Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2799/2021 17.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən mənzildən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehləri tanımır, onlarla heç bir qohumluq əlaqəsi yoxdur, cavabdehlər həmin mənzildə yaşamırlar. Cavabdehlərin həmin mənzildə pasport qeydiyyatında olmaları onun mülkiyyət hüquqlarını pozur. İddianın əsaslandığı hallardan da göründüyü kimi iddiaçı cavabdehlərin ona məxsus mənzildən istifadə hüququnun olmamasına istinad edərək onların istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılmani xahiş edir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ 25.09.2019-cu il tarixdə qeydə alınmışdır. Mənzildən istifadə hüququ mənzil mülkiyyətçisi ilə mənzildən istifadə edən şəxs arasında bağlanmış notarial qaydada təsdiq edilmiş razılaşma əsasında istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yolu ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri) və ya qanun əsasında, yəni mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvlərinin (ər (arvad), valideynlər və uşaqlar) əlavə razılaşma olmadan mənzildən istifadə hüququ əldə etməsi yolu ilə (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi) yarana bilər. İddiaçı isə bu əsaslardan hər hansı birinin mövcudluğuna istinad etməmişdir. Belə olan halda iddia tələbinin əsaslarından iddiaçının ümumiyyətlə cavabdehlərin istifadə hüququnun olmamasına istinad edərək iddianın təmin edilməsini xahiş etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçının iddiası cavabdehlərin ona məxsus mənzildən istifadə hüququnun olmaması ilə əsaslandırıldığından iddiaçı mülkiyyətində olan mənzilə pasport qeydiyyatına alınmış şəxslərin pasport qeydiyyatından çıxarılması barədə ərizəsinin təmin edilməsindən inzibati orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehlərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması tələbi ilə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmək, müraciət təmin edilmədiyi halda isə həmin orqana qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. İddiaçıya cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə inzibati orqan olan Gəncə şəhər Baş Polis İdarəsinə, bu tələb təmin edilmədikdə isə həmin orqana qarşı eyni tələbə dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2799/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2799/2021
17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver