Məhkəmə qərarları › İş №2(043)-2732/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2732/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2732/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 və ilkin iddia üzrə savabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı öhdəliyin icra müddətinin uzadılması və ya evə çəkilən xərcə görə pulun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onunla birgə yaşayan ailə üzvlərinin ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsində yerləşən 56 A nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh əmlakları ilə birlikdə iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsində yerləşən 56 A nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən məhkəmə ilkin idda tələbinə iddianın dəqiqləşdirilməsi kimi baxmışdır. Eyni zamanda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin alqı-satqısı ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərin icra müddətinin 1 (bir) il uzadılmasını, əks halda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən evin alqısatqısına görə 40000 (qırx min) ABŞ dollarının, 2800 manat məbləğində evin sənədləşdirilməsinə dair çəkilən xərcin və ona yetirdiyi maddi zərərə görə əldən çıxmış fayda olaraq 40000 (qırx min) ABŞ dollarının alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X4 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı isə qəismən qəbul edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsində yerləşən 56A nömrəli fərdi yaşayış evi DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 25.04.2019-cu il tarixli, ********** nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. 26.04.2019-cu il tarixdə tərəflər arasında Gəncə “Asan xidmət” mərkəzinin Notariat Ofisində “Beh” müqaviləsi bağlanmış və İddiaçı məxsus fərdi yaşayış evini 17000 (on yeddi min) manat beh almaqla 145000 (yüz qırx beş min) manata 26.04.2020-ci il tarixədək qalıq məbləği ödəmək şərti ilə əşyaları ilə birlikdə cavabdehə satmışdır. Həmçinin, tərəflər arasında olan şifahi razılaşmaya görə Cavabdeh ailə üzvləri ilə birlikdə İddiaçı məxsus fərdi yaşayış evinə köçməsinə razılıq vermişdir. Həmin tarixdən Cavabdeh və ailə üzvləri iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsində yerləşən 56A nömrəli fərdi yaşayış evində yaşayırlar. 26.04.2019-cu il tarixli “Beh” müqaviləsinin 2.1-ci bəndinə görə cavabdeh 26.04.2019-cu il tarixdək qalıq 128000 (yüz iyirmi səkkiz min) manatı ödəməyə öhdəlik götürmüşdür. Lakin bu müddət bitməsinə baxmayaraq, cavabdeh öhdəliyi icra etməmişdir. Buna görə iddiaçı cavabdehlə dəfələrlə söhbət apararaq iddiaçıya məxsus evi boşaltmasını tələb etmişdir. Cavabdeh iddiaçıdan əlavə 1 il müddətinə vaxt verilməsini xahiş etmişdir və bu müddət ərzində pulu ödəyəcəyinə söz vermişdir. Lakin bu müddət ərzində də cavabdeh öhdəliyi icra etməmişdir. Göründüyü kimi, cavabdehin məsuliyyətsizliyi səbəbindən müqavilə öhdəliyi icra olunmamışdır. Belə ki, Cavabdeh tərəfindən ödənilmiş 17000 (on yeddi min) manat beh qaytarılmamalı ödənilmiş 30.000 ABŞ dollarının hazırki dövrə olan Azərbaycan manatına olan məzənnəsi ilə 51.000 manatın və sənədləşmə üzrə çəkilən 2800 manat pulun qaytarılmasına etirazları olmadığını göstərərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qprşılıqlı iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı satdığı evin darvazasına elan vurub evini 120000 manata satdığını bildirmişdir. Onunla telefon əlaqəsi saxlayıb görüşən zaman ona bildirilmişdir ki, evin pulunun bir hissəsini ödədikdən, sonra yerdə qalan hissəsini 1 il ərzində ödəyib alqı-satqı edəcəklər. İddiaçı bildirmişdir ki, «əgər evin pulunu hissə-hissə verəcəksinizsə, onda evimi 145000 manata sizə satacam və bəri başdan mənə 10000 ABŞ dolları ver, mən Rusiya Federasiyasına gedirəm. Evin yerdə qalan pulunu hissə-hissə ödəyərsiniz» demişdir. İddiaçı satdığı evin öz adına sənədləşdirilməsini aparmağa pulu olmadığı üçün 2800 manat pul almışdır və evin çıxarışı əldə olundaqdan sonra 10000 ABŞ dollarını ona vermək üçün 26 aprel 2019-cu il tarixdə Gəncə şəhər “ASAN xidmət” mərkəzinə gedib evə görə 10000 ABŞ dollarını Nadirə vermək məqsədində olduğunu bildirmişlər. Notarius onlara təklif etmişdir ki, beh müqaviləsi bağlana bilər. Onlar da bu şərtlə razılaşmış və 10000 ABŞ dollarını kassaya ödəyərək və həmin 10000 ABŞ dollarını Nadirə vermişlər. Nadir pulu aldıqdan sonra onları satdığı evinə köçürüb özü Rusiya Federasiyasına getmişdir. 2019-cu ilin sentyabr ayının əvvəlində Nadir evin yerdə qalan pulundan ona göndərməyi xahiş etmiş və atası ona bildirmişdir ki, 30000 (otuz min) ABŞ dollarını bank vasitəsi ilə göndərə bilərik. Nadir demişdir ki, “bank vasitəsi ilə göndərməyin, mənim Gəncədə Cavanşir adlı qohumum var. O gəlib 30000 ABŞ dollarını sizdən götürəcək.” Nadir eyni zamanda bildirmişdir ki, qohumu olan X5 Yol Polis İdarəsində baş inspektor vəzifəsində işləyir. 08 sentyabr 2019-cu ildə Cavanşir yaşadıqları evə gəlib onlardan 30000 ABŞ dolları almış və alarkən bildirmişdir ki, “narahat olmayın həmin pulu Nadirə çatdıracam”. Aradan qısa bir müddət keçmiş Nadir telefonla mesaj göndərib bildirmişdir ki, 30000 ABŞ dollarını almışdır. Müqavilənin müddəti 26 aprel 2020-ci ildə bitmişdir və ona pretenziya məktubu göndərərək bildirmişdir ki, pandemiya ilə əlaqədar olaraq Bakı şəhərində satdığı evin pulunu ala bilməmişdir və ona görə də evini alan vətəndaşa əlavə 1 il möhlət vermişdir. Nadirdən ona 1 il möhlət verməsini istəmişdir. Nadir bununla razılaşmamışdır. Qarşlılıqlı iddianın təmin olunaraq ona mölət verilməsini əks halda evin alqı satqısı üçün ödədiyi 40000 (qırx min) ABŞ dollarının, 2800 manat snədləşmə üçün verdiyi puluun və 40000 (qırx min) ABŞ dollarının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq ona gödənilməsi, ilkin iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan və məhkəmə islasında tədqiq olunmuş sübutları araşdıraraq tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- 25.04.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 26.04.2019-cu il tarixli, 3M-249 reyestr nömrə ilə təsdiq edilmiş beh müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan 0,0246 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 229,3 kv.m fərdi yaşayış evinə dair bağlanan alqısatqı müqavilləsinin icrasını təmin etmək məqsədi ilə ödənilməli olan 145000 (bir yüz qırx beş min) manat məbləğin 17000 (on yeddi min) manatını beh almışdır. Cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan 0,0246 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 229,3 kv.m fərdi yaşayış evinə dair bağlanan alıqı-satqı müqaviləsinin icrasını təmin etmək məqsədi ilə ödənilməli olan 145000 manat məbləğin 17000 manatınl beh vermişdir. Bu öhdəliyin icrasını tərəflər 26.04.2020-ci il tarixə kimi icra etməklərini öz öhdələrinə götürmüşlər. Gələcəkdə alqı-satqı müqaviləsinin icra edilməməsi üçün beh vermiş, Cavabdeh məsuliyyət daşıyarsa beh tərəfə qaytarılmır. Məhkəmə ilk öncə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, ilkini iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normalarına uyğun əsaslandırır: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Göründüyü kimi ilkin iddiaçının iddia etdiyi fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olmaqla cavabdehin həmin fərdi yaşayış evində yaşaması üçün hüquqi əsas yoxdur. Ona görə də ilkin iddia üzrə Cavabdeh əmlakları ilə birlikdə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, qarşılıqlı iddia üzrə tələb olunan 40000 ABŞ dollarının 10000 ABŞ dolları yəni 17000 manatı tərəflər arasında bağlanmış beh müqaviləsi üzrə verilmiş və qeyd olunan müqavilənin şərtlərində alqı satqı müqaviləsinin icra edilməməsi üçün alıcı tərəfindən məsuliyyət daşındığı halda behin qaytarılmaması şərtləndirilmişdir. Müqavilə üzrə icra müddətinin uzadılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı məhkəmə baxışı zamanı icra müddətinin 10 ay uzadılması barədə təklif irəli sürmüş, qarşı tərəf həmin təkliflə razılaşmamışdır. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı 40000 ABŞ dolları maddi zərərə görə əldən çıxmış faydanın ödənilməsini tələb etsə də həmin zərərin nədə ifadə olunmasını əsaslandırmamış və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Beh anlayışından bəhs edən MM-in 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. MM-in 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. MM-in 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin olunmaqla Cavabdeh əmlakları ilə birlikdə ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, qarşılıqlı iddia qismən təmin olunaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan manatı ekvivalentində 30 000,00 (otuz min) ABŞ dolları və 2800 manat alınaraq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. İlkin iddia üzrə cavabdehin və onun əmlaklarının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qarşılıqlı iddia üzrə ödənilməli olan pul məbləğinin qarşılıqlı iddiaçıya ödənildiyi andan başlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından ilkin iddiaçıya, qarşılıqlı iddia üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh əmlakları ilə birlikdə ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan manatı ekvivalentində 30 000,00 (otuz min) ABŞ dolları və 2800 manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. İlkin iddia üzrə Cavabdeh və onun əmlaklarının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qarşılıqlı iddia üzrə ödənilməli olan pul məbləğinin Cavabdeh ödənildiyi andan başlanılsın. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilsin, qarşılıqlı iddia üzrə ödənilməmiş 30 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar