Məhkəmə qərarları › İş №2(043)-28/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-28/2021

07.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-28/2021 07.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Əhaliyə Xidmət Şöbəsinin 4 saylı qəbristanlığına qarşı “zəbt olunmuş torpaq sahəsinin qiymətləndirilməsi və zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Əhaliyə Xidmət Şöbəsinin 4 saylı qəbristanlığına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonunun Qızılca kəndi ərazisində yerləşən 1,13 ha torpaq sahəsinin geriyə dönüşü olmadığını nəzərə alaraq cavabdehlər tərəfindən zəbt edilmiş həmin torpaq sahəsinin indiki bazar satış qiyməti ilə qiymətləndirilməsi və müəyyən edilmiş məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə Qızılca kənd sakinləri X3, İddiaçı, X2 və X1 ümumi paylı mülkiyyətlərinə 1.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Paylı mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair JN - 232 KOD 50807005 nömrəli Torpağın mülkiyyət hüququna aid Dövlət Aktı 02 aprel 1999-cu il tarixdə 6052 nömrə ilə dövlət qeydiyyata alınmışdır. Paylı mülkiyyətlərində olan 1.13 hektar torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və torpaq sahələrinin geriyə dönüşü olmayan vəziyyətə salınmışdır. Məlum məsələdir ki, torpaq sahəsini zəbtdən azad etmək mümkün deyil və onlarheç heç vaxt razı ola bilməz ki, torpaq sahələrində dəfn olunan vətəndaşların qəbir abidələri sökülərək ərazidən çıxarılsın. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-232 KOD 50807005 nömrəli aktın surətindən görünür ki, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə 1,13 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Xanlar (indiki Göygöl) rayonu, Qızılca kənd sakinləri X5, İddiaçı Qoçaq qızı, X4 və X1 mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 aprel 2020-ci il tarixli, **********70 nömrəli mütəxəssis rəyindən görünür ki, JN-232 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X5, İddiaçı Qoçaq qızı, X4 və X1 ümumi paylı mülkiyyətində olan 2 (iki) hissədən(232K-2339.00 kv.m və 232- 8923.05 kv.m) ibarət 1.13 ha pay torpaq sahəsinin 2-ci konturunda yerləşən 8923.05 kv.m torpaq sahəsinin bir hissəsi mübahisəli ərazi ilə (ərazidə mövcud olan qəbirstanlıq) naturada üst-üstə düşdüyü müəyyən olunmuşdur. İş materiallarında olan 30 noyabr 2020-ci il tarixli 10/3462 nömrəli ekspert rəyindən görünür ki, JN-232 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2 (iki) hissədən (232K-2339.00 kv.m və 232-8923.05 kv.m) ibarət 1.13 ha pay torpaq sahəsinin naturada yerləşmə mövqeyi, həmin Dövlət aktında göstərilmiş torpaq sahələrinin öz əksini tapdığı, Göygöl (Xanlar) rayonu Qızılca kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu planına əsasən müəyyən edildi. 21 fevral 2020-ci il tarixdə tərəflərindən ərazidə müəyyən edilmiş koordinatlara istinadən Torpağa mülkiyyət hüququna dair JN-232 saylı Dövlət Aktının 8923,05 kv.m hissəsinin 0,05 ha (500,00 kv.m) hissəsində faktiki olaraq qəbristanlıq olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyul 2021-ci il tarixli, 02/03 saylı Azərbaycan Respublikası Gəncə şəhəri "xxxx" MMC-nin məktubundan görünür ki, Göygöl rayon, Qızılca kəndinin ərazisində (Gəncə şəhər 4 saylı qəbirstanlığın yaxınlığında) yerləşən 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiyməti hazırda təxminən 90-110 (doxsanyüz on) manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin ikinci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-ci maddəsinə əsasən, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 nömrəli protokolunun, 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istinad olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Xanlar (indiki Göygöl) rayonu, Qızılca kənd sakinləri X5, İddiaçı Qoçaq qızı, X4 və X1 mülkiyyətlərinə 1,13 ha torpaq sahəsi verilmiş , torpaq sahəsi üzrə torpağa mülkiyyət hüququna dair JN-232 KOD 50807005 nömrəli dövlət aktı tərtib edilmişdir. İddiaçı ümumi mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsinin Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin əhaliyə xidmət şöbəsinin 4 saylı qəbirstanlığı tərəfindən zəbt edilmiş, qəbir abidələrinin salınması üçün müxtəlif şəxslərə paylandığını bildirərək, hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 1,13 ha torpaq sahəsinin 0,05 ha hissəsinin Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin əhaliyə xidmət şöbəsinin 4 saylı qəbirstanlığı tərəfindən zəbt edilərək, qəbir abidələrinin salınması üçün vətəndaşlara verilməsi ekspert rəyi ilə sübut olunmuşdur. Göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əhaliyə xidmət şöbəsinin 4 saylı qəbirstanlığı İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətlərinə verilmiş 1,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,05 ha hissəsini heç bir hüquqi əsaslar olmadan qəbir abidələrinin salınması üçün müxtəlif vətəndaşlara paylamış bunun müqabilində xidmət haqqı əldə etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu cür davranışı nəticəsində mülkiyyətçilərin qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Bundan əvvəl də qeyd olunduğu kimi mübahisəli torpaq sahəsi yerləşdiyi ərazidə 0,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiyməti 90- 110 manat müəyyən edilmişdir. Məhkəmə 0,01 ha torpaq sahəsinin orta bazar qiymətinin mütəxəssis rəyində göstərilən məbləğlərin ortası kimi 100 manatdan götürülməsini məqsədəmüvafiq hesab etmişdir. Belə olan halda İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 1,13 ha torpaq sahəsinin zəbt olunmuş 0,05 ha hissəsi 500 manat dəyərində qiymətləndirilməli, həmin məbləğ Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyindən alınaraq ümumi birgə mülkiyyətdə olan əmlakın bütün mülkiyyətçilərinin payları bərabər müəyyən edilməklə iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehlər qismində Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyini və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Əhaliyə Xidmət Şöbəsinin 4 saylı qəbristanlığını göstərsə də, hazırki iddia tələbinə yalnız Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi cavab verməlidir. Digər cavabdeh qismində Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bilavasitə tabeliyində olmuş Əhaliyə Xidmət Şöbəsinin 4 saylı qəbristanlığının hazırkı tələbə cavab verməsi zəruri deyildir. Buna görə də həmin cavabdehə münasibətdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyindən zəbt olunmuş 500 m2 torpaq sahəsinin əvəzində 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar