Məhkəmə qərarları › İş №2(043)-281/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-281/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-281/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı X2 və onun nümayəndəsi (vəkil) X9 və cavabdeh X4 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Gəncə şəhər ASAN Xidməti mərkəzində fəaliyyət göstərən X20, ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin və bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı X6 cavabdehlər Cavabdeh1, Gəncə şəhər ASAN Xidməti mərkəzində fəaliyyət göstərən X20, ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin və bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli 4Ə- 1911 №-li reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh1 adına Gəncə şəhəri, 3-cü mikrorayon ev 15, mənzil 70-ə dair verilmiş çıxarışın ləğv edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırışdır ki, o, 1968-1969-cu illərdə Aliminum zavodda lobarant vəzifəsinə işə düzəlmişdir və 2007-ci ilə kimi zavodda işləmişdir. O zavodda işlədiyindən Kirovabad şəhəri X17 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli qərarının 4 nömrəli protokolu ilə Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon ev 15, mənzil 70 154 nömrəli orderlə ona verilmişdir. xx.xx.1997-ci il tarixdə o sözügedən mənzili 16484 nömrəli qeydiyyat vəsiqəsi ilə adına özəlləşdirmişdir. O ailə həyatı qurmadığı üçün tək-tənha yaşayır. X15 tez-tez onun yanına gəlib ona baş çəkir. Bir gün Ramilə ona bildirmişdir ki, “mənim evim yoxdur xala xahiş edirəm evini mənim adıma keçirt mən köçüm sənin yanında qalım, sən qocalmısan özünü idarə edə bilmirsən, mən səninlə qalım, sənə həyan olum və ölənə kimi sənə baxım”. O da fikirləşmişdir ki, artıq qocalmışdır, özünü idarə edə bilmir, kimsə ona baxmalıdır. Elə Ramilə də bacısının qızıdır, özününküdür. Evi bağışlayım ona, o da köçüb gəlsin onun yanına və ölənə kimi ona həyan olsun, baxsın. Sonra, cavabdeh onu Gəncə şəhər “Asan Xidmət” Mərkəzinə aparmış sənədləri imzalatdırmışdır və onu evinə gətirib qoymuşdur. O cavabdehə bildirmişdir ki, artıq köçüb onun yanına gəlsin, o, isə hər gün ona demişdir ki “səbirli ol gələcəm”, o isə əvəzində cavabdehə bildirmişdir ki, özünü idarə edə bilmir, çörək-su ala bilmir, bunların hamısını qonşuları edir. O cavabdehə hər dəfə bunları bildirdik də ona “səbirli ol gəlib baxacam” demişdir. Bacısı qızı olduğu üçün o da inanmışdır. Bir neçə ay bundan öncə yenidən ona bildirmişdir ki, köçüb onun yanına gəlib ona baxsın və baxmırsa o evi satacaq. Cavabdeh isə ona cavabında onu söyərək təhqir etmiş və ona bildirmişdir ki, “sən kimsən ki, mən sənə baxım və sən kimsən ki, ev satırsan. Ev mənimdir, hələ allahına şükür et ki, səni orda yaşamağa qoyuram. Bir də mənə zəng edib desən ki, gəl mənə bax səni evdən iti qovan kimi qovacam”. O kimsəsiz bir vəziyyətdə qalmaqla, başqa şəxslərə möhtac qalmışdır. Onun hazırda qulluğa və yaşlı olduğundan daim müalicəyə ehtiyacı var. Bacısı qızı Ramilə ona baxmaq kimi üzərinə götürdüyü vəzifələrini, onun ziyanına kobudcasına pozduğu üçün o bağışlamadan imtina edib, bağışlama müqaviləsinin ləğvi edilməsini və bununla bağlı bacısı qızı Ramilənin adına verilmiş çıxarışın ləğv edilməsini istəyir. Bunun məhkəmədən kənar həlli qaydası olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbinə uyğun ifadə verərək bildirdi ki, 1968- 1969-cu illərdə Aliminum zavodda lobarant vəzifəsinə işə düzəlmişdir və 2007-ci ilə kimi zavodda işləmişdir. O zavodda işlədiyindən Kirovabad şəhəri X17 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli qərarının 4 nömrəli protokolu ilə Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon ev 15, 70 saylı mənzil ona verilmişdir. xx.xx.1997-ci il tarixdə o sözügedən mənzili 16484 nömrəli qeydiyyat vəsiqəsi ilə adına özəlləşdirmiş və o vaxtdan həmin ünvanda yaşayır. O ailə həyatı qurmadığı üçün tək yaşayır. X15 tez-tez onun yanına gəlib ona baş çəkir. Bacısı qızı Ramilə mənzili onun adına keçirtməyini istəmiş və bunun qarşılığında gəlib ona baxacağını bildirmişdir. O da yaşlı olduğundan baxıma ehtiyac duyduğundan razılaşmış və Gəncə şəhər “Asan Xidmət” Mərkəzinə gedərək evi bacısı qızı Ramilənin adına keçirtmişdir. Lakin, sonradan üstündən aylar keçmiş ancaq Ramilə gəlib baxmamışdır. Onu evinin əlindən almaqla hədə-qorxu gəlmişdir. Bacısı qızı Ramilə ona baxmaq kimi üzərinə götürdüyü vəzifələrini, onun ziyanına kobudcasına pozduğu üçün o bağışlamadan imtina edib, bağışlama müqaviləsinin ləğvi edilməsini və bununla bağlı bacısı qızı Ramilənin adına verilmiş çıxarışın ləğv edilməsini istəyir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi (vəkil) X9 iddiaçının dəlillərinə uyğun ifadə verərək, Cavabdeh1 İddiaçı baxması qarşılığında iddiaçını aldadıb evi öz adına keçirdərək mənimsəməsini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 ifadəsində bildirdi ki, iddia tələbi əsassızdır və onun dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı X6 onun xalasıdır və tək yaşadığından daim ona qulluq və diqqət göstərmiş, onun ehtiyaclarını qarşılamışdır. İddiaçı özü istəyinə uyğun olaraq heç bir şərt qoymadan özünə məxsus Gəncə şəhəri, 3-cü mikrorayon ev 15, mənzil 70-i ona bağışlamışdır. O, heç bir şərt olmasa da xalası olan iddiaçıya daim diqqət göstərmiş və onun qayğısına qalmaq istəyir və heç vaxt ona mənzildən çıxaracağını söyləməmişdir. Əksinə o xalasına qulluq etmək istəmiş, xalası bundan imtina etmiş və ona bildirmişdir ki, “sənin uşaqların var başıma səs düşür tək yaşamaq istəyirəm”. Bir müddət əvvəl digər qohumlar tərəfindən İddiaçı mənzilin bağışlanılmasının ləğv edilməsi barədə fikrini dəyişməsinə təsir etmişlər. O, məhkəmədən bağışlama müqaviləsinin hər hansı bir şərt olmadan bağlanılmasını, tərəfindən iddiaçıya qarşı yaxşı niyyətindən başqa pis rəftarın olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X22 ifadə verərək bildirdi ki, iddiaçı X6 ilə qonşudurlar. Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon bina 15-in 2-ci mərtəbəsində yaşayır. 5-ci mərtəbəsində isə Bahar yaşayır. Ramilənin isə ora gəlib-getdiyini görməmişdir. Məhkəmə iclasında şahid X29 ifadə verərək bildirdi ki, Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon bina 15-in 2-ci mərtəbəsində yaşayır. İddiaçı Bahar isə həmin binanın 5ci mərtəbəsində yaşayır. Baharı uşaqlıqdan tanıyır. Bütün işlərinin özü gördüyünü və Ramiləni orda görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid X14 ifadə verərək bildirdi ki, Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon bina 15 ilə qonşu binada yaşayır. Təqaüdçüdür və taksi fəaliyyəti ilə məşğul olur. O, İddiaçı sifarişi əsasında ehtiyacı olan ərzaqları alıb vermişdir. İddiaçı tək yaşadığını bilir. Məhkəmə iclasında şahid X11 ifadə verərək bildirdi ki, İddiaçı ilə 15 ildir qonşudurlar. Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon 15 saylı binanın qonşuluğundakı binada yaşayır. Baharın bütün ərzaq məhsullarını qonuşular və ya özü alır. İddiaçı yanında və ya mənzilində Ramiləni görməmişdir. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirdi ki, İddiaçı qonşuluğunda yaşayır və ona heç kim köməklik eləmir. Binanın giriş-çıxışını görməsə də yay aylarında parkda Bahar ilə oturan zaman başqa heç kəs görməmişdir. Məhkəmə iclasında şahid X12 ifadə verərək bildirdi ki, o bağçada müəllimə işləyir. İddiaçı X3 tanıyır. Cavabdeh X10 onun dayısı qızıdır. 2020-ci ilin noyabr ayında və bir də karantindan qabaq İddiaçı Ramilə gilin evində görmüşdür. Daha sonra Ramilə uşağı xəstə olduğu üçün 1 aylıq xaricə gedib-gəlmişdir. Onun eşitdiyi və bildiyinə görə Ramilə Bahara hər həftə dərman alıb aparmışdır. Hətta Ramilə ona tapşırmışdır ki, uşağı məktəbə o aparıb-gətirsin, o Bahara dərmən aparacaq. Uşaq 16 №-li tam orta məktəbə oxuyur. Bağışlama müqaviləsindən xəbəri var. Ramilə Baharın hər işinə gedib gəldiyi üçün Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon ev 15, 70 saylı mənzili Ramiləyə bağışlamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin 6 saylı mənzil istismar sahəsinin 240 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X16 Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon, bina 15, 70 saylı mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş X26 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********47 nömrəli məktubunda görünür ki, Kirovabad şəhəri X17 İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli qərarının 4 nömrəli protokolu ilə verilmiş 154 nömrəli order, Gəncə şəhəri Mənzil- İstismar Trestinin 6 saylı mənzil-istismar kontorunun xx.xx.1997-ci il tarixli 811 saylı arayışı, Gəncə şəhər Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1997-ci il tarixli 39 saylı qərarından çıxarışına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 15, 70 saylı mənzil (17.2 kvm bir yaşayış otağı, 20.2 kvm yardımçı sahə) İddiaçı adına özəlləşmişdir və ona xx.xx.1997-ci il tarixli,16484 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2017-ci il tarixli 4Ə-1911 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil X5 bağışlanmışdır və ona xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsindən görünür ki, X1 Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon, bina 15, 70 saylı mənzili X8 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X26 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X19 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon ev 15, 70 saylı mənzil X4 mülkiyyətindədir. İş materiallarında olan X26 Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********04-05101-093040 nömrəli Texniki Pasportdan görünür ki, Gəncə Şəhər Kəpəz Rayonu 3-cü mikrorayon ev 15, 70 saylı mənzil X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 673.1-ci maddəsinin tələblərinə görə hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Bağışlamanın ləğvi ilə bağlı məsələləri tənzimləyən 674-cü maddə müəyyən edir ki, bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan yalnız iki halda ləğv edilir: bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilir ki, “MM-in 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Daha sonra Qərarda qeyd olunmuşdur ki, “Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Eyni Məcəllənin 82.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, ev 15, 17.2 kvm bir yaşayış otağı, 20.2 kvm yardımçı sahəsi olan 70 saylı mənzili bacısı qızı olan Cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş notarial qaydada təsdiq edilmiş, həmin müqavilədə hər hansı şərtlər müəyyən edilməmiş, tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu izah edilmişdir. Həmin müqavilənin tərəfi bağışlayan İddiaçı, hədiyyə alan isə onun bacısı qızı olan Cavabdeh1dır, iddiaçı hazırki iş üzrə bağışlama müqaviləsinin tərəfi olan hədiyyəni alan şəxs tərəfindən aldadıldığına və müqavilənin şərtlə bağlanıldığına isnad edərək, həmin bağışlama müqaviləsinin və onun əsasında cavabdehin adına verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilməsini xahiş etmişdir. Hazırki tələb ilə iddiaçı müvafiq bağışlama müqaviləsinin onun hüquqlarını pozduğunu iddia edərək müqaviləni və onun əsasında cavabdehin adına verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilməsini xahiş etmişdir. Halbuki mülki qanunvericiliyin tələblərindən görünür ki, bağışlama müqaviləsinin ləğv edilməsinə hər hansı bir əsas mövcud deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh1 tərəfindən aldadılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və bu fakt məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Bununla yanaşı müqavilə tərəfinin aldadılması müqavilənin etibarsızlığı üçün əsas olsa da, hazırki mülki iş üzrə bağışlama müqavilərinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar da müəyyən edilməmişdir. Bağışlama müqaviləsindən imtinaya səbəb ola biləcək mülki qanunvericilikdə təsbit edilmiş hallar hazırki mülki iş üzrə müəyyən edilməmişdir. Belə ki, hədiyyə alan Cavabdeh1, hədiyyə verən-İddiaçı, həmçinin onun yaxın qohumlarının barəsində ağır cinayət törətməmiş; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmamışdır, bağışlama müqaviləsində hər hansı öhdəlik müəyyən edilmədiyi üçün bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədiyi müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Gəncə şəhər ASAN Xidməti mərkəzində fəaliyyət göstərən X20, ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin və bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Gəncə şəhər ASAN Xidməti mərkəzində fəaliyyət göstərən X20, ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin və bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar