Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2608/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndələri X5 və X2, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun verilməsi və yaşayış sahəsinə köçürülmə” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməklə müəyyən müddətə istifadə hüququnun son həddində istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 6 ay nişanlı olduqdan sonra 22.06.2018-ci ildə rəsmi nikah bağlayıb evlənib cavabdehə məxsus olan ünvan 2 ünvana köçmüşdür. Onun cehiz, qızıl-zinət əşyaları və paltarları həmin evdədir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli qərardadı ilə ona məxsus cehiz və qızıl-zinət əşyalarının istifadə edilməsi cavabdehə qadağan edilmişdir. Cavabdehlə aralarında olan nikah 27.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə pozulmuşdur. Onların nikahından övladları olmamışdır. O, cavabdehin evində 24.06.2018-ci ildən 15.05.2019-cu ilə kimi yaşamışdır. 15.05.2019-cu il tarixdən valideynlərinə məxsus evə sığınaraq orada yaşayır. Yaşayış yeri əldə etmək üçün maddi imkanı yoxdur. Ödənişli əsaslarla hər il 1500 manat ödəməklə Azərbaycan Texnologiya Universitetinin tələbəsidir. Odur ki, cavabdehə məxsus ünvan 3-də olan fərdi yaşayış evindən müəyyən müddətə istifadə hüququnun son həddinə qədər istifadə hüququnun verilməsini istəyir. Çünki gəlin köçdüyü cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində onunla bərabər ümumi təsərrüfatı idarə etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus olan əşyaların ona məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı onun sabiq arvadıdır. Cavabdeh Kəpəz rayon məhkəməsində ona qarşı evə köçürülməklə müəyyən müddətə istifadə hüququnun verilməsi tələbinə dair iddia qaldırılmışdır. O, həmin iddianı qəbul etmir və iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı öz iddia ərizəsində qeyd etdiyi kimi onların xasiyyəti heç vaxt uyğun gəlməmiş, onlar arasında etibarlı ailə əlaqələri olmamışdır. Hətta İddiaçı səhhətinin normal olmaması səbəbindən, yəni onun psixi durumunun nəticəsi olaraq onların arasında intim münasibət də olmamışdır. Məhz buna görə də onun Gəncə şəhərində yerləşən "Narınc” Psixologiya mərkəzində psixoloqdan psixoloji müayinədən keçməsi və psoxoloji müalicəsi alması üçün xeyli pul xərcləmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2010-cu il tarixli qərarında qeyd edilmiş- mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Etibarlı ailə əlaqələri anlayışı ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti kimi şərh edilmişdir. Bu səbəbə görə də cavabdehə ona məxsus evdən yaşayış hüququ verilə bilməz. Bundan başqa, ilkin iddia ərizəsindən məlum olur ki, qarşılıqlı iddia üzrə cavabdeh yaşayış yeri əldə etmək üçün maddi imkanının olmadığını, ödənişli əsaslarla hər il 1500 manat ödəməklə Azərbaycan Texnologiya Universitetinin tələbəsi olduğunu qeyd etmişdir. Əvvəla cavabdehin ödənişli əsaslarla oxuması onun maddi imkanının olduğunu göstərir. Bundan başqa, qeyd edilməlidir ki, cavabdehlə onun birgə yaşamaqları heç bir il davam etməmişdir. 22.06.2018-ci ildə nikah qeyd edilmiş, 15.05.2019-cu ildən hansı ünvandan ona məxsus evə köçmüşdürsə, elə həmin ünvana da qayıtmışdır. Onunla evlənənə qədər həmin evdə yaşayış sahəsi var idi, ondan boşanandan sonra həmin evdə yaşamağına baxmayaraq bildirir ki, yaşamağa evi yoxdur. Bundan başqa, cavabdehin daima yaşadığı mənzildən başqa, valideynlərinə məxsus digər məninzillər də vardır. İlkin iddia ərizəsində qeyd edildiyi kimi, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında " Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Cavabdeh özünün yaşadığı yerdə də pasport qeydiyyatındadır və buradan anlaşılır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında " Azərbaycan Respublikası Qanununun tələbi pozulmamışdır. Onun yaşayış yeri ona məxsus mənzil olsa idi hazırkı vaxta qədər həmin ünvanda qeydiyyatda olardı. Lakin, 29 yaşında olan bir şəxsin cəmi 11 ay özü də fasilələrlə yaşadığı mənzil daimi yaşayış yeri sayıla bilməz. Cavabdehlə o, faktiki olaraq 15.05.2019-cu ildən ayrılmış, rəsmi olaraq nikahları 27.06.2021-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi, cavabdehin onun evindən istifadə etmək hüququ yoxdur və bu səbəbdən cavabdehin əşyaları - mətbəx mebeli 1 ədəd, aspirator 1 ədəd, qaz plitəsi 1 ədəd, qab-qaşıq yuyulan (moyka) 1 ədəd, soyuducu 1 ədəd, qabyuyan maşın 1 ədəd, stul 6 ədəd, stol (masa) 1 ədəd, divan 1 ədəd, ütü stolu 1 ədəd, qonaq dəsti, 4 predmet-masa 1 ədəd, konsul 1 ədəd, gümüşlük 1 ədəd, televizor altı 1 ədəd, yumşaq mebel dəsti 1 ədəd, televizor 1 ədəd, jurnal masası 1 ədəd, stul 6 ədəd, stol 1 ədəd, yataq dəstinə aid termo 1 ədəd, çarpayı 1 ədəd, şifoner 1 ədəd, tumbo 2 ədəd, matras 1 ədəd, paltaryuyan maşın 1 ədəd, tozsoran 1 ədəd, şirəçəkən 1 ədəd, pərdə 8 ədəd, xalça 5 ədəd, çilçıraq 4 ədəd, döşək 1 ədəd, yorğan 4 ədəd, balınc 6 ədəd, qab-qacaq, mikrodalğalı soba 1 ədəd, elektrik sobası 1 ədəd, odun samovarı 1 ədəd ona məxsus evdən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X7 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, bildirdi ki, İddiaçı onun qızıdır. İddiaçı müvəqqəti onun yanında yaşasa da özünün daimi yaşayış yeri yoxdur. Qızı hazırda tələbədir, özünü yaşayış sahəsi ilə təmin etmək imkanı da yoxdur. Buna görə də Cavabdeh iddiaçını yaşayış yeri ilə təmin etməlidir. Qeyd olunanlara əsasən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, qızı İddiaçı məxsus əşyaların cavabdehə məxsus mənzildə olduğunu, həmin əşyaları götürməyə imkanlarının olmadığını, buna görə də qızının həmin mənzilə köçürülməsi barədə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) X3 qarşılıqlı iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, İddiaçı öz istəyi ilə iki ildən artıq müddətdir ki, valideynlərinin yanında yaşayır. Tərəflərin nikah münasibətlərinə son qoyulmuş və tərəflər uzun müddətdir ki, ayrılmışdır. İddiaçı daimi yaşayış yeri elə valideynlərinin mənzili olmuşdur. İddiaçı valideynlərinin bir neçə mənzili vardır və İddiaçı yaşayış sahəsinə hər hansı ehtiyacı yoxdur. Ona dəfələrlə öz əşyalarını Cavabdeh məxsus mənzildən götürməsi təklif olunsa da İddiaçı əşyalarını götürməkdən imtina etmişdir. Hazırda həmin əşyaların mənzildə saxlanılması Cavabdeh öz əmlakından istifadə etməsinə mane olur. Buna görə də qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 21 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun 11.02.2014-cü il tarixli 4Ə-1-314 saylı alğısatqı müqaviləsinə əsasən Rəmziyyə Veysəlova küçəsi, 80 saylı fərdi yaşayış evi (tikili “A”da 41.8 kvm iki yaşayış otaqları, 37.7 kvm köməkçi sahə, tikili “İ”-də 20.2 kvm hamammətbəx, tikili “İİ” 7.1 kvm əl damı) Cavabdeh satılmışdır və ona 04.03.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2852/2021 saylı 27.05.2021-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri Nizami rayonu qeydiyyat şöbəsində 22 iyun 2018-ci il tarixdə 145 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2825/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(043)-118/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2825/2020 nömrəli iş üzrə 24 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mübahisəli evdən istifadə hüququ ailə münasibətləri əsasında yarandığından və tərəflər 2018-ci ildə nikaha daxil olduqlarından hazırkı mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdehla 2018-ci ildə nikaha daxil olaraq mübahisəli evə köçmüş, bir müddət həmin evdə yaşadıqdan sonra 15.05.2019-cu il tarixdə tərəflər faktiki olaraq ayrılmış və İddiaçı hazırda yaşadığı, valideynlərinə məxsus olan mənzilə köçmüşdür. Tərəflərin nikahı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə 27.05.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İlk iddia tələbində iddiaçı cavabdehə məxsus mənzildən istifadə hüququnun son həddində saxlanılmasını tələb etmiş, bunu hazırda yaşamağa yerinin olmaması və yaşayış yeri əldə etmək üçün imkanının olmaması ilə izah etmişdir. Halbuki, iddiaçının iddia ərizəsindən və nümayəndələrinin izahatından da göründüyü kimi o, iki ildən artıqdır ki, valideyninə məxsus olan, ünvan 4 ünvanda qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilən istifadə hüququnun saxlanılması, keçmiş ailə üzvünün mütləq hüququ olmamaqla, yalnız müəyyən müstəsna hallar üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarında da qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Göstərilənlər baxımından məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçının son iki il ərzində öz valideyninə məxsus mənzildə qeydiyyatda olmaqla yaşaması iddiaçının mənzil ehtiyacının olmadığını təsdiq etdiyindən onun cavabdehə məxsus mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması üçün əsaslar yoxdur. Buna görə də ilk iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı aşağıdakı normalara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh hal-hazırda mübahisəli evdə yaşamasa da ona məxsus olan əşyalar həmin evdədir. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, sonradan ailə münasibətləri də pozulmuş və cavabdeh həmin evi tərk etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Qarşılıqlı iddia üzrə isə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verildiyindən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində cavabdehə məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq saxlanılması üçün əsas yoxdur. Buna görə də qarşılıqlı iddia təmin edilməli və cavabdehə məxsus əşyalar iddiaçıya məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun saxlanılması və mənzilə köçürülmə” tələbinə dair ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı məxsus olan əşyalar - 1 ədəd mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd qaz plitəsi, 1 ədəd qab-qaşıq yuyulan (moyka), 1 ədəd soyuducu, 1 ədəd qabyuyan maşın, 6 ədəd stul, 1 ədəd masa, 1 ədəd divan, 1 ədəd ütü stolu, 1 ədəd masa, 1 ədəd konsol, 1 ədəd gümüşlük, 1 ədəd televizor altı, 1 ədəd yumşaq mebel dəsti, 1 ədəd televizor, 1 ədəd jurnal masası, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd yataq dəstinə aid termo, 1 ədəd çarpayı, 1 ədəd şifoner, 2 ədəd tumba, 1 ədəd matras, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, 1 ədəd şirəçəkən, 8 ədəd pərdə, 5 ədəd xalça, 4 ədəd çilçıraq, 1 ədəd döşək, 4 ədəd yorğan, 6 ədəd yastıq, qab-qacaq, 1 ədəd mikrodalğalı soba, 1 ədəd elektrik sobası və 1 ədəd odun samovarı Cavabdeh məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Rəmziyyə Veysəlova küçəsində yerləşən 80 nömrəli fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2608/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2608/2021
07.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver