Məhkəmə qərarları › İş №2(043)-2594/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2594/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2594/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 850 ABŞ dolları pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-yə müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi üçün aviabiletlər sifariş etmişdir. İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilmiş istiqamətdə və tarixdə aviabiletləri təqdim etmişdir. Lakin cavabdeh tərəfindən həmin aviabiletlərin qiyməti iddiaçıya ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMC-nin direktoru məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “X2” Azərbaycan Nümayəndəliyindən verilmiş xx xxxx 2020-ci il tarixli 1021 saylı məktubdan görünür ki, Cavabdeh adlı sərnişin xx.xx.2017xx.xx.2017-ci il tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə səyahət etmişdir. Sərnişinin bilet nömrəsi **********916 olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli elektron biletdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh adlı sərnişinə “X2” aviadaşıyıcısına aid olan 18 yanvar tarixli TK-339 uçuş nömrəli Bakı-İstanbul, 18 yanvar tarixli TK-1721 uçuş nömrəli İstanbul- Berlin, 22 yanvar tarixli TK-1726 uçuş nömrəli Berlin-İstanbul, 22 yanvar tarixli TK-336 uçuş nömrəli İstanbul-Bakı reyslərinə bilet satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından və fakturalardan görünür ki, xx.xx.2017-xx.xx.2017-ci il tarixli bilet satışları üçün İddiaçı MMC tərəfindən X1 Assosiasiyasının Azərbaycan Respublikasındakı filialına 25816,51 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 103 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh satılmış “Bakı-İstanbul-Berlin-İstanbul-Bakı” istiqaməti üzrə aviabiletin qiyməti 850 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-329.3-cü maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə şifahi olaraq Bakı-İstanbul-Berlin-İstnabul-Bakı” marşrutu üzrə səyahət etməsi üçün aviabiletin alınması barədə şifahi müqavilə bağlamış, İddiaçı MMC tərəfindən həmin marşrut üzrə elektron aviabilet “X2” Azərbaycan nümayəndəliyindən alınmış və aviabiletin pulu ödənilmişdir. Cavabdeh aviabiletdə qeyd edilmiş marşrut üzrə səyahət etmiş, yəni sərnişin daşınması xidmətindən istifadə etmişdir. Cavabdeh aviabiletin alınması və xidmətin göstərilməsinə görə İddiaçı MMC-yə ödəməli olduğu 850 ABŞ dolları məbləğində pulu ödəməmişdir. Mülki qanunvericilik tərəflərdən öhdəliyin icrası zamanı qanunvericiliyin tələblərinə, öhdəliyin şərtlərinə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə uyğun olaraq öhdəliyi vicdanla icra etmək vəzifəsi qoyur. Məhkəmə, tərəflər arasında yazılı müqavilənin olmamasına baxmayaraq faktiki olaraq iddiaçı tərəfindən xidmətin göstərildiyini və cavabdehin bu xidməti hər hansı pretenziya irəli sürmədən qəbul etdiyini və istifadə etdiyini nəzərə alaraq qeyd edir ki, tərəflərin rəftarı onların arasında şifahi qaydada müqavilənin bağlandığını təsdiq edir. Eyni zamanda qeyd olunmalıdır ki, bu xidmətin göstərilməsi üçün müqavilənin forması barədə qanunvericilikdə imperativ norma yoxdur. Buna görə də həmin müqavilənin şifahi qaydada bağlanmasına hər hansı maneə yoxdur. Mülki qanunvericiliyin tələbi baxımından öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. İddiaçı cavabdehə şərtləşdirilmiş xidmətin göstərildiyini təsdiq edən sübutlar təqdim etmiş, lakin cavabdeh, İddiaçı MMC-nin göstərdiyi xidmətə görə ödəniş etməsini təsdiq edən sənəd təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 850 ABŞ dolları məbləğində pul ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə alınıb iddiaçıya verilmədlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar