.2, 308.2,313,320.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırılır. Cinayət işinin istinatqı ilə sorğuda qeyd eidlən mənzilin 1 dekabr 2007-ci il tarixli müqavilə və maliyyə arayışı ilə İddiaçı satıldığı, Nümayəndə tərəfindən istintaqa təqdim edilmiş və həmin mənzilin Cavabdeh1 satılması barədə 23 avqust 2011-ci il tarixli müqavilənin və maliyyə arayışının isə MTK-nın vəzifəli şəxsləri tərəfindən deyil başqa şəxslər tərəfindən hazırlandığı müəyyən edilmişdir. Bununla yananı, apellyasiya icraatı zamanı alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-4/1643 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 1-ci cildinin 43-cü vərəqində Cavabdeh3 MTK və İddiaçı adlarından olan xx.xx.2007-ci il tarixli müqavilənin sonunda “C.H.Alışov” yazısının qarşısındakı imza və mülki işin 91-ci vərəqində oln xx.xx.2023-cü il tarixli etibarnamənin kserosurətində “C.H.Alışov” yazısının qarşısındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim eidlmiş, mülki işin 1-ci cildinin 43-cü vərəqindı Cavabdeh3 MTK və İddiaçı adlarından olan xx.xx.2007-ci il tarixli müqavilənin sonunda “C.H.Alışov” yazısının qarşısındakı imza ilə mülki işin 143-cü vərəqində olan Cavabdeh3 MTK və Cavabdeh1 adlarından olan xx.xx.2011-ci il tarixli müqavilənin sonunda “C.H.Alışov” yazısının qarşısındakı imza - müxtəlif şəxslət tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 143-cü vərəqində Cavabdeh3 MTK və Cavabdeh1 adlarından olan xx.xx.2011-ci il tarixli müqavilənin sonunda “C.H.Alışov” yazısının qarşısındakı imza ilə mülki işin 91-ci vərəqində olan xx.xx.2023-cü il tarixli etibarnamənin kserosurətində “C.H.Alışov” yazısının qarşısındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Beləliklə, işdə olan sübutlardan açıq-aşkar müəyyən olunur ki, Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə həqiqi olmamaqla, özlüyündə müqavilə tərəflərinin sərbəst iradə ifadəsini əks etdirmir. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MMnin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. MM-nin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Kollegiya, hazırkı işin hallarına da bu kontekstdən yanaşaraq, hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh3 MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə əhəmiyyətsizlik səbəbilə etibarsızdır. Əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh2 etirazının əsası kimi, Cavabdeh1 ilə bağladığı 30 avqust 2022-ci il tarixli “ilkin alqı-satqı müqaviləsi”nin mövcudluğuna əsaslansa da, bu hal iddiaçının əmlak üzərində yaranmış hüquqlarını aradan qaldırmır. Birincisi, yuxarda da qeyd edildiyi kimi, mübahisə predmeti olan mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2011-ci il tarixli müqavilə həqiqi (etibarlı) olmamaqla, sonuncunun əmlak üzərində hər hansı hüquqlarının yaranmasına da əsas yaratmamışdır. Bununla yanaşı, MM-nin 402-ci maddəsinə görə, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi, ilkin müqavilə özü-özlüyündə əmlak üzərində qanuni əşya hüquqlarını yaratmamaqla, gələcəkdə müvafiq əsas müqavilənin bağlanmalı olmasını ehtiva edir. Cavabdeh2 isə mübahisə predmeti olan mənzillə bağlı nə MTK, nə də iddiaçı ilə hər hansı əsas müqavilə bağlamamış, dolayısı ilə əmlak üzərində hər hansı hüquqları da yaranmamışdır və hazırda da mövcud deyildir. Eyni zamanda, apellyasiya baxışı icraatında müəyyən olunmuşdur ki, hazırki iş üzrə Cavabdeh2 artıq Cavabdeh1 qarşı müstəqil qaydada iddia qaldırıraraq aralarında bağlanmış həmin ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə çəkdiyi təmir xərcinin əvəzinin ödənilməsini tələb etmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(008)-980/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, həmin müqavilə üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1 ödənilmiş 83.000 manat, mənzilin təmirinə çəkilmi 2.242 manat, həmçinin 345.73 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 85.907,73 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamənin qanuni qüvvəsini alıb-almaması vəziyyəti dəyişdirmir. Burada diqqətə alınmalı olan əsas xüsusat Cavabdeh2 özünün ilkin aqı-satqı müqaviləsinə və mənzilə bağlı qalmaması, həmin müqaviləni etibarsız sayması, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanı sonuncudan tələb istiqamətində olan iradə ifadəsidir. Qeyd edilməlidir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Beləliklə, məhkəmə kollegiyası başdan bəri qeyd edilənləri ümumiləşdirərək, bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində qanuni əmlak hüquqları işin halları və qanunvericiliyin tələbləri baxımından yaranmışdır. Belə olan halda isə, istər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanması qeyd olunan, heç bir hüquqi əhəmiyyətə malik olmayan, etibarsız hesab olunan 23 avqust 2011-ci il tarixli müqavilə, istərsə də Cavabdeh2 həmin mənzil üzərində hər hansı qanuni əmlak hüquqları yaratmayan Cavabdeh1 ilə bağladığı 30 avqust 2022-ci il tarixli “ilkin alqı-satqı müqaviləsi” iddiaçının qanuni əsaslarla yaranmış və hazırda da hüquqi anlamda mövcudluğunu davam etdirən həmin əmlak hüquqlarını aradan qaldırmamaqla, sonuncunun hüquqlarının məhdudlaşdırılmasını əsas ola bilməz. Göründüyü kimi, cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı da iddianın əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissələrdə təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iş üzrə məhkəmə ekspertizaları keçirilmiş, ümumilikdə ekspertiza tədqiqatının məbləği 172 manat təşkil etmişdir. Məhkəmə kollegiyası iddianın əsaslı olması nəticəsinə gəldiyindən hesab edir ki, qeyd edilən məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “əqdin etibarsız sayılması, mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(004)-387/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv olunsun, iddia tələbləri həmin hissələrdə təmin olunsun Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə etibarsız sayılsın. Cavabdeh3 MTK ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli, “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh3 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 1-ci giriş, 10cu mərtəbə, 3 otaqlı, 138,0 kv.m sahədən ibarət olan 71 nömrəli mənzil İddiaçı təhvil verilsin, iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüquqları tanınsın. Məhkəmə xərci cavabdehlərə aid edilsin, cavabdehlərdən aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 172 (bir yüz yetmiş iki) manat müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar