Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2607/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4, Cavabdeh və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı qız Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona toyda hədiyyə kimi verilən qızıl zinyət əşyalarını 1 dəst qızıldan, brilyant qaşılı komplekt (sırğa, üzük, qolbaq, braslet) cəmi 40 qram, qiyməti 4000 manat və 1 dəst Qrazella komplekti qızıl, brilyant qaşlı sırğa, klon) cəmi 22 qram qiyməti 2000 manat bu mümkün olmadıqda isə onların dəyərinin alınıb ona verilməsinə, həmçinin birgə nikah dövründə əldə edilmiş əmlakın Hyundaı Accent» markalı,**-BD-*** qeydiyyat nömrə nişanla avtomobilin aralarında bərabər paylara bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 məhkəməyə ərizə təqdim edərək əvvəlki qızıl-zinyət əşyalarının tələbini müdafiə etməkə həmçinin avtomobilin satış qiymətinin yarısını təşkil edən 7000 manatın cavabdehdəndən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər 2016-cı ilin aprel ayının 19-da ailə qurmuşlar. Nikahları Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 10 mart 2017-ci ildə Tunar adlı uşaqları anadan olmuşdur. İddiaçı 29 may 2021-ci il tarixdə uşağı ilə birlikdə atası evinə qonaq getmişdir. Atası evində olarkən cavabdehlə telefonla danışarkən aralarında mübahisə yaranmış və həmin vaxtdan da iddiaçı atası evindən qayıtmamışdır. İddiaçı atası evinə qonaq gedərkən özünə məxsus 1 dəst qızıldan, brilyant qaşılı komplekt ( sırğa, üzük, qolbaq, braslet) cəmi 40 qram, qiyməti 4000 manat və 1 dəst qrazella komplekti qızıl (sırğa, klon) cəmi 22 qram qiyməti 2000 manat olan qızıl –zinət əşyalarını evdə qoymuşdur. Eyni zamanda tərəflər birgə nikah dövründə Hyundai Accent markalı, **- BD-*** qeydiyyat nömrəli avtomobil almışdırlar. Müvəqqəti təminat tədbiri olaraq məhkəmənin 02.07.2021-ci il tarixli qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin buna baxmayaraq 29.09.2021-ci il tarixdə keçirilən məhkəmə prossesində cavabdeh avtomobilin üzərinə həbs qoyulmasından məlumatı olduqdan sonra 30.09.2021-ci il tarixdə avtomobili başqa şəxsə satmışdır. Baş DYPİ-in X13 və texniki baxış şöbəsinə sorğu verilmiş və həmin sorğuya əsasən bildirilmişdir ki, sözü gedən avtomobil 30.09.2021-ci il tarixdə yəni keçirilən məhkəmə prossesinin səhərisi günü Gəncə şəhəri N.Nərimanov prospekti 3 döngə ev 3 mənzil 42-də yaşayan X1. Onun sorğusu əsasında müstəqil ekspertdən alnan cavabda müəyyən olunmuşdur ki, Hyundai Accent markalı, avtomobilin bu günki bazar qiyməti 14000 manatdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2016-ci il tarixdə ailə qurmuşlar, toy zamanı iddiaçıya göstərilən qızıl-zinət əşyaları hədiyyə ounmuşdur. Sözügedən qrazella dəstini isə iddiaçı ona hədiyyə olanan qızıl-zinət əşyalarını sataraq almışdır. Anası ona Türkiyə Respublikasından zəng vurub demişdir ki, «arvadın gedib boşanmaq istəyir». O, boşanmalarının səbəbini bilməmişdir. İddiaçıya məxsus qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuşdur. Anasının zəngindən sonra evə gəlmiş iddiaçıya məxsus qızıl-zinət əşyalarının və sənədlərin evdə olmadığını görmüşdür. Belə ki, o evdə olmayan vaxt iddiaçı gəlib onları evdən götürmüşdür. Həmçinin mübahisələndirilən avtomobili 4-5 ay əvvəl nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə əsasında 10000 (on min) manata satmışdır. Yaxın günlər ərzində isə avtomobili satdığı şəxs onu öz adına rəsmiləşdirmişdir. İddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X7 cavabdehlə eyni məzmunda çıxış edərək iddia tələbinin qızıl-zinət hissəsində tam əsassız olduğunu, avtomobilin 10000 manata satıldığını və onun yarı dəyərini iddiaçıya ödəməyə etirazlarının olmadığını bildirdi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, İddiaçı onun qızıdır. Qızı Xanım cavabdehlə ailə qurarkən cavabdeh tərəfindən toyda qızı Xanıma 1 dəst qızıldan, brilyant qaşılı komplekt ( sırğa, üzük, qolbaq, braslet), nişanda isə 1 dəst Qrazella komplekti (qızıl sırğa, klon) hədiyyə olunmuşdur.Qızı cavabdehlə təxminən 5 il birgə yaşamışlar, həmişə qızıllar qızı Xanımın özündə olmuşdur. Qızı Xanım 2021-ci ilin iyun ayının 2-də onlara gəlmiş və demişdir ki, bir az oturub qayıdacaqdır. Bir az keçmiş əri təelefonla qızına zənğ etmiş, telefonda qızını təhqir etdiyi üçün qızı yaşadığı ər evinə qayıtmamış və həmin vaxtdan da onlarda qalmışdır. Qızı onlara gələrkən yalnız gündəlik istifadə etdiyi qızıllar üzərində olmuşdur. Bundan sonra qızı uşağının və özünün geyim paltarlarını götürmək üçün onunla ər evinə getmişdir. Onlar getməmişdən əvvəl qızının qaynanası Sevinclə telefon vasitəsi ilə danışmışlar. Sevinc Türkiyə Respublikasınd olduğu üçün ona qabaqcadan demişlər ki gedib evdən qızın və uşağın geyim paltarlarını götürəcəklər. Sevinc onlara demişdir ki, «evdə heç kim olmayacaq gedin götürün». 2021-ci ilin iyun ayının təxminən 6-sı və ya 7-si günü qızı ilə ər evinə gedərək qızına və uşağına məxsus geyim paltarlarını və uşağın velosipetini və motosiklini götürmüşlər. Qızı paltarları götürəndə demişdir ki, sənədlərini və qızıllarını da divanın altında karobkaya qoymuşdur. Qızı sənədlərini və qızıllarını götürmək üçün divanın altında olan karobkaya baxarkən qızıllar və sənədlər karobkada olmamışdır. Cavabdeh tərəfindən qızılların götürüldüyünü bildikdən sonra qızına cehiz verdikləri əmlaklardan bahalı qabları götürmüşlər ki, qızıl kimi onu da götürəcək. Buna görə də qızına məxsus cehiz əmlaklardan bahalı qabları hissə-hissə aparmışlar. Mebel dəsti isə hal hazırda cavabdehin evində qalmışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, tərəfləri tanıyır. Təhmasibi həmişə qaynatası gilə gələndə görmüşdür və onun xatirini çox istəmişdir. İyun ayının 2-si Xanımı anası gilin evinin həyətində uşağı ilə görmüşdür. Xanım həyətdə uşağını gəzdirmişdir. Xanımdan hal əhval tutarkən atasıgilə qonaq gəldiyini söyləmişdir. Həmin vaxt Xanımın üzərində qızıl-zinət əşyası görməmişdir. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edimiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli, 313-2796-1221 saylı məktubdan görünür ki, Hyundai Accent markalı 20BD020 qeydiyyat nömrə nişanlı avtomobil 07.12.2020-ci il tarixdən Cavabdeh adına qeydiyyatdadır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli 2(043)- 2607/2021 nömrəli qərardadından görünür ki, müvəqqəti təminat tədbiri olaraq Hyundai Accent markalı 20BD020 qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyularaq onun özgəninkiləşdirilməsinə dair hərəkətlərin aparılması qadağan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən verilmiş 01.10.2021-ci il tarixli, 313-4766-1221 saylı məktubdan görünür ki, X2 məxsus olan Hyundai Accent markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobilin üzərində heç bir həbs və qadağa olmamışdır. Sözü gedən avtomobil 30.09.2021-ci il tarixdə alqısatqı müqaviləsinə əsasən Gəncə şəhəri, N.Nərimanov pr. 3 döngə ev 3, mən. 42-də qeydiyyatda olan X10 adına rəsmləşmişdir. Qiymətləndirməyə dair hesabatdan görünür ki, Hyundai Accent minik markalı, **- BD-*** qeydiyyat nömrə nişanlı avtomobilin bazar dəyəri 14000 (on dörd min) manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə tədqiq olunmuş sübutları hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, həqiqətən iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə olunmuşdur. Cavabdeh tərəfindən də həmin qızıl zinət əşyalarının iddiaçıya hədiyyə olunması mübahisələndirilməmişdir. Cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçının özündə olduğunu və atası evinə gedərkən özü ilə apardığını bildirərək iddia tələbini həmin hissədə mübahisələndirmişdir. Məhkəmə cavabdehin göstərdiyi dəlilləri işin müəyyən olunmuş hallarına uyğun hesab etmir. Belə ki, cavabdeh 29.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının qızılları apararkən onun anasının, özünün və cavabdehin anasının biləvasitə iştirak ilə apardığını Hyundai Accent minik markalı, **- BD-*** qeydiyyat nömrə nişanlı avtomobili isə 3-4 ay əvvəl satdığını bildirmişdir. Lakin təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, iddiaçının özünün və uşağının geyim paltarlarını götürərkən cavabdehin nə özü nədə ki, anası evdə olmamışdır. Bununla yanaşı cavabdeh 29.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etdikdən sonra 30 sentyabr 2021-ci il tarixdə Hyundai Accent markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobili alqı-satqı yolu ilə özgəninkiləşdirmişdir. Digər tərəfdən iddiaçının atası evinə gedərkən onun ər evinə qayıtmamaq niyyəti olmamışdır. Ona görə də iddiaçının ata evinə gedərkən qızıllarını özü ilə aparması həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı Cavabdeh 40 qram çəkidə, qiyməti 4000 manat dəyərində qızıldan olan brilyant qaşılı (sırğa, üzük, qolbağ, boyunbağı) dəsti və 22 qram çəkidə qiyməti 2000 manat dəyərində qızıldan olan Qrazella (sırğa, klon) dəsti onlar olmadıqda isə onların dəyəri və Hyundai Accent markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobiln dəyəri olan 14000 manatın yarısı - 7000 (yeddi min) manat alınaraq İddiaçı verilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 40 qram çəkidə, qiyməti 4000 manat dəyərində qızıldan olan brilyant qaşılı (sırğa, üzük, qolbağ, boyunbağı) dəsti və 22 qram çəkidə qiyməti 2000 manat dəyərində qızıldan olan Qrazella (sırğa, klon) təsti onlar olmadıqda isə onların dəyəri və Hyundai Accent minik markalı, **-BD-*** qeydiyyat nömrə nişanlı avtomobiln dəyəri olan 14000 manatın yarısı - 7000 (yeddi min) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2607/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2607/2021
13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver