Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2778/2021 17.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək X1 onun qardaşı olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X2 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsi 596 saylı sahədə torpaq sahəsi vardır. Qardaşı 16.02.2021-ci il tarixdə vəfat edib və ondan başqa vərəsəsi yoxdur. Ancaq nə onun, nə də qardaşının doğumuna dair qeyd aparılmadığı üçün torpaq sahəsini adına keçirə bilmir. Ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 16.02.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası X7 filialının 18 iyun 2021-ci il tarixli 638 saylı məktubundan görünür ki, X7 filialında mövcud olan 1934-cü il üzrə doğum, 1936- 1944-cü illər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, Ərizəçi doğum qeydi aşkar olunmamışdır. Məhkəmə ərizənin məhkəmə icraatının qeyri mümkün olması ilə bağlı qeyd edir ki, hüquqi əhəmiyyətli faktlar yalnız bu faktı təsdiq edən sənədlərin başqa qaydada əldə edilməsinin mümkün olmaması halında məhkəmə tərəfindən müəyyən edilir. Hamıya məlumdur ki, şəxslərin qardaş və bacı olması onların doğum haqqında şəhadətnamələrinə əsasən müəyyən edilir. Hazırkı halda ərizəçinin qohumluq faktının müəyyən edilməsinə mane olan səbəb onların doğum haqqında şəhadətnamələrinin olmamasıdır. Lakin, ərizəyə ərizəçinin şəxsiyyət vəsiqəsinin, qardaşı olduğunu bildirdiyi şəxsin isə ölüm haqqında şəhadətnaməsinin surətləri əlavə olunmuşdur. Qeyd olunan sənədlərin mövcudluğu bu şəxslərin doğumunun vaxtilə qeydə alındığını təsdiq edir. Belə olan halda həmin şəxslərin qohumluq faktının müəyyən edilməsinə zərurət yoxdur və doğum akt qeydlərinin aşkar edilməməsi halında ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2-ci bənd). Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər (2.2-ci bənd). Qeyd olunanlara əsasən ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalı, ərizəçiyə qohumluq münasibətlərini təsdiq edən doğum akt qeydləri itirilmişdirsə həmin qeydlərin bərpa olunması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmək, qeydin bərpasından imtina edildikdə və hüquq barədə mübahisə olmadıqda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Ərizəçi X4 ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə qohumluq münasibətlərini təsdiq edən doğum akt qeydləri itirilmişdirsə həmin qeydlərin bərpa olunması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmək, qeydin bərpasından imtina edildikdə və hüquq barədə mübahisə olmadıqda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2778/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2778/2021
17.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver