Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2525/2021 22.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan cehiz əşyalarının, yəni 1 ədəd paltar şkafı, 1 ədəd qab servantı, 1 ədəd stol, 4 ədəd stul, 1 ədəd divan və 2 ədəd kreslonun ona məxsus Gəncə şəhəri, Nətavan qəsəbəsi, məhəllə B-1, 2 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun sabiq gəlinidir. X1 ilə cavabdeh 25.09.2006-cı il tarixdə nikah bağlayaraq evlənmişlər. Birgə nikahdan iki uşaqları olmuşdur. Cavabdeh onun oğlu ilə evlənəndən sonra cehiz əşyaları ünvan 1 ünvandakı ona məxsus fərdi yaşayış evinin bir otağına yerləşdirilmişdir. Onların nikahı Kəpəz Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli qətnaməsi ilə pozulduqdan sonra cavabdeh uşaqları ilə birlikdə çıxıb getmiş, hazırda atası evində yaşayır. Onun evinin hüquqmüəyyənedici sənədi yoxdur. Bu səbəbdən cavabdehin evə köçürülmə tələbinə dair iddiası Kəpəz Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Evi bir otaq və bir aynəbəddən, həm də yarımçıq bir otaqdan ibarətdir. Cavabdehin cehiz gətirdiyi bir dəst mebeli indiyənədək onun evindədir. Dəfələrlə tələb etsə də o, cehizini evdən çıxarmır. X7 yeni ailə qurmuşdur. Evində darısqallıq olduğundan təzə gəlin cehizini gətirə bilmir. Cavabdeh özünə məxsus cehiz əşyalarını evdən çıxartmaq istəmir. Onun evində lədəd paltar şkafı, 1 ədəd qab servantı, l ədəd stolu, 4 ədəd stulu, 1 ədəd divanı və 2 ədəd kreslosu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehə məxsus 1 ədəd paltar şkafı və 1 ədəd qab servantının iddiaçıya məxsus evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, vətəndaşlara Gəncə şəhərində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi haqqında Gəncə şəhər XDS İcariyyə komitəsinin 08.06.1990- cı il tarixli 8 nömrəli sərəncamı ilə 1979-cu ildən növbədə duran İddiaçı Dəmiryolaltı ərazidən B-İ kvartal, sahəsi 400 kv.m olan 2 nömrəli torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli, 2(043)-4709/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında Gəncə Kəpəz rayon VVADQ şöbəsi tərəfindən 25.09.2006-cı il tarixdə 667 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların Cavabdeh yanında saxlanılmaları qərara alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(043)-342/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı ünvan 2 ünvanda inşa edilmiş evə köçürülmə tələbi barədə iddiası rədd edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən əşyaların çıxarılması tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin mübahisəsiz halı ondan ibarətdir ki, fərdi yaşayış evinin yerləşdiyi Gəncə şəhəri, Nətavan qəsəbəsi, məhəllə B-1-də olan torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir və həmin fərdi yaşayış evi iddiaçı tərəfindən inşa olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun istifadəsində olan fərdi yaşayış evindən cavabdehin əşyalarının çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və həmin evin özbaşına tikili olmaqla hüquq müəyyənedici sənədləri yoxdur. Cavabdeh isə iddiaçının oğlu ilə 25.09.2006-cı il tarixdə nikaha daxil olmuş və gəlin kimi həmin evə köçərək birlikdə yaşamışlar. Bundan sonra, cavabdeh ilə iddiaçının oğlu arasında ailə münasibətləri pozulmuş, cavabdeh evi tərk edərək valideynlərinin yanında yaşamağa başlamış, daha sonra Kəpəz rayon məhkəməsinin 14.11.2018-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus mənzili tərk etsə də, ona məxsus olan cehiz əşyalarının bir hissəsi (1 ədəd paltar şkafı və 1 ədəd qab servantı) iddiaçının istifadəsində olan evdə qalmışdır. Cavabdeh bundan əvvəl həmin evə köçürülməsi ilə bağlı məhkəmədə iddia tələbi irəli sürsə də, onun bu iddiası təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus əşyaların iddiaçının istifadəsində olan evdən çıxarılması məsələsi həll edilərkən, cavabdehin həmin evdən istifadə hüququnun olubolmaması da müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikilidən cavabdehin istifadə hüququ yarana bilməzdi. Eyni zamanda, hətta mübahisəli evin hüquq müəyyənedici sənədləri olsa və iddiaçı evin mülkiyyətçisi olsa idi belə, cavabdeh mübahisəli evin alınmasında, tikintisində və ya təmirində iştirak etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla işə tətbiq edilməli olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından iddiaçıya məxsus evdən istifadə etmək hüququna malik olmayacaqdı. Çünki, mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh Gəncə şəhəri Nətavan qəsəbəsi, məhəllə B-1-də yerləşən 2 saylı fərdi yaşayış evinə dair heç bir hüquqi yoxdur. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nətavan qəsəbəsi, məhəllə B-1-də yerləşən 2 saylı fərdi yaşayış evində cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı həmin evdən istifadə hüququnu həyata keçirə bilmir. Odur ki, iddiaçı istifadəsində olan evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehə məxsus əşyalar fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar – 1 ədəd paltar şkafı və 1 ədəd qab servantı Gəncə şəhəri Nətavan qəsəbəsi, məhəllə B-1-də yerləşən 2 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2525/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2525/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver