Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2523/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X1, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və onların nümayəndələri (vəkilləri) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Nəcəfov İddiaçı Gülər Turxay qızı, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus ünvan 1 ünvanda yerləşən 6 nömrəli mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia irəli sürərək onların ünvan 1 ünvanda yerləşən 6 nömrəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri V.Xuluflu küçəsi ev 4 mənzil 6 şəxsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehlər- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evinin keçmiş sakinləridirlər. Həmin ev Gəncə şəhəri Kəpəz Rayon Xalq Deputatları Sovetinin qərarı ilə order əsasında 1960-cı ildə ona verilmiş və o, sonradan 1994-cü ildə qeyd olunan evi özəlləşdirmişdir. O, cavabdehləri uzun illərdir həmin mənzildə yaşamadıqlarına və mənzildən istifadə etmədiklərinə görə, qeydiyyatdan çıxarmaq istəyi ilə, "‘Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq 27.02.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis idarəsinə müraciət etmiş, polis idarəsindən müraciətinə 03.03.2020-ci il tarixli № ***-**** N 3220 saylı cavab məktubu ilə bildirilmişdir ki, yuxarıda adını qeyd etdiyi Qanunun tələbinə uyğun olaraq o, məhkəməyə müraciət etməlidir. Cavabdehlərin heç biri uzun illərdir ona məxsus olan mənzildə yaşamırlar. Belə ki, həmin şəxslərin harada yaşadıqları ona məlum deyil. O, iddianı həm qanunvericilik normalarına əsaslanaraq həm də qonşularının şahidliyi ilə sübut etməyə hazırdır, yəni cavabdehlər faktiki olaraq ona məxsus olan mülkdə yaşamadıqlarına görə həmin mənzildən istifadə hüquqlarını itirməlidirlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh (ilk iddia üzrə iddiaçı) Nəcəfov İddiaçı Gülər Turxay qızının qayınatasıdır. X7 Vaqif Hüseyn oğlu ilə 1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin vaxt İddiaçı razılığı ilə hal-hazırda pasport qeydiyyatında olduğu ünvan 2 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. Cehiz əşyalarını da həmin mənzilə gətirmiş və hazırda da oradadır. Gəlin köçdüyü gündən uzun illər ərzində sözügedən mənzildə cavabdehlə birlikdə ailə üzvü kimi yaşamış, onlarla birlikdə ümumi təsərrüfat aparmışdır. Birgə nikahlarından 18 iyul 1994-cü il tarixdə qızını Cavabdeh1, 11 avqust 1995-ci il tarixdə isə digər qızı Cavabdeh2 doğulmuşdur. Övladlarının hər ikisi də bu evdə böyüyüb başa çatmışlar. Lakin həyat yoldaşı X14 12 avqust 2018-ci il tarixdə vəfat etdikdən sonra bir müddət bu mənzildə yaşasalar da, sonradan cavabdehin onları mütəmadi olaraq təhqir etməsi, evdən çıxmalarını tələb etməsinə görə məcbur olub müvəqqəti evdən çıxmalı olmuşlar. Lakin cehiz əşyaları bu gün də həmin mənzildədir. Mənzildən istifadə hüquqlarının olmasına baxmayaraq hazırda kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Yaşamağa başqa yerləri yoxdur. Ona görə də onların ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmələri üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, Cavabdeh3 onun gəlini, Cavabdeh1 və Cavabdeh2 isə nəvələridir. Oğlu Vaqif 2018-ci ildə vəfat etmişdir. Cavabdeh2 2017-ci ildə ailə qurub evdən köçmüşdür. Oğlu vəfat etdikdən qısa müddət sonra gəlini ondan evi adına keçirməsini tələb etmiş, evdə daimi münaqişə yaratmışdır. O, evi gəlininin adına keçirməkdən imtina etdikdən sonra gəlini nəvələri ilə birlikdə evdən çıxıb getmiş və qardaşına məxsus olan evdə yaşamağa başlamışdır. Cavabdehlər evi könüllü olaraq tərk edib getdiklərindən onların həmin evdən istifadə hüququ yoxdur. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında X5 ilk iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehləri mübahisəli mənzildən heç kim məcburi çıxarmamış, əksinə özləri çıxıb getmişdir. Onların mübahisəli evdə uzun müddət yaşamamaları başqa daimi yaşayış yerlərinin olmasını təsdiq edir. Buna görə də ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 qarşılıqlı iddianı müdafiə edərək və qarşılıqlı iddiaya uyğun izahat verərək bildirdi ki, 1994-cü ildə X11 ilə ailə quraraq İddiaçı məxsus mənzilə köçmüşdür. Onun cehiz əşyaları da həmin mənzildədir. Cavabdeh1 və Cavabdeh2 onun qızlarıdır və qızları da həmin mənzildə doğulub böyümüşdür. Qızı Süsən 2017-ci ildə ailə quraraq Samux rayonuna köçmüşdür. Əri Vaqif uzun müddət yataq xəstəsi olmuş, 12 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra qaynatası və qaynanası onlara təzyiq göstərərək mənzildən çıxmalarını tələb etmişlər. Dəfələrlə aralarında mübahisə olmuş, qaynatası onu və qızını təhqir mütəmadi təhqir etmişdir. 2019-cu ilin aprel ayında qaynatası Hüseyn və qaynanası Süsən onlardan qəti şəkildə mənzili tərk etmələrini tələb etmiş, hətta əşyalarının bir qismini bayıra yığmışlar. Bu cür yaşayışdan təngə gəldikləri üçün məcbur olub mənzildən çıxıb qardaşının Goranboy rayonu Ağamalıoğlu kəndindəki evinə köçüb bir müddət orada yaşamışlar. Daha sonra isə Gəncə şəhərində birotaqlı kirayə mənzil tutub oraya köçmüşlər. Mənzili tərk etmələrinin səbəbi qaynatası və qaynanasının onlar üçün dözülməz şərait yaratması olmuşdur. Düşünmüşdür ki, bir müddət ayrı qalarlarsa bəlkə onlar sakitləşərlər. Lakin hazırda qaynatası onların mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia qaldırdığından onlar da mənzilə olan hüquqlarını bərpa etmək qərarına gəlmişlər. Onun başqa yaşayış yeri olsaydı hazırda kirayədə qalmazdı. Buna görə də ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, o, doğulduğu vaxtdan valideynləri və bacısı Süsənlə birlikdə babasına məxsus mübahisəli mənzildə yaşamışdır. Bacısı Süsən 2017-ci ildə ailə quraraq mənzildən köçmüşdür. X3 uzun sürən xəstəlikdən sonra 12 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra babası və nənəsi daimi olaraq mənzildə mübahisə yaratmış, onlardan mənzili tərk edib getmələrini istəmişdir. Sonuncu dəfə 2019cu ilin aprel ayında babası və nənəsi mübahisə yaratmış, onların əşyalarını mənzildən bayıra atmışdır. Bundan sonra artıq belə şəraitdə yaşamağın dözülməz olduğunu görüb əvvəlcə Goranboy rayonuna dayısının evinə getmişlər, daha sonra isə Gəncə şəhərində kirayə mənzil tutub anası ilə birlikdə orada yaşamağa başlamışlar. Onların daimi yaşayış yerləri yalnız qeydiyyatda olduqları mənzildir. Kirayə qalmağa maddi imkanları olmasa getməyə başqa yerləri yoxdur. Kirayədə qalmalarının səbəbi isə babası və nənəsinin onlar üçün mənzildə yaratdığı dözülməz şəraitdir. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə bildirdi ki, təmsil etdiyi şəxslərin İddiaçı məxsus olan mənzildən mübahisəsiz istifadə hüquqları vardır. Onlar 2019-cu ilin aprel ayınadək həmin mənzildə yaşamış, həmin vaxtdan isə məhz X2 və həyat yoldaşının yaratdığı dözülməz psixoloji şəraitdən qaçmaq üçün mənzili tərk edib kirayədə yaşamağa məcbur olmuşlar. Bu isə onların özlərinə başqa daimi yaşayış yeri seçdikləri üçün mənzili tərk etmələri barədə iddiaçının dəlillərini təkzib edir. Buna görə də ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, iddiaçı Hüseyn onun bacısının qayınatası, Gülər isə onun bacısıdır. Bacısı Gülər 1993-cü ildən, yəni ailə qurduğu vaxtdan mübahisəli mənzildə yaşayır. 2019-cu ildə bacısı və sonuncunun qaynatası arasında mübahisə yarandığı üçün bacısı onu Gəncə şəhərinə çağırmış, o da gəlib bacısına məxsus əşyaların həyətə yığıldığını görmüşdür. Bundan sonra o, bacısını və qızını evdən çıxarıb Goranboy rayonu, Ağamalıoğlu kəndində öz yaşadığı evə aparmış, onlar orada bir müddət onunla birlikdə yaşamışlar. Daha sonra bacısı Gəncə şəhərində mənzil kirayələyərək qızı Gülayla birlikdə həmin mənzilə köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı Firdovsi oğlu ifadə verərək bildirmişdir ki, Hüseyn onun babası, Gülər isə əmisinin arvadı, həm də qayınanasıdır. Cavabdeh2 onun həyat yoldaşı, Cavabdeh1 isə əmisi qızı və baldızıdır. Babasına məxsus evdə əmisi Nəcəfov Vaqif, arvadı Gülər, qızları Gülay və Süsən, onun babası İddiaçı və nənəsi Cavabdeh2lə birlikdə yaşamışdır. O, Cavabdeh2lə 2017-ci ildə ailə qurmuşdur və Samux rayonunda yaşayırlar. 2019-cu ilin mart-aprel aylarında qaynanası ona zəng edərək evlərində mübahisə olduğunu, evdən çıxmalı olduqlarını bildirmişdir. O, babasının evinə gəldikdə babası və nənəsinin qaynanası və baldızı ilə mübahisə etdiklərini, onlardan çıxıb getmələrini tələb etdiklərini görmüşdür. Bundan sonra qaynanası və baldızı ilə birlikdə qaynanasıgilə məxsus əşyaların bir qismini öz maşını ilə bir neçə dəfəyə yaşadığı Samux rayonundakı evinə aparmışdır. Qaynanası və baldızı daha sonra Goranboy rayonu, Ağamalıoğlu kəndində qayanasının qardaşının evinə köçüb bir müddət orada yaşamış, sonradan isə Gəncədə kirayə mənzil tutub oraya köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, İddiaçı onun qonşusudur. Hüseynin 5 övladı olmuş, övladlarının hamısı ailə qurmuş, oğlu Vaqif də Gülərlə ailə qurduqdan sonra Hüseynə məxsus mənzildə yaşamışlar. Vaqifin Gülay və Süsən adlı iki qızı olmuşdur. Süsən Vaqifin sağlığında ailə qurub mənzildən köçmüşdür. Vaqif vəfat etdikdən bir müddət sonra Gülər və Gülayı Hüseynin evində görməmişdir. Hüseyndən bu barədə soruşduqda o, gəlini və nəvəsinin başqa yerə köçdüklərini bildirmişdir. Tərəflər arasında hər hansı mübahisənin şahidi olmamışdır, Gülər və Gülayın hansı səbəbdən mənzili tərk edib getmələrini və harada yaşadıqlarını bilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, həm ilk iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 01 avqust 1960-cı il tarixli, 5 nömrəli orderin surətindən görünür ki, Vəli Xuluflu küçəsi, ev 4, mənzil 6 (bir otaqlı 15,54 kvm ) vətəndaş İddiaçı verilmişdir. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Nəcəfov X4 Süsən Ələkbər qızı ilə 15 dekabr 1959-cu il tarixdə 1468 nömrə ilə nikah qeyd etdirmişlər. Nikah bağlandıqdan sonra ərə Nəcəfov, arvada Nəcəfova soyadı verilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2-da qeydiyyatdadır. Həmin mənzildə X9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pasport qeydiyyatınadırlar. Notarial qaydada təsdiq olunmuş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 4 ünvanda yerləşən 6 saylı mənzil şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına 11745 nömrəli reyestr kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X12 arasında 27 avqust 1993-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Nəcəfov, arvada Nəcəfova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 18 iyul 1994-cü il təvəllüdlü X16 və 11 avqust 1995-ci il təvəllüdlü X6 valideynləri-X3, anaları Cavabdeh3dır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 12.08.2018-ci il tarixdə ürək çatmamazlığı səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh3 İddiaçı oğlu Vaqif Nəcəfov ilə 27 avqust 1993-cü il tarixdə nikaha daxil olaraq İddiaçı məxsus olan mənzilə köçmüşdür. Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə doğulmuş və valideynləri ilə birlikdə yaşamışdır. Beləliklə mübahisəli hüquq münasibətlərinin müvafiq olaraq 1993- 1995-ci illər ərzində yarandığı müəyyən edilir. Buna görə də mübahisəli hüquq münasibətlərinə 01.09.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müvafiq maddələri tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsindən istifadə hüququ altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçının ailə üzvləri –gəlini və nəvələri olmaqla, Gəncə şəhəri, V.Xuluflu küçəsi, 4, mənzil 6-da qeydiyyatdadırlar. İlk iddia üzrə cavabdehlərdən Cavabdeh3 ilk iddia üzrə iddiaçının oğlu Vaqif ilə ailə qurduğu vaxtdan, Cavabdeh1 isə tərəflərin birgə nikahından doğulduğu vaxtdan 2019-cu ilin aprel ayınadək həmin mənzildə yaşamışlar. Cavabdeh2 isə 2017-cu ildə ailə quraraq mənzili tərk etmişdir. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normaları baxımından ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun yaranmış olması işin mübahisəsiz halıdır. İddiaçı ilk iddia üzrə cavabdehlərin könüllü olaraq mənzili tərk edib getdiklərini və özlərinə başqa daimi yaşayış yeri seçdiklərini əsas gətirərək onların həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, ilk iddia qismən, yəni Cavabdeh2 mənzili könüllü tərk edib getməsi və özünə başqa daimi yaşayış yeri seçməsi hissəsində təsdiqini tapmışdır. Belə ki, Cavabdeh2 2017-ci ildə ailə quraraq mənzili tərk edib əri ilə birlikdə Samux rayonunda yaşamağa başlamışdır. Ailə münasibətlərinin mahiyyət olaraq müvəqqəti xarakter daşımamasını, Cavabdeh2 dörd ildən artıq müddətə və hər hansı təzyiq olmadan mənzili tərk edib getməsini nəzərə aldıqda məhkəmə hesab edir ki, Cavabdeh2 özünə başqa daimi yaşayış yeri seçməsi təsdiqini tapmışdır. Cavabdeh1 və Cavabdeh3 özlərinə başqa daimi yaşayış yeri seçmələri isə sübuta yetirilməmişdir. Tərəflərin izahatlarından və dindirilmiş şahidlərin ifadələrindən də göründüyü kimi tərəflər arasında mənzillə bağlı mütəmadi mübahisələr olmuş, Gülər və Cavabdeh1lar könüllü olaraq yox, mənzildə yaranmış mənfi mənəvi-psixoloji mühitdən uzaqlaşmaq üçün mənzili tərk edib getmək məcburiyyətində qalmışlar. Eyni zamanda onların başqa daimi yaşayış yerinin olması da sübuta yetirilməmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, ilk iddia Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, şəxsin mənzildən istifadə etmək hüququ onun məhz mənzildə yaşaması və öz mənzil ehtiyacını qarşılaması formasında təzahür edir. Şəxsin mənzilə buraxılmaması həmin hüququn həyata keçirilməsinə mane olduğundan, mənzildən istifadə hüququ olan şəxsin həmin mənzilə köçürülməsini tələb etmək hüququ vardır. Hazırkı halda məhkəmə qarşılıqlı iddia üzrə iddiaçılardan Cavabdeh3 və Cavabdeh1 İddiaçı məxsus olan mənzildən istifadə hüququnun olmasını və həmin hüququn itirilmiş hesab edilməsi üçün hər hansı əsas olmamasını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia Cavabdeh3 və Cavabdeh1 mübahisəli mənzilə köçürülməsi hissəsində təmin edilməli, Cavabdeh2 mənzilə köçürülməsi hissəsində isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh2 ünvan 3 ünvanda yerləşən 6 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İlk iddia qalan hissədə təmin edilməsin Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən 6 saylı mənzilə köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2523/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2523/2021
14.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver